Kənan Qubadzadə: 'Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsaitin həcmi mütəma
“... gənclər siyasətinin uğurla icrasının təcəssümüdür”
Kənan Qubadzadə : “Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsaitin həcmi mütəmadi olaraq artırılır”

Məlum olduğu kimi, dekabrın 15-də Bakıda Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işini başa çatdırıb. Konfransın bağlanış mərasimində iştirak edən Milli Məclisin (MM) deputatı Şahin İsmayilov deyib ki, münaqişələrə son qoymaq lazımdır, çünki münaqişə zonalarında təhsillə məşğul olmaq imkanı məhdud olur. Onun sözlərinə görə, gələcək nəsillər naminə hüquq və maraqların qorunması və təşviq edilməsi hər kəsin məqsədinə çevrilməlidir:
“Alternativ enerjidən istifadə etmək üçün yaxşı qanunların qəbul edilməsi vacibdir”.
Parlamentlərarası İttifaqın Gənclər Forumunun sədri Mourine Osoru təhsilin hamı üçün əlçatan, pulsuz olmasının vacibliyini qeyd edib: “Təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının vacibdir”.
Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransının əhəmiyyəti barədə danışan Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün ölkədə gənclər siyasəti günü-gündən inkişaf edir. Gənclər siyasətinin inkişaf etməsinin səbəblərindən biri Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətlə bağlıdır: “Sevindirici haldır ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin aparıcı qüvvələrindən biridir. Azərbaycan gəncləri parlamentdə də önəmli mövqelərə malikdirlər. Azərbaycan gəncləri bu gün tək ölkədə deyil, xarici ölkələrdə də öz sözünü deyir. Azərbaycan gəncləri Avropa Şurası, BMT, Avropa İttifaqı və 30-dan çox beynəlxalq, humanitar təşkilatda təmsil olunurlar.

Elə buna görə bu günlərdə ölkəmizdə Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı keçirilib. Konfransda bir sıra məsələlərə toxunulub. O cümlədən, Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsaitin həcminin artırılıması barədə danışılıb. Məlumdur ki, dövlət tərəfindən gənc sahibkarlara dəstək göstərilir. Onlara öz işlərini qurmaq üçün hər bir şərait yaradılır. Eyni zamanda, bu gün ölkədə çoxlu sayda gənclər mərkəzi yaradılıb”.
K.Qubadzadə onu da vurğuladı ki, ölkəmizdə Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransının keçirilməsi gənclər siyasətinin uğurla icrasının təcəssümüdür. Bu kimi beynəlxalq konfransların ölkəmizdə keçirilməsi gənclərin üzərinə daha böyük məsuliyyət qoyur.