Söz yurdunun mirvarisi, incisi… Mirvari Elsevərin könlü fəryad qoparanda…



Təbib və loğmanlar bulaq suyunun, dağ havasının sınıq könüllərə necə məlhəm olmasını İbn-Sinanın dövründən qalma yadigar kimi qoruyub-saxlamağa və ondan bəhrələnməyə çalışırlar. Əbəs yerə deməyiblər ki, «elə bil dağ balasıdır - sapsalğam», «elə bil bulaq suyudur - dupduru», «sanki dağ çeşməsidir - süzülür könüllərə». Məgər azmı eşitmişik belə fikirləri?

Dağlar qoynunda dünyaya gəldiyimizdəndir, ya nədən, zirvəliyi, ucalığı, qəlbiliyi daim qürur, əzəmət və vüqar mənbəyi saymışam. Bu əlçatmazlığa daim əl uzatmış, ətəyindən yapışmışam.

Dağlar səltənətində bu keyfiyyətlərin daha çox olmasını da az eşitməmişik.

KƏLBƏCƏR! - Daim qürur və iftixar mənbəyimiz!

KƏLBƏCƏR! – Dərd libaslı, məlhəm nəfəsli anam!

KƏLBƏCƏR! – Dizləri taqətdən düşmüş, əsası sındırılmış, gözləri yollara dikili qalmış atam, babam – soyum, köküm!

Ömür boyu oxşanan, əzizlənən, hüsnünə qoşmalar, gəraylılar qoşulan, təcnislər və dastanlar yazılan Kəlbəcər, iyirmi ildir ki, dərdindən dəli olanlar dil açıb ağı deyir, bayatıya gətirirlər səni. Sinələri pörşələnəndə baş qaldırır dərd fırtınası. Anam Güllər də bu dərdlərin əlindən «dağa qalxdı, dedilər bəxtəvər yaylağa çıxdı»:

Dilə gəlləm,

Dil olub dilə gəlləm.

Tərpətməyin qəlbimi,

Sinəsi silə gəlləm.

Tərtər axası deyil,

Dağ-daşı yıxası deyil,

Kəlbəcərin zülümü

Yaddan çıxası deyil.

Kəlbəcər qana düşdü,

Qəfil fəğana düşdü.

Təbriz, Bakı gəlmədi,

Qolları yana düşdü.

Belə dərd ovqatlı misralar neçə illərdir ki, kəlbəcərli qələm və söz adamlarının sinəsinin atəşindən alovlanıb göyləri yandırır, qəlbidaşları yox.

Niyə bu qədər haşiyə çjxdığımı özüüm də bilmədim. Onu bilirəm ki, çoxdan qələmə alacağım bir mövzu ətrafında o qədər özümü sınağa çəkmişəm ki, amma, nə gizlədim, istədiyim kimi yaza bilməmişəm. Kəlbəcərimizin şair və şirin dilli xanımlarının yaradıcılıqları o qədər çoxşaxəlidir ki, bir-iki məqaləyə sığışdırmaq mümkün deyil. Belə xanım-xatınlarımızdan biri də Mirvari Elsevərdir. Bu, o Mirvari xanımdır ki, deyir:

Biz dönüb o yurda qayıdacağıq,

Dağlar cığır salsın, duman gözləsin!

Qıvrıla-qıvrıla çıxsın yollara,

Çay göz-qulaq olsun, ümman gözləsin!

İgid oğlu-qızı silahlanacaq,

Özünü müsəlləh əsgər sanacaq.

Yollarında məşəl olub yanacaq,

Qəlbinə gəlməsin güman, gözləsin!

Mirvari, qeydinə qalan gələcək,

Torpağın qisasın alan gələcək!

O dağlarda zəfər çalan gələcək,

Bizdən Vətən borcun uman gözləsin!

Bəlkə bir qədər yaxından tanıyaq şair-alim xanımızı?! Verdiyeva Mirvari İdris qızı bir payız günü Kəlbəcərdə müəllim ailəsində (əslində, aşıq-şairlər nəslində) dünyaya göz açıb. 1972-ci ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbi tərifnamə ilə bitirib həmin il də Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə qəbul olub. 1976-cı ildə institutu müvəffəqiyyətlə bitirərək doğma yurda qayıdıb. Orta təhsil aldığı məktəbdə atası, şair, coğrafiyaşünas, təbiətsevər İdris müəllimlə çiyin-çiyinə çalışıb. 1979-cu ildə sevib-seçdiyi igidlə (Bəşir müəllimin oğlu) Əli Fərəcovla ailə qurublar. Bir müddət Rusiyada yaşamalı olsalar da, Azərbaycandan uzaqlarda (qəribçilikdə) ömrü uzatmayıblar. Qarabağın qara günləri başlayanda Vətənə dönüblər.

1993-cü ilin yazı onlar üçün də gül-çiçəkli yox, güllə-baranlı gəldi: Kəlbəcərdən kəlbəcərlilər didərgin salındı, məcburi qaçqın-köçkünə çevrildi ki, biri də onların ailəsi idi. O zamandan Bakıda müvəqqəti məskunlaşan Mirvari xanımın ailəsində iki vətənpərvər oğul böyüyür: Aqşin BDU-nun beynəlxalq hüquq, Şaiq isə beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.


Mirvari xanım ata evində daim vətənə məhəbbət tərbiyəsi aldığından qəlbində bu sevgini poetik ovqatla əzizləyib. Ona görə də o, coğrafiyaşünas kimi yetişməyi qarşısına məqsəd qoyub. 1997-ci ildə ADPU-nun dissertanturasına qəbul olaraq 2011-ci ildə dissertasiya işini müdafiə edib Coğrafiyanın tədrisi metodikası üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

Şair təbiətli alim xanım həm də ermənilərin torpaqlarımıza tuşladığı odsaçan silahlardan yaralanmış ana-bacılarımızdan biridir. Qarabağ əlili olan Mirvari xanımın bədii yaradıcılığından bəzi nümunələr göstərməklə onun həm də söz sənətinin bilicisi və zərif incisi olduğunu söyləyə bilərik.

<< kitab buradan daxil ol >>

Babası Əli, atası İdris, əmisi Qəmkeş Allahverdi, əmisi oğlu Xəqani, qardaşı Qismət (Ulu yaradan onu erkən alıb öz dərgahına apardı, Allah rəhmət eləsin!) söz xiridarları kimi tanınmışlar. 2005-ci ildə şair-filoloq, alim Adil Cəmillə birlikdə çap etdirdiyimiz «Kəlbəcər dünyası: yüz şairin bir kitabı» antalogiyasında bu ocağın övladlarının da bədii dünyasından əsintilər verilir.

Mirvari Elsevər yurd niskilli şairdir. O, dünəni olan uşaqlıq illərini xatırlayanda dilində incilər sıralanır, deyir:

Yenə o dağ olaydı…

Bir sabah gözümüzü

Kəlbəcərdə açaydıq…

Zəfər günü sevincdən

Ayaqyalın, başaçıq

Kənddən-kəndə qaçaydıq,

Yurda dönən qonşunu,

Qohumları qucaydıq…

Arzuların qalağına, şairinsə qılığına baxın bir:

Arzular yığın-yığın…

Ürəyimdə yeri var

Hər qayanın, hər dağın.

Yurdumuzda, Mirvari,

Dalğalanan görəydim

Azərbaycan bayrağın!

Deyərdim:-Nə gözəldir,

Kəlbəcərim, bu çağın!

Mirvari Elsevər Ənvər Rzanın ruhunu yaşadan şairdir, bir qohum olaraq onun poetikasından bəhrələnir və qəlbi kövrələndə üz tutur dağlara:

Görsəydin dağılan Vətən mülkünü,

Göylərə ucalan naləni, ünü,

Fəryadımız ərşə ucalan günü

Qəlbinin dərdini töküb kağıza,

Görən nə yazardın, ay Ənvər Rza?!

Ata mülkü, qardaş evi talandı,

Ayrım kəndi, Binə oda qalandı.

Yanımızda məşhər günü yalandı,

Oğulsuz obada qalan yalqıza,

Görən nə yazardın, ay Ənvər Rza?!

Hələ bir igidə könül verməmiş,

Təlaşından siyah-zülfün hörməmiş,

Çıxıb sərt qayaya, nəfəs dərməmiş

Özünə qəsd edən ismətli qıza,

Görən nə yazardın, ay Ənvər Rza?!

Mirvari Elsevər Kəlbəcərsizlik dərdini nəzmə çəkən yeganə şair olmasa da, bəlkə də \birincisidir. «Könül fəryad qoparanda…» kitabını, sadəcə, vərəqləyən hər kəs belə düşünər. «Düşdü» rədifli qoşmasında da o, bunu özü təsiqləyir:

Qaçqınlıq yükünün ağır cəfası

Vədəsiz ağaran tellərə düşdü.

Başımızdan qohum-qardaş dağıldı,

Bilmirik kim hansı ellərə düşdü.

Təsvir etmək olmaz, desəm dillərlə,

Bağ becərdik, məhlə saldıq illərlə.

Ətrafına çəpər çəkdik güllərlə,

Zəhməti qabarlı əllərə düşdü.

Qohumdan ayrıldıq, yoldaş itirdik,

Yardan əl üzüldü, yoldaş itirdik.

Şəhid oldu, əziz qardaş itirdik,

Ağılar ağıza, dillərə düşdü…

Maraqlı budur ki, Mirvari Elsevərin yaradıcılığında yalnız aşıq ədəbiyyatı deyil, poeziyanın əksər janrında qələmə alınan şeirlərə rast gəlirik. O, sərbəst, heca və əruz vəznində özünü sınağa çəkmir, sadəcə, duyğularını cilalayır, fikrini lirik ritcətlərlə çatdırır:

Üç sirdaşıq, dərd bölürük arada,

Çulğalaşıb yurd salmışıq burada.

Ayrılmaz dərddaşıq, olsaq harada,

Söykənib bir-birə olmuşuq həmdəm,-

Bir vərəqdi, bir qələmdi, bir də mən.

Yaxud, bir bənd yeddiliyə nəzər yetirək:

Aman Allah, ağaran

Tellərə bax, tellərə.

Didərgin yükü əymiş

Bellərə bax, bellərə!

Elə gəlməsin ki, şair yalnız dərdlərini çözələmək üçün könlünü sözə verib, qətiyyən! Məhəbbət onun da lirikasının baş qəhrəmanıdır. «Məhəbbət dəlisiyəm», şeirində özü deyir:

Yaxşı tanımamısan

İndiyəcən məni sən…

Gah «tutmalı» çağırıb,

Gah da «dəli» deyirsən…

…Neyləyim, başqa cürə

Olmağı bacarmıram.

Ürəkdən vurulduğum

Əlinin Leylisiyəm,

Mirvari eşq aşiqi,

Məhəbbət dəlisiyəm…

Əlbəttə, məqsədimiz heç də Mirvari Elsevərin yaradıcılığını təhlil etmək, münasibət bildirmək olmadığından, istədik ki, onun şeir-sənət dünaysına qısa bir səfərə çıxıq. Nə yaxşı ki, poetik işığı yolumuzu aydınlığa çevirdi. Həmişə aydınlıqlarda, Mirvari xanım! Arzularınız daim qönçə görünür, kaş çiçək aça, gül aça. Tərtər coşğulu təbiniz daim bahar təravətli, yac ətirli, ləçək çətirli olsun! Həsrətinə kökləndiyiniz Kəlbəcərimizə qovuşmaq, onun xoş növrağından yazmaq nəsibiniz olsun, amin!

Məhəmməd NƏRİMANOĞLU


0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev