Kəlbəcərin işğalının 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.


"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Mətbuat Mərkəzində kəlbəcərli ziyalıların, məktəbli və tələbə-gənclərin iştirakı ilə anım tədbiri keçirildi. Tədbir iştirakçıları öncə Şəhidlər xiyabanını ziyarət etdilər.


Toplantını açan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirdi ki, Kəlbəcərin işğalına səbəb bir neçə amil olub, ötən illər ərzində bunlar dəfələrlə müzakirə edilib: “Əsas səbəb isə ondan ibarət idi ki, strateji cəhətdən çox əhəmiyyətli olan Kəlbəcər coğrafi mövqe etibarilə Ermənistan və Dağlıq Qarabağ arasında yerləşən səddir. Sahəsi 174 min hektara çatan ərazidən əhali köçürüldükdən, 150-yə yaxın kənd tamamilə boşaldıldıqdan sonra ermənilər heç bir müqavimətə rast gəlmədən orada sərbəst qaydada məskunlaşmalı və bununla da Ermənistanla Dağlıq Qarabağ qovuşmalı idi. Bununla da Ermənistan DQMV-ni o vaxt ələ keçirmiş olurdu”. Kəlbəcərin işğalından ötən müddət ərzində o yerlərdən perik düşmüş insanların istər məskunlaşmalarında, istərsə də sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət tədbirlərinin silsilə xarakter daşımasını bildirən H. Misirov onu da vurğuladı ki, problemlərin həlli üçün bütün imkanlardan istifadə edilir. Ən əsası odur ki, məcburi köçkünlərimiz çadır düşərgələrindən, dəmir evciklərdən, fin tipli qəsəbələrdən, yük vaqonlarından yeni evlərə və çoxmərtəbəli yaşayış binalarına köçürülüblər: “Dədə Şəmşirin yurdu olan Ağdaban kəndinin ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq, mart ayının 31-dən aprelin 2-dək tamamilə işğal edildi. Təkcə bu işğal nəticəsində 511 nəfər şəhid oldu, 321 kəlbəcərli isə itkin düşdü, yaxud girov aparıldı, yüzlərlə qoca, uşaq əlil-şikəstə çevrildi”.














“Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov müvəqqəti də olsa itirilmiş, erməni silahlı qüvvələri tərəfindən zəbt eilmiş ərazilərin o zaman müdafiəsində qəhrəmancasına döyüşərək şəhid olmuş igidlərimizin unudulmaması istiqamətində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin həyata keçirdiyi layihələrin mahiyyəttindən söz açdı. Bu layihələrin vətənpərvərlik duyğularının aşılanmasında, o yerlərin tarixinin öyrənilməsi və yaddaşlara yazılmasında mühüm əhəmiyyətini qeyd etdi: “Kəlbəcərin faktiki əlimizdə olmamasına baxmayaraq, biz o yerləri görməyən kəlbəcərlilərə tanıtmalıyıq. Bu isə təbliğat vasitəsilə mümkündür. Məsələn, Rəşad Abdullayevi nümunə çəkərdim. Kalbajar.com saytını yaratmaqla o, kifayət qədər təbliğat işi görüb. Bu gün isə o, uzun illər Kəlbəcərdə çıxmış, sonralar nəşrini dayandırmış “Yenilik-Press” qəzetinin yenidən buraxılmasında baş redaktor kimi xüsusi fəallıq göstərir. Eləcə də yaxşı olardı ki, Kəlbəcərin müdafiəsində qəhrəmanlıq göstərmiş Kərimov Ülfət Ələkbər oğlu kimi igidlərimizin fəxri ada layiq görülməsi istiqamətində də müəyyən işlər görülsün. Bunu da biz etməliyik. Tədbir iştirakçıları əlaqədar təşkilatlara müraciət etsin. Çünki, Ülfət Kərimovun Ağdabanda qəhrəmanlıqla döyüşərək şəhid olmamışdan düşmənə ağır zərbələr endirməsi faktlarla sübut olunub. Belə qəhrəmanlarımıza laqeydlik göstərməməliyik”. Filologiya üzrə fəlsəfə doktorlarından şair Adil Cəmil, İlham Məmmədli, Kəlbəcərin istər mədəni, istərsə də şəhidlik tarixi barədə 30-dək kitabın müəllifi, “Azərbaycan” qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu, ağsaqqal ziyalılardan Əli Uluxanlı, Ağdabanda dünyaya göz açmış şəhid ailəsinin üzvü, Dədə Şəmşirin nəvəsi Cabir Qurbanov, gənc təbliğatçılardan Niyazi Hüseynov və digərləri belə tədbirlərin vacibliyini dilə gətirdilər. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin layihələr departamentinin rəhbəri, Kəlbəcər 23 nömrəli tam orta məktəbin direktoru Həqiqət Şükürova isə xüsusi olaraq vurğuladı ki, gənc nəslin işğal altında qalan torpaqların tarixi, mədəniyyəti, təbii sərvətləri, coğrafi və strateji əhəmiyyəti haqqında məlumatlandırılması vacib məsələdir. Çünki sosial mediada düşmən bütün bu faktları özününküləşdirməkdə davam edir: “Buna görə də bizim rayonun ümumtəhsil məktəblərində son iki il ərzində keçirdiyimiz tədbirlər nəticəsində xeyli işlər görülüb, neçə-neçə istedadlı gənclərimizi respublika miqyasında tanıtmağa müvəffəq olmuşuq. Ən yüksək balla ali məktəblərə qəbul olunan tələbələrlə görüşlər keçirilir, onların ödənişli təhsildə oxuyanlarına“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi dəstəyini əsirgəmir”. 1993-cü il aprel ayının 2-dən Azərbaycanın 56 rayonunun 700-dən artıq yaşayış məntəqəsində müvəqqəti məskunlaşan kəlbəcərlilər heç vaxt sosial-məişət problemlərini qabartmayıb. Çünki yüksək səsçoxluğu ilə Milli Məclisin deputatı seçdikləri Cavid Qurbanov dövlət başçısının tövsiyə xarakterli tapşırıqlarına əsasən, daim onların şəraiti ilə maraqlanıb və məsələlər yerindəcə öz həllini tapıb. Ona görə də kəlbəcərlilər dövlətə və onun başçısına sədaqətləri ilə daim seçiliblər. Müəyyən antiazərbaycançı şəbəkənin ünsürlərinə layiqli cavabları ilə də diqqət çəkiblər.






Daha bir dilək də bu arzulara qovuşdu: doğulduğu Şaplar kəndində doğmalarının müqəddəs məzarlarını ziyarət etmək üçün Kəlbəcərə gedən, lakin azğın və amansız erməni vandalları - silahlı quldurlar tərəfindən girov götürülərək hələ də zülm və işgəncələrə məruz qalan Dilqəm Əhmədovla Şahbaz Quliyev tezliklə azadlığa buraxılaydı... Məhəmməd NƏRİMANOĞLU, “Azərbaycan” 


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev