Millət vəkili Aqil Məmmədov kəlbəcərli gənclərlə görüşüb – FOTOLAR

“Aşıq Şəmşir” Mədəniyyət Ocağında Kəlbəcər rayonunu Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədovun bu rayondan olan bir qrup gənclə görüş keçirilib.
Görüş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.
Görüşdə Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Zəfərlə başa çatan 44 günlük “Dəmir yumruq” əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi müzakirə olunub.


Millət vəkili Aqil Məmmədov bildirib ki, uzun illər münaqişənin diplomatik yollarla həll olunmasına çalışan Azərbaycan, eyni zamanda orducu quruculuğuna böyük diqqət yetirib. Nəticədə, Ermənistanın təhriki ilə yenidən alovlanan hərbi münaqişə ordumuzun qəti qələbəsi ilə başa çatıb: “İndi Azərbaycan dövləti qarşısında dayanan prioritet məsələlərdən biri işğaldan azad olunmuş torpaqlarımızın, o cümlədən, Kəlbəcər rayonunun yenidən dirçəldilməsidir. Hazırda, bu yöndə ölkə başçısının göstəriş və qərarları ilə kompleks işlər həyata keçirilir. Kəlbəcərlilər də bu prosesdə fəal iştirak etməlidir”.

Tədbirdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov, BDU-nun müəllimi Ələmdar Cabbarlı bildiriblər ki, gənclər işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında yaxından iştirak etmək niyyətindədirlər. Bununla bağlı gənclər tərəfindən bir sıra təkliflər səsləndirilib.
Görüşün sonunda ölkənin ictimai həyatında fəal iştirak edən kəlbəcərli gənclərə “Təşəkkürnamə”lər təqdim olunub.