Məmməd Aslanın ən SON ŞEİRLƏRİ



Müasir Azərbaycan poeziyasının ən tanınmış imzalarından biri şair Məmməd Aslan olmuşdur. Poeziyasında hər zaman dilə, vətənə, millətə sevgini, söy-kökə bağlılığı aşılayan şair ən son şeirlərində də bu ənənəsinə sadiq qalıb. 

Məmməd Aslan 23 sentyabr 2015-ci ildə haqqın dərgahına qovuşmuşdur.

Kalbajar.com mərhum şairimiz Məmməd Aslanın son şeirlərin təqdim edir.

SON NAZLAMA (Əngin şair Yahya Kəmal Bəyatlıya) Dünyanın nə gözəl yazıymış, Allah! Nazlı bənövşələr saplaq üstündə... Aləm öz kefində: quş da, böcək də; Demə ki: mən yoxam bir dağ üstündə. Hər təpə bir qoyun, mən çoban idim; Yerə də, göyə də pasiban idim! Mən hardan bilərdim: haracan idim?! Boy atıb bitmişdim torpaq üstündə. Palıd ocağında yanan közlərdim; Murovu canımdan çox əzizlərdim!.. Axşamdan-səhərə sübhü gözlərdim: Bir şeh damlasıtək yarpaq üstündə. Dağdan-dağa qonmaq ömürlük peşəm: Hər zirvə sirrinə aşiyan quşam! Şahlar görmədiyi gün keçirmişəm: Bir daxma altında, çardaq üstündə. Bu, son gözgörüşü; bu, son nazlama; İstər sızla, könül; istər sızlama!.. Səda verməz sazın, bir də sazlama; Qismətin qalmadı bulaq üstündə. Çıxar qönçəsindən söz birər-birər; Hər kəs əkdiyini aqibət dərər. Pərvaz qanadlardan tərlanlar törər: Nəsil qaymaq tutar ocaq üstündə. Baxma hər yazdığım dastan olmadı; Qəlbim toy-düyündən, yasdan olmadı... Qəm etmə ki: Məmməd Aslan olmadı; Axtarsan, taparsan varaq üstündə. 19 aprel 2015. Xırdalan (Bakı). **** Kənardan baxana döyüş asan gələr İndi əyalətlərdən gənclər şeir sevdası ilə Bakıya dəstə-dəstə tökülüşüb gəlir. Allah xeyrə calasın. Gənclik dəstə-dəstə şeirə gəlməz; Toplaşıb əkinə-biçinə gələr. İşindən-gücündən baş çıxardası – Qandığı bir toplum içinə gələr. Allah verməyibsə, bəndə də verməz; İstər arxada ol, öndə də ... verməz!.. Yaxında, uzaqda, gendə də verməz!.. Şair ancaq ilham gücünə gələr! Şeir şairlərin xəyal ölkəsi! Bir dodaqdan qopan bir soyun səsi! Şeir şeirdirsə, qızıl külçəsi! – Yığışıb ərənlər köçünə gələr! Təklikdən dikələr ən böyük hünər! Şair təkbaşına artar, güvənər!.. Dalğa-dalğa gələn, sahildən dönər; Təmkinsiz söz kimin vecinə gələr?! Kağız arxac deyil!; söz qalaq-qalaq... İtirir yönünü daha yol-yolaq. Nə yazırsa-yazsın, hər şeydən qabaq; Şairlik qələmin ucuna gələr!... Haqqı bəsirətlə nəzm etməyənlər; Aşılası dağı əzm etməyənlər; Sözü gərəyincə həzm etməyənlər Görərsən: çeçinə-çeçinə gələr... Şairlik ibrətdir, sözün hasili! İbrət kəlamları göydən asılı! Şairlik bir uca Ruhun Rəsulu! Bir sirli aləmin tacına gələr! 06.05.2015. Xırdalan (Bakı). **** QAZİ GÜLXANƏ PAŞA Buludlar kişnədi, ildırım çaxdı, Sanasan dağları göy yıxacaqdı!.. Yubanma ömrümə, Qazi Gülxanə, Cərrah bıçağını sıyırma vaxtı!!! Xəstəlik ölümün birər əsgəri; Birlərdən törəyir zülmün ləşkəri. Sən meydana çıx ki, Qazi Gülxanə: Ölümün nəfəsi çəkilsin geri! Tapdı mincə Qazi nicatı burda, Qurtuldu yenidən həyatı burda! Şairə, yazara ömür bəxş etdi..! Nura dəyişirlər zülməti burda. Gülxanə: Rəhmani ordunun başı! Fəryada, zillətə, ölümə qarşı! Ulu dərgahına pənah gətirdim: Məni bu zülmətdən sabaha daşı! Tibbin və Qazinin müştərək bürcü! Gülxanə bıçağı – həyat ülgücü! Yüz ildən artıqdır aləmə bəlli: Cərrah bıçağında kamalın gücü! Gülxanədə gül yox, gül həkimlər var! Yıxılma, yıxılsan, gör ki kimlər var! Gələni ümidli, gedəni rahat; Sevinc ortamında təlatümlər var! Sən Türkün fəxrisən, fəxarətisən! Bir soyun şahlanmış kəramətisən! Sən haqqın fərahı, sağlıq neməti; Millətin ziqiymət bir sərvətisən1 Həyat qovğasında hər dəfə Qazi, Sən Haqqından razı, Haqq səndən razı! Bir nurlu məşəlsən məğrur əllərdə; Fəthin təzələnir hər həftə azı! 01 mart 2015. Ankara (Gülxanə Əsgəri Tibb Akademiyası) *** Bu da ki belə... Bu bostanı necə əkib-becərim?! Yağışı quruyub, su da ki belə... Kasadlıq afətdir; nə fərqi varmış: Ya muşovul yesin, ya da ki belə... Kotan nədi, fil qaldırar bu qırğı! Heç nədən yarılır dağların bağrı... Kor quyudan nə səs bitər, nə qarğı: Dibində boğulub səda ki belə... Laxlamış bir iman sağ qala, qalmaz! Pozulmuş o hörmət saqqala qalmaz! Bir budaq ucunda çaqqala qalmaz; Nəylə gəlir-gəlsin qada ki belə... Bu qaçqınlıq hardan soya, nəsilə?!. Axşam nəslə gəlir, səhər nəs ilə. Qorxuram bu torpaq şoran kəsilə: Göz yaşıyla doyur cada ki belə... Sultanheydər zirvədəki pir idi! Ağrıyla üzbəüz, qəlbi bir idi!.. Keytidağda “Qu gölü”müz qurudu; O göl qudan getdi; qu da ki belə... Qaneyəm dünyanın azı-çoxuyla; Uyuşum tapaydım, ey, kaş yuxuyla; Aradım səbrimi “Yahu-Yahu!”yla, Qəzəbnak olmayıb Xuda ki belə... Hər açan çiçəklə bir bahar şəndim; Bir qom bənövşəyə can dəyişərdim... Ömrümün boyunu ölçdüm; üşəndim: İndidən düşmürəm ya da ki belə... Belə xor baxmazdı bəndə Allaha: Ulduzlar daş kimi qorxuram yağa... Bu ormanda palıd bitməz bir daha: Hindilər tumunu uda ki belə!.. Bu mövzu ağlıma gəldi ha sondan; Dadanmışdım: qoşma yazam asandan. Sonunu gözləmə Məmməd Aslandan!.. Yetər bu qədəri!... Bu da ki: Belə!!! *** Qayadan qumacan Dağın ayağından asılar daşlar; Belə mənzil kəsər daş ağır-ağır... Tükənmək bilməz ki, çılğın savaşlar; Daşlaşmış canlardan kövrəklik yağır. Soyumun daşını döşümə döydüm, Döyə bilmədimsə, kimə nə borcu?! Qayaya kök atıb, daşda böyüdüm; Daş-daşla qovuşsa, daş – qala bürcü! Çiyninə baş əysək bir-birimizin; O daş yasdıq olar, baş yarmaz daha! Boğmaz işığını gecə gündüzün; Sağ-salamat çıxar axşam sabaha!.. Bir soy ki bir daşa baş qoysa əgər, O daş millət üçün səcdəgah olar! Kök özünü sevsə, Haqq onu sevər! Bir soyun ayarı tam agah olar. Qaya sədası var başın yasında: Baş, daşın üstündə heykələ dönər! Orxon-Yeniseyin daş-qayasında Hələ Türklüyümün nəbzi döyünər. 14 yanvar 2014. Bakı. *** Uçub getdi o günlər ki... (Hümmət müəllim Məşədihəsənliyə) Ömrü tülək tərlan ömrüydü onun: Fəzada dövr etdi, fəzada getdi. Gah Sultanheydərdə, Quş yuvasında: Ha yana üz tutdu, azada getdi. Qocalıq ölümdən betərmiş demə; Ömür hardan-hara yetərmiş demə!.. Əkdiyin-biçdiyin itərmiş demə; Getdi o nemət də, urza da getdi. Bu gəldi-getdi nə, bu qovğa nədi?! Nədən daşıb-törər bu işin bədi?! Saxsağan daşıdı, muşovul yedi; Nələr kimə çatdı, nə zada getdi?! İki ombabaşı birdən zay olsa, İki qüdrət birdən heçə sayılsa; “Platin” qızıldan hətta yey olsa, İki qanad bir cüt əzada getdi... Qəza – qəza üstən: qoymur göz açam! “Dəmir-dümür” oldu üst-üstə qılçam... Mən quş yarandım ki: göylərdə uçam; Bir canım neçə yol qəzada getdi...”. Qınayır fağırı ağzı göyçəklər: “... Zərə dəmir” – demə, nə deyəcəklər?!” Qartalın dərdini duymaz böcəklər; Məna toxumada, əzada getdi...

09.03.2015. Bakı. *** Ürəyə ismarıc Cənnət Dəlidağda böyütdüm səni: Çeşmələr başında, güllər içində. Ulular ruhundan fışqırıb gələn Bayatı mayalı dillər içində. Çəmini tez qurdum ərşi-fələklə; Pərvazın uyuşdu göydə mələklə; Köksünə sığmayan bir dağ ürəklə Necə bəxtəvərdim ellər içində. Mənim dolub-daşan nəfəsim idin; Ləşkərlər pozmağa sən bəsim idin! Dünyam batar olasa, qəvvasım idin; Naçar qoyma məni yollar içində... 13.05.2015. Xırdalan (Bakı). **** Rübailər: Düşünmə: səninlə ta bitdi dünya; İnsansız xaraba tabutdu dünya. Cındırlı pir gördüm yol kənarında; Qoynu-qoltuğuyla yaqutdu dünya! Bu dağın o üzündən yaz gəlməz; O yaza qoşulub ötkəm yaz gəlməz. Nə vaxtadək ərş üzündən baxacaq?! Laçınqaya çimçəşməsə, səs gəlməz!... *** “Səhəri kim açır” kitabıma bir avtoqraf Bəxtəvər başına uşaqlığımızın! Ardınca ox çatmaz o şuxluğumuzun! Hərəmiz bir dağın Məcnunu olduq: Bəxtəvər başına aşıqlığımızın... O dağlardan nə səs gələr, nə səda; Dəlidağdan yüz il tufan əssə də. Laçınqaya, Xor-xor bulaq, Göydərə: Dağ ərənlər uça Sultanheydərə! Nə zamandı gur leysana həsrətik! Yer əyirə buludları bükdərə! Bu büsatı bir də görək, inşallah! Göydə görək, yerdə görək, inşallah! 8 may 2015. Xırdalan (Bakı).

#Şair #Şeir #MəmmədAslan

15 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev