Mayor Mirzə Atakişiyev ermənilərlə təkbətək döyüşdə şəhid olsa da, yağılara qalib gəlmişdi...


"Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır."


Atakişiyev Mirzə Şükür oğlu 10 oktyabr 1949-cu ildə ziyalı ailəsində anadan olmuşdu. Uşaq yaşlarından əvvəlcə sevimli anasını, onun ardınca isə atasını itirmişdi. Kəlbəcər 1 №-li orta məktəbini bitirib ali məktəbə qəbul olmuşdu. Azərbaycan Neft və Kimya akademiyasının III kursundan əsgəri xidmətə çağrılmışdı. Həştərxanda üç illik əsgəri xidməti bitirdikdən sonra Ufa hərbi akademiyasını əla qiymətlərlə bitirib doğma Azərbaycanına dönmüşdü. Ailə qurmuşdu və dörd övlad atası idi.

29 iyul 1992-ci il idi. Sübh tezdən mayor Mirzə Atakişiyev Ağdamın Papravənd kəndində yerləşən islah-əmək düşərgəsinin ətrafını nəzərdən keçirirdi. Hər tərəf qatı sıx dumana bürünmüşdü. Ömrü boyu dağlarda böyüyən mayor səmanın aydınlığından, havanın quru olmasından bunun adi duman olmadığını duydu. Diqqətlə ətrafı peşəkar hərbçi baxışları ilə yoxlamağa başladı. Bu zaman dumanın içi ilə düşərgəyə doğru irəliləyən erməniləri gördü. Cəld məhbuslar yatan barakın qapısını açıb əmr etdi:

-Uşaqlar, qalxın! Kim bacarırsa Ağdama tərəf qaçıb, canını qurtarsın. Ermənilər düşərgənin ərazisinə soxulublar. Mən onların qarşısını saxlayacağam-yatmış məhbuslar yerlə-rindən dik atıldılar. Geyinməyə macalları hardaydı ki, elə yataq paltarında bayıra yüyürdülər. Mayor Mirzə Atakişiyev seyfi açdı. Tələsdiyindən açar-qıfılı da cibinə qoydu. Seyfdəki sənədlər olan qovluqları götürdü. Vur-tut iki avtomatları var idi. Birini çiyninə saldı, ikincisini sağ əlinə alıb şəhadət barmağını tətiyin üstünə qoydu və çölə tullandı. Artıq ermənilər lap yaxında idi. Məhbuslardan biri həyətdəki maşına tərəf yüyürdü. Kabinanın qapısını açıb minmək istərkən düşmən gülləsi onu qabaqladı.


-Uşaqlar, tez taxılın içinə girin!-deyə, Mirzə müəllim məhbuslara yol göstərdi, özü də taxılın içinə girib mövqe seçdi və barmağını tətiyə sıxdı. Avtomat şaqqıldadı və ilk öndə gələn ermənilər yerə sərildilər. Düşmən çaşdı. Axı müqavimətə rast gələcəklərinə ümid etmirdilər. Çünki düşərgənin mühafizə dəstəsinin olmadığını dəqiq bilirdilər. Qabaqda gedən ermənilərin vurulması düşmənin irəliləməsini ləngitdi və məhbusların taxılın içərisinə girib gizlənməsinə, qaçmasına şərait yaratdı.

-Mirzə müəllim, qaçın!-deyə, məhbusun biri onu çağırdı.


-Bu alçaqların qarşısından nə vaxta qədər qaçacağıq?!-deyərək, Mirzə müəllim avtomatı əlində bərk-bərk sıxdı. Yaralı məhbus da sürünüb taxılın içinə girmişdi və ondan bir qədər aralıda yıxılıb qalmışdı. Yarım saat təkbətək düşmənlə döyüşdü. Ermənilərin irəliləməsinə imkan vermirdi. Artıq məhbuslar taxılın içi ilə qaçaraq ölümdən uzaqlaşmışdılar. Bu vaxt Ağdərədən Ağdama tərəf uçan raketləri gördülər. Ani olaraq Şahbulaqda qalmış dörd körpəsi gözlərinin önündə canlandı-Görəsən raketlər haraya düşdülər-deyə, xəyalından keçirdi. Təhlükəsizliyini unudaraq başını azacıq qaldırıb Şahbulağa tərəf boylandı. Bayaqdan hədəfini axtaran düşmən snayperi onu tapdı və sevindi. Snayper şaqqıldadı və mayor Mirzə Atakişiyevin 42 yaşlı ömrünə nöqtə qoydu...

Ermənilər taxıl zəmisini ələk-fələk etdilər. Nə yaralı məhbusu, nə də cəsur mayorın cəsədini tapa bilmədilər. Bu vaxt Ağdama qaçan məhbuslar şəhərə hay salmışdılar. Xalq Cəbhəsinin sədri A.Bağırovun rəhbərliyi ilə Ağdam döyüşçüləri haraya gəldilər. Lakin artıq gec idi. Düşmən düşərgənin mal-qarasını, qoyun sürüsünü götürüb aparmışdı.

Altı saatlıq axtarışdan sonra yaralı məhbusu və mayor M.Atakişiyevin cəsədini tapdılar. Avtomat sinəsində, yarıoturaq vəziyyətdə barmağı tətiyə sıxılıb qalmışdı. Açıq qalmış gözləri sevdiyi Vətənin göylərinə dikilmişdi. Qoltuğundan yana sürüşən sənədlər qana bulanmışdı. Ətrafında xeyli boş gilizlər səpələnmişdi. Ermənilər onun cəsədini tapmaq üçün ətrafını axtarmışdılar. Lakin taxıl sünbülləri baş-başa verərək yaralı məhbusu və şəhid olmuş mayoru gizlətmişi...


Mayor Mirzə Atakişiyevin cənazəsini məhbuslar çiyinlərində daşıdılar. O heç vaxt tabeliyində olan insanları incitməmişdi. Məhbuslara da daima hörmətlə yanaşmışdı. Məhbuslar da öz növbələrində onu sevir və hörmət edirdilər. Elə bu qarşılıqlı hörmətdən irəli gəlirdi ki, məhbuslar onları ölümün pəncəsindən xilas edən mayor M.Atakişiyevin dəfnində iştirak etməyi və onu son mənzilə yola salmağı özlərinin mənəvi borcu bilərək Şahbulağa gəlmişdilər. Şahbulaq şəhidlər xiyabanı igid Kəlbəcər oğlunu 29 iyul 1992-ci ildə öz ağuşuna aldı...

Atasının yolunu davam etmək üçün oğlu İlqar və Məzahir Naxçıvanski adına hərbi liseyə qəbul oldular, sonra isə Hərbi akademiyada təhsil alıb orduda xidmət etməyə başladılar. İlqar Atakişiyev kapitan, Məzahir Atakişiyev polkovnik-leytenant kimi fəaliyyət göstərirlər.

Mirvari Verdiyeva

ADPU-nun dosenti, fəlsəfə doktoru

#Şəhidlər

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev