Kəlbəcərin işğal günü Serbiyada anıldı - FOTO

Bu gün Azərbaycanın Serbiyadakı səfirliyində Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının iyirmi altıncı ildönümü ilə bağlı anma mərasimi keçirilib.
Kalbajar.com Modern.az -a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, səfirliyin əməkdaşları, eləcə də burada çalışan, təhsil alan azərbaycanlılar iştirak edib.
Səfir Eldar Həsənov çıxış edərək bildirib ki, 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri və onların havadarları tərəfindən işğalı zamanı dinc əhaliyə vəhşicəsinə divan tutulub, onlar min illər boyu yaşadıqları ata-baba torpağından silah gücünə qovularaq didərgin salınıb. İşğal zamanı 511 nəfər şəhid olub, yüzlərlə insan girov götürülüb. Əsir düşmə təhlükəsi ilə üzləşən yetmişə yaxın qadın və gənc qız özlərini sıldırım qayalardan ataraq intihar etmişlər.
Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyü olan Kəlbəcərin işğal nəticəsində qədim və zəngin mədəni irsi, rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin qədim tarixi olan mədəniyyət abidələri, rayonun tarixi incilərindən olan böyük bir muzey, "İstisu" sanatoriyası və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən ağır artilleriya, Mi24 helikopterləri və hərbi təyyarələr vasitəsilə xarabazara çevrilib.
Bu gün isə 1936 kvadrat kilometr ərazisi olan Kəlbəcərin 70 minə yaxın əhalisi respublikanın 59 rayonunun 707 yaşayış məntəqəsində köçkün həyatı yaşayır. Kəlbəcər rayonu qərbdə Ermənistan, şimalda Daşkəsən, Xanlar, Goranboy, şimal-şərqdə Tərtər, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var idi. Ən iri yaşayış məntəqələri Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, Başlıbel, Zəylik, Zar, Qılınclı və Zülfüqarlı kəndləridir. İşğal vaxtı rayonda 11 mədəniyyət evi, 35 klub, 65 kitabxana, 20 kinoqurğu, 3 məktəbəqədər müəssisə, 8 ibtidai, 43 səkkizillik, 40 orta məktəb, 9 xəstəxana, 30 tibb məntəqəsi, sanitariya-epidemioloji stansiya, məişət xidməti kombinatı, yerli radio verilişləri stansiyası, 5000 yerlik stadion və Şahmat idman məktəbi fəaliyyət göstərib.
Kəlbəcər işğal olunana qədər rayonda sənaye müəssisələri - İstisu mineral sudoldurma zavodu, Şorbulaq Civə zavodu, «Aqrotikinti» birliyi, Kənd tikinti tresti, 27,61,93,51 saylı yol idarələri fəaliyyət göstərib. Kəlbəcər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı (maldarlıq, meyvəçilik, tütünçülük və arıçılıq) təşkil edib. Rayonda 31 kolxoz, 2 sovxoz fəaliyyət göstərib. Hər il min tonlarla müxtəlif kənd təsərrüfatı məhsulları (ət, süd, yun, tütün, bal) istehsal olunurdu. Respublikanın 21 rayonunun 3 milyon baş qoyun-quzusu və 100 min baş mal-qarası yay aylarında Kəlbəcər yaylaqlarında bəslənirdi. Kəlbəcər rayonu strateji iqtisadi-coğrafi mövqeyi ilə fərqlənir. Kəlbəcərin təbii sərvətləri qızıl, civə və mis yataqlarından alınan gəlir respublikamızın heç bir rayonu ilə müqayisə edilə bilməzdi.
Qeyd edilmişdir ki, Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti olmuş və bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi müvəqqəti də olsa başa çatmışdır. Bildirilmişdir ki, hal hazırda Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir, lakin bütün bunlar birmənalı olaraq müvəqqəti xarakter daşıyır.
Səfir, həmçinin, Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası tərəindən bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb edən 822 saylı Qətnamə qəbul edildiyini, lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəliyin Ermənistan tərəfindən yerinə yetirilmədiyini vurğulayıb. Sonradan BMT Təhlükəsizlik Şurası tərəfindən Ağdam rayonunun azad edilməsi ilə bağlı 854, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874 və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884 saylı qətnamələr qəbul edildiyini, lakin həmin qətnamələr kağız parçası olaraq qaldığını bildirib.
Sonda Səfir Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının müvəqqəti xarakter daşığını, davamlı və uzunmüddətli sülhə nail olunmasının yeganə yolunun Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılmalı, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməli olduğunu söyləyib. Bu baş tutmayacağı təqdirdə müasir hərbi texnikaya, ciddi potensiala, yüksək milli ruha malik peşəkar Azərbaycan ordusunun gücü və xalqımızın yaxın dəstəyi ilə tarixi torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliyini vurğulayıb.
Kəlbəcərin işğalı ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatı Serbiyanın dövlət və hökumət orqanlarına, parlament üzvlərinə, qeyri-hökumət təşkilatlarına, Belqradda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib.