Murovdağ şəhidləri anıldı


16.02.2019 tarixdə AVMVIB - in Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyevin təşkilatçılığı ilə 1994-cu ildə murovdağ ətrafında gedən döyüşlərdə şəhid olmuş döyüşçülərimizin anım tədbiri keçirilmişdir.Tədbirdə Gəncə şəhər ziyalıları, Goranboy rayon qaziləri ve Kəlbəcər rayon veteranları iştirak etmişdir.




“Murovdağ” əməliyyatı

1994-cü il yanvar ayının əvvəlləri idi. 701-ci hərbi hissənin digər taborlarının apardığı uğurlu döyüşlər nəticəsində ermənilər Güzgü, Koroğlu və Ömər aşırımlarından qovulmuş, Meydançay ətrafında düşmən darmadağın edilmişdi. Bu döyüşlərdə 5-ci tabor gizli düşmən arxasına keçərək Meydançayda pusqu düzəltmiş, Murovdağdan qaçan düşməni və Murova doğru köməyə gələn düşmən qüvvələrini məhv etmişlər. Bu döyüşdə Aydınov Rəfi igidlik göstərərək qəhrəmancasına həlak olmuşdu. Kəlbəcərin Yanşaq və Susuzluq kəndləri uğrunda döyüşlər davam etdirilirdi. Güzgü aşırımı və Meydançay dərəsində düşmən əsgərlərinin saysız meyidləri səpələnmişdi. Bu döyüşlər nəticəsində düşmən Murovdağdan qovulmuş, döyüşlər Kəlbəcərin Murovdağ ətəklərindəki kəndləri uğrunda davam etdirilirdi. 3-cü tabor (tabor komandiri baş leytenant F.Alışov), 5-ci tabor (komandir-baş leytenant Gəray Əsədov) Meydançay və Şişqaya yüksəklikləri uğrunda, 2-ci və 4-cü tabor(Xanlar batalyonu) 1-ci taborla Meydançayın sağ tərəfi yüksəklikləri boyunca irəliləyirdi... 2-ci taborun baş çavuşu Nəriman Məmmədovun dediklərindən: “Biz yavaş-yavaş Meydançay dərəsi ilə irəliləyir, yüksəklikdə mövqe tutmuş düşmən əsgərlərinə görünməməyə çalışır, dağı dolanaraq onların arxasına keçməyə çalışırdıq. Kəşfiyyatın verdiyi məlumata əsasən sağ tərəfdəki yüksəklikdə düşmən mövqe tutmamışdı. Ona görə dağın cənub yamacı ilə səssiz gedir, mümkün qədər səs salmamağa və qarın üzərində sürüşməməyə çalışırdıq. Lap az qalmışdı ki, düşmən mövqelərinin arxasına keçək, birdən sağ və sol yüksəkliklərdən bizi qəfil atəşə tutdular. Əvvəlcə açılan atəşin təsadüfi olduğunu yəqin etdik. Lakin, hər tərəfdən yağış kimi yağan güllələrdən bir neçə əsgərimiz yaralandıqdan sonra pusquya düşdüyümüzü dərk etdik. Əsgərlər özlərini itirmiş, nə etmək lazım olduğunu bilmirdilər. Biz düşmənə atəş açmaq əmri verdim. Lakin düşmən bütün yüksəklikləri ələ keçirmişdi. Başqa yolumuz qalmadığından məcbur olub geri çəkilməyə başladıq. Amansız bir döyüş gedirdi. Biz dağın yamacında tam açıqlıqda idik. Hər yerdən güllə yağırdı. Mən həm sağ tərəfdəki yüksəklikdə mövqe tutmuş düşmənə atəş açır, həm də əsgərlərə yaralıları götürməkdə kömək edirdim. Yaralanan və ölənlər var idi. Bir saat çəkən döyüşdə biz 12 nəfər şəhid verdik, 18 yaralını götürərək dağın arxasına çəkildik. Yaralılara kömək edərkən əsgərlərdən birinin pulemyotu döyüş meydanında qalmışdı. Mən həmin əsgəri pulemyotunu götürməyə göndərdim və düşmən mövqelərini atəş altında saxlamağa başladıq. Bir neçə dəqiqədən sonra həmin əsgər pulemyotu götürərək geri qayıtdı”. 3-cü taborun əsgər və zabitləri “Bozdu” əməliyyatından bir həftə sonra öz qüvvələrimizi cəmləyərək yenidən Murovdağa qalxdı. Murov dağından Meydançay dərəsinə enərkən maşınları işıqsız sürürdük. Çünki düşmən yolu uzaqdan topla nəzarətdə saxlayırdı. Bir gün əvvəl həmin yolda minaatan mərmisi ilə düşmən bizim Kamaz markalı maşını vurmuş, Mehdiyev Sabir və bir neçə əsgər yaralanmışdı. Tabor komandiri hospitalda olduğu üçün onu baş leytenant Fehruz Alışov əvəz edirdi. Mən üçüncü bölüyə komandir təyin edilmişdim. Taborun qərərgahı Meydançayın sol sahilində bir dərədə çadırlarda yerləşirdi. Bizdən bir qədər qabaqda döyüş gedirdi. Biz həlilik ehtiyatda olan tabor idik. Yalnız ön mövqedə Əziz Abbasovun komandirlik etdiyi minaatan batareyası yerləşdirilmişdi. Mən və baş leytenant Əhəd İsmayılov bir saat olardı ki, Murovdağdan bura enmişdik. Yolda Kəlbəcər rayon yol idarəsinin işçiləri-Şəmsi və Fikrətlə görüşdük. Onlar bizə və 40 nəfərədək əsgərə xeyli şirniyyat verdilər. Gecə zabitlər hamımız soba yandıraraq bir çadıra toplaşdıq. Bir azdan briqadanın qərərgah rəisi polkovnik-leytenant Eldar Həsənov da yanımıza gəldi. Çay qaynatmışdıq. Mən çantamdan şokalad çıxarıb zabit yoldaşlara və əsgərlərə payladım ki, çay içək. Elə bu zaman qəfil atılan iki top mərmisi çadırımızın lap yaxınlığına düşdü. Qonşu çadırda iki əsgər həlak oldu. Ermənilərdən götürdüyümyüz iki at da öldü. Mən komanda verərək əsgərləri dərənin yuxarı hissəsinə-təhlükəsiz yerə tərəf apardım. Bir saata qədər düşmən bizim çadırları və Murov yolunu topla atəşə tutdu. Gecə saat üçdə 3-cü taborun Murovdağdakı Yol evinə qalxması barədə əmr aldıq. Gecənin zülmət qaranlığında silah və sursatımızı götürərək piyada Yol evinə qalxdıq. Ağır sursatları və yüklərimizi isə maşına yüklədik və sürücüyə maşının işığını yandırmadan sürməyi tapşırdıq. Yol evində-qərərgahda yuxarı komandanlıqdan bizə xüsusi tapşırıq verildi: birinci taborla bərabər düşmənin mövqe tutduğu Susuzluq dağına qalxmalı, oradakı düşmən mövqelərini ələ keçirməyi və həmin yüksəklikdən Susuzluq və Yanşaq kəndlərinə hücum etməli idik. Bununla da bizim tabor ikinci dəfə düşmən arxasına göndərilirdi.


( KƏLBƏCƏR BATALYONU VƏ ƏFSANƏVİ ALAY kitabından )



43 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev