Prezidentin Qarabağda salmaq istədiyi “ağıllı şəhər” və “ağıllı kənd”lər…


Prezident İlham Əliyev yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevi qəbul edərkən, azad edilmiş ərazilərdə şəhər və kəndlərin necə qurulacağından danışıb. Ölkə başçısı deyib ki, azad edilmiş ərazilərdə qurulacaq şəhər və kəndlər “smart-city”, “smart-village”, yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında tikilməlidir.

“Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq”.

Xatırladaq ki, “ağıllı şəhər” konsepsiyası Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da öz əksini tapıb.

“Ağıllı şəhər” elm və texnika, informasiya texnologiyalarının yüksək inkişaf etdiyi mühitdə formalaşır, cəmiyyətin, insanların həyat tərzinin fərqli yön aldığı şəhərlər sayılır. “Ağıllı şəhər”in fəaliyyəti smart cihazlardan əldə edilən məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar, ya da avtomobillərdə olan sensorlar ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərinə start verə bilərlər.

1.6 milyon nəfər əhalisi olan Ninsya vilayətinin İnçuan (Çin) mərkəzi, 3000 nəfər əhalisi olan Fudzisava (Yaponiya) şəhəri, 192 min nəfər əhalisi olan Milton-Kins (Böyük Britaniya) şəhəri, 5.5 milyon nəfər əhalisi olan Sinqapur (Sinqapur) meqalopolisi, 300 nəfərin yaşadığı Əbu-Dabi şəhərinin qəsəbəsi Məsdər (BƏƏ) “ağıllı şəhər”lər sırasındadır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə formalaşacaq inkişaf modeli beynəlxalq standartlara əsaslanacaq, informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməklə həyata keçiriləcək:

“Cənab Prezident məhz işğaldan azad olunmuş ərazilərimizdə formalaşacaq inkişaf modelinin daha sonra digər rayonlara transfer ediləcəyilə bağlı bəyanat verib. Bu ondan xəbər verir ki, formalaşacaq infrastruktur, bütövlükdə menecment beynəlxalq standartlara və yeni çağırışlara uyğun həyata keçiriləcək. Bu gün dünyanın bir çox aparıcı şəhərlərində “smart-city”, yəni “ağıllı şəhər” konsepsiyası informasiya və kommunikasiya texnologiyasına inteqrasiya olunur. Bu da imkan verir ki, vətəndaşlar xidmətlərdən, xüsusən də dövlət xidmətlərindən daha keyfiyyətli şəkildə istifadə edə bilsinlər. Bu həm aktivlərin idarə edilməsi, həm səmərəliliyin artırılması, həm də hədəflərə nail olunması baxımından əlverişlidir. Nəqliyat sistemi, enerji, su təmiantı, xəstəxana və məktəblər də daxil olmaqla, sosial istiqamətdə monitorinq imkanlarının aparılması anlamına gəlir. Nəticə etibarilə informasiya texnologiyaları vasitəsilə məlumatların toplanması, şəhər üzrə monitorinqlərin keçirilməsi reallaşır. Bu da şəhərin bütövlükdə idarə edilməsində informasiya texnologiyasından daha çox istifadə anlamına gəlir ki, idarəetmədə xərclərin azaldılması, effektivliyin artırılması baxımından olduqca vacibdir. Eləcə də həmin şəhər sakinlərilə hökumət arasında əlaqənin həm daha şəffaf, həm də daha asan həyata keçirilməsi, eyni zamanda vətəndaş-məmur arasındakı əlaqələrin genişləndirilməsinə imkan verir”.

Dünya praktikasına görə, “ağıllı şəhər”in 10 böyük üstünlüyünün olduğunu deyən iqtisadçı, birinci sırada səmərəli datalara və göstəricilərə əsaslanan qərarların verilməsi prosesini diqqətə çatdırıb:


“Təbii ki, bu, şəhərin idarəedilməsi ilə bağlı daha analitik strategiyanın yaradılmasına imkan verir. Bu, eyni zamanda qərarların konkret olaraq şəhərin göstəricilərinə uyğun olaraq verilməsi deməkdir.

İkincisi, layihə vətəndaş və hökumət arasında daha sıx əməkdaşlığın formalaşmasına kömək edir. Həmin şəhərdə yaşayan sakinlər də fərqli alətlərdən, internet üzərindən və mobil aplikasiyalardan, portallardan, onlayn alətlərdən istifadə etməklə, şəhər idarəetməsi ilə birbaşa əlaqə qururlar”.

Deputat “ağıllı şəhər”in daha bir üstünlüyü kimi təhlükəsiz icmaların yaradılmasını qeyd edib:

“Ümumiyyətlə, dünya praktikasında daha təhlükəsiz icmalar yaradılır. "Ağıllı şəhər” təhlükəsiz şəhərdir. Bu, birbaşa onunla bağlıdır ki, burada texnologiyalardan ciddi şəkildə istifadə olunur. Bu, texnoloji olaraq cinayətlərin üstünün daha tez və qısa zamanda açılmasına imkan yaradır və şəhəri təhlükəsiz yerə çevirir. Ətraf mühitin qorunması baxımından, alternativ enerji mənbələrinin imkanlarından “ağıllı şəhər”lərdə istifadə olunur.

“Ağıllı şəhər”lərin 5-ci üstünlüyü nəqliyyatın yüksək inkişafıdır. Dünya təcrübəsində “ağıllı şəhər”lər il ərzində təxminən nəqliyyat sektoruna yönəltdikləri investisiya həcmini 25 faiz artırırlar. Bu, təbii ki, həm nəqliyyatın tənzimlənməsi, eyni zamanda, tıxacların aradan qaldırılması baxımından vacibdir.

Növbəti üstünlük rəqəmsal bərabərliyin inkişaf etdirilməsidir. Təbii ki, “Wİ-Fi”nin daha geniş ərazidə istifadə olunması, sürətinin artırılması kimi məqamlar orada öz əksini tapır. 7-ci iqtisadi inkişaf üçün imkanların yaradılmasıdır. Belə ki, “ağıllı şəhər” yerli və xarici investisiyaların cəlb edilməsinə şərait yaradır.

8-ci üstünlük “ağıllı şəhər”lərdə kommunal xidmətlərin fasiləsizliyinin təmin edilməsidir. Layihənin 9-cu üstünlüyü infrastrukturun inkişaf etdirilməsidir. “Ağıllı şəhər” imkan verir ki, yollar, körpülərlə bağlı daha əsaslandırılmış və sistemli infrastruktur qurulsun və onların təmin edilməsi və gücləndirilməsinə diqqət ayırmaq mümkün olsun. Nəhayət, layihə ixtisaslı kadrların işlə təmin olunması və onlar üçün daha çox iş yerlərinin yaradılmasına imkan verir”.

V.Bayramov deyib ki, bu baxımdan konsepsiya bir sıra inkişaf etmiş ölkələrin iri şəhələrində istifadə olunur:

“Həmin ideyanın işğaldan azad edilmiş ərazilərdəki şəhər və kəndlərdə tətbiq edilməsi, həmin ərazilərin beynəxlalq standartlara uyğun qurulması, həm də yeni inkişaf modelinin tətbiqinə imkan yaradacaq”.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.