SƏN URVATSAN ELƏ, MƏMMƏD


Əgər ürəyimlə bacaram, qardaş, Sirrimi daşlara açaram, qardaş. Mən, ömür itirmiş naçaram, qardaş, Dünyada ömürdən ən ümdə nə var?! Məmməd Aslan


Məmməd Aslan haqqında neçə-neçə tanınmış söz adamları dəyərli fikirlər söyləyib, onun yaradıcılığını zaman-zaman təhlil edib, poeziyasının dəyərini söz təşnələrinə çatdırıblar. Dərin həyəcanla qələmə aldığım bu yazı, həyatı duyduğum andan bu günə kimi tanıdığım, orta məktəbdə müəllimim olmuş, sonralar azca yaş fərqimizə baxmayaraq, ata-oğul münasibətində olduğum, səmimi və təmənnasız əlaqələrimizin uzun illərin dostluğuna çevrildiyi böyük bir şairlə bağlı xatirələrimdən və onun möhtəşəm poeziyasına kiçik bir səyyahətdən ibarətdir. Elə bilirəm ki, buna mənim az da olsa mənəvi haqqım çatır. Axı müəllimim özü dəfələrlə mənim haqqımda yazıb və mən də demək olar ki, Məmməd Aslan yaradıcılığının çox hissəsini əzbər bilirəm. Kəlbəcər ədəbi mühiti təkcə Azərbaycanda deyil, hətda onun hüdudlarından kənarda da böyük sevgi, geniş oxucu kütləsi qazanıb. Bu ədəbi mühit çərçivəsini çoxdan aşmış, sözəri uzaq-uzaq ellərdə də dillər əzbərinə çevrilən şairlərdən biri də, türkoloq, böyük Türk dünyasının könüllər şairi kimi tanınmış Məmməd Aslandır. Kəlbəcər rayonunun Laçın kəndində dünyaya göz açan şairin təkrarsız lirik şerləri əvvəlcə öz doğulduğu yurdda pərvəriş tapmış, sonra isə sınırları aşaraq böyük Türk dünyasına əbədiyaşar bir poeziya çələngi bəxş etmişdir: Əlvan gül dənizi, çiçək dənizi, Ətirli dalğalar dizimdən mənim. Getməz bu dağların göyçək bənizi, Ürəyimdən mənim, gözümdən mənim. Yönəldim bulağa, bir qurtum içim, Cığır fərşə döndü, gül əlçim-əlçim. Bəs necə tapdayım, bəs necə keçim?! Min naxış pozular, izimdən mənim. Yamacı çağırdım, dağı səslədim, Cavab gələr deyə ümid bəslədim. Bir coşub-çağlayan nəğmə istədim, Kəkliklər çıxmadı sözümdən mənim. Qurşağı çəmənə sancılıb göyün, Çiçəklər nazəndə, quşlar ərköyün.... Ürəyim yaylaqda itibdi bu gün, Xəbərim olmayıb özümdən mənim.. Məmməd Aslan poeziyası bax, beləcə ruhumuza, qanımıza işıq kimi axıb, qəlbimizin mənəvi qidası, dilimizin yaraşığı olub. Onun şerləri bulaq kimi axdığından bircə dəfə oxunuşdanca söz-söz, misra- misra yaddaşımıza hopub. Şair bu dörd bəndlik şerində təkcə ilhamlı bir şair olduğunu təsdiq eləmir, misraların quruluşu, sözlərin düzümü, qafiyələrin səlistliyi ilə yanaşı, hən də sözlə gül dənizinin gözəlliyini, təbiətin əsrarəngizliyini bir rəssam kimi təsvir edir, quşların da dilini oxucusuna sevdirməyi bacarır. Sözlərin bir-biri ilə ülfəti, bəndlərin bir-biri ilə bağlılığı o dərəcədə iahi bir vergi ilə qovuşur ki, şerdən çiçəklərin rəngi, çəmənin rayihəsi görünür, təbiətin gül nəfəsi insanın köksünə dolur, onu sehirli bir aləmə aparır. Hələ o zamanki xoşbəxt günlərimizin birində, tələbə olduğum zaman avtobusla Kəlbəcərdən Bakıya gəlirdik. Onda avtobusda boş yer olmasa belə, Ağdərədə, Qozlu körpü adlanan ərazilərdə yaşayan, mənfur erməni tələbələri də bizim avtobusa minər, çətinliklə də olsa oturacaqlarımıza sığınıb özlərinə yer edərdilər.Həmin səfər zamanı bir tələbə erməni qızı Məmməd Aslanın şerlərini əzbərdən elə bir gözəlliklə dedi ki, avtobusda olanların hamısını təccüb bürüdü. Axı nankor ermənilər bizim dili çox gözəl bilirdilər. Bu hadisə 70-ci illərin əvvəlində olsa da aradan 40 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, Qarabağ müharibəsinin çəkilməz ağrı-acısını yaşadığımız bir dövrdə belə bu mənim yaddaşımdan silinməyib. Onun poeziyasının dili düşmənlərimizi də ofsunlamışdı. Elə əsil poeziyanın qüdrəti də bundadır: Özüm baxdım, nəs gəldi, Falıma bax, qaraçı. Avand işim tərs gəldi, Halıma bax, qaraçı. Dərddi, mənəm-qardaşıq, Yaşayırıq calğaşıq.. Kələf kimi dolaşıq Yoluma bax, qaraçı. San ki, şair illər öncəsi öz fəhmi ilə görürmüş ki, o gözəllik dünyamıza, doğma yurdlarımıza gedən yollar kələf kimi dolaşıq düşəcək və bu həsrət illərlə könlümüzü dağlayacaq. Sonra isə gözəlliyi vəsf edən qələmi həsrətə, hicrana köklənəcək:- İçim yanar həsrətdən, Bağrımda köz Kəlbəcər. Gördüyü fəlakətdən Ağlar göz-göz Kəlbəcər. Ağ saraylar viranə, Yüz il təslim bir ana. Məlhəm qoymaz yarana, Dünya bumbuz, Kəlbəcər… …Dikəl qəfil qarşıma, Axxna, tökül başıma. Daş vermə baş daşıma, Qalmasın iz, Kəlbəcər!.. ...Yurd itirən bay olmaz, Dərddən, qəmdən ayılmaz. Bir daşına tay olmaz, Kürreyi-ərz, Kəlbəcər. Görünür Tanrı şairləri xəlq eyləyib ki, elə insan oğlunun sevincini, kədərini, dərdini yazıb bəyan eyləsin. Həm də insanın yaddaşını korşalmağa qoymasın. Vətənin xəyalı bir an da olsa şairi tərk etmir, onun ilahi sehri sonsuz bir qüvvə ilə özünə çəkir:- Üç beş damla suyam, bir ovuc küləm, Axıb xan Araza tökülə biləm. Mən harda can verəm, harda kömüləm, Əlim Dəlidağa uzalı qalar.. Şair öz hissləri ilə səni də bu duyğuya kökləyir, sənə də yurd sevgisi, vətən məhəbbəti aşılayır. Məmməd Aslan poeziyası heç kimi təkrarlamır, yalnız özünə bənzəyir. Mövzu kasadlığı tanımayan şair, dünyanın hər hansı bir nöqtəsində olan hadisəyə öz şair dünyasından qiymət verə bilir. “Kərbəla müsibəti” şerində Fizuli dərdinə ağlamaqla onun sənət dünyasındakı yerini də oxucuya çatdırmağı bacarır:- Dahiliyə gedən yolda, Sən əbədi süvarsan! Bir gülşənin var ki sənin, minbir gülşən sovarsan! Nə qədər ki, yer üzündə insanlıq var, Sən varsan! Kökü yerdən qopan gündən ürəyimdə bitənim! Məmməd Aslan Balkanlardan yazanda da Azərbaycan dərdindən danışır:- Hər yan alov içində, Dağ-daş yanır, su yanır. Balkanlar qan içində, Torpaq qanla sulanır... ...Yar olmadıq yurda biz, Yurd qapdırdıq qurda biz. Orda onlar, burda biz, Can Azərbaycan yanır. Yanır, bu cahan yanır, Vermədən aman yanır... Harda tüstü görsənir, Orda müsəlman yanır. Və yaxud “Bağdad müsibəti” şeri ilə günahsız müsəlmanların faciələrini qələmə alır:- Qan ilə çalxandı durduğu yerdə, Fizuli dərdinə aşiyan Bağdad. Elmin səltənəti, irfan ocağı, Tarixi çiynində daşıyan Bağdad. Sənətin, zəkanın ilkin beşiyi, Bəşərə pay verdi Bağdad çox şeyi. Yerlə yeksan oldu evi-eşiyi, Şər ilə şeytana baş əyən Bağdad. Bütün baş verən haqsızlıqları şair öz şəxsi faciəsi kimi yaşayır, gördüyü acı həqiqətlərə biganə qala bilmir. Bir növ tərcümeyi halı olan şeri də bu qəbildəndir:- Sən mənim dilimi kəsə bilməzsən, Haqsızlıq önündə susan deyiləm. Sən mənim dünyama sıza bilməzsən, Ucuz mətləblərə lisan deyiləm. Rəbbim nə veribsə, nəyənsə buyam. Mənim öz nərəm var, mənim öz qıyyam! Söylədiyin nədi, nə qiymət qoyam?! Demə ki, qulaq as! –Asan deyiləm. Könlümün söz adlı qibləgahı var! Yəni; La İlahə. İlləlahı var! Mənim dərs aldığım neçə dahi var. Cəddinə arxayın insane deyiləm!.. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın keşməkeşli tarixinə bir dərd zirvəsi də yazdı:-“Qanlı Yanvar”. Bütün əli qələm tutanlarımız bu faciəni bacardığı qədər qələmə aldı. Tərəddüdsüz demək olar ki, bu dərdi Məmməd Asalan qüdrətində nəzmə çəkən olmadı. Bu məşum dəhşəti gözləri ilə görən şair, bəlkə də öz içində min dəfələrlə canlı-canlı şəhid oldu. Bunun nəticəsi idi ki, “Ağla, qərənfil, ağla” elegiyası biryolluq şəhid ömrünü qərənfil ömrünə caladı. Hətda bağ-baxçalarda qərənfil görəndə yönü şəhid ruhlarına tərəf:-“Allah rəhmət eləsin, ruhunuz bizlərlədir”-deyirik və o gündən bir daha heç kim öz sevgilisinə qərənfil bağışlamır. Elə bilirəm ki, mən qərənfilə baxanda gözlərimdə şəhid qanı pərdələnir. Zülüm ərşə dirənəndə torpağı yuyan şəhid qanı boy verib san ki qərənfil olur:- Göylər yaman qarışıq, Ağla, qərənfil, ağla. Sis gəlir qan qarışıq, Ağla, qərənfil, ağla. ...Bu gecə-cəllad gecə, Bu gecə -zülmət gecə. Bu gecə- zillət gecə, Ağla, qərənfil, ağla. Göy qübbə yerə çökür, Hönkürür, hönkür hönkür. Bu gecə ağrı çəkir, Ağla, qərənfil, ağla. “ Ağrı çəkir” sözü el dilində “doğuş” deməkdir. Şair elə həmin gecədən duyur ki, bu “doğuş” nə qədər ağrılı olsa da, -Azadlıq doğulur! Bu doğuş Azadlıqdır! Bu gecə Azadlıq doğulur! Məmməd Aslan bəzən bircə beytlə hədəfə o qədər sərrast vurur ki, səni qəflət yuxusundan oyadır, özünü dərkə məcbur edir:- ...Zora tab gətirməz dəmir qapılar, Ayaq da çapılar, baş da çapılar. Dərd çəkmə, dərdinə dərman tapılar, Yetər ki, vicdanın salamat olsun. “Vicdan” sözünün şer dilinə yatmadığını bildiyi halda, onu şerdə elə bir mövqedə işlədir ki, heyrətlənməyə bilmirsən. Allah sənə ömür versin, Ustad! “Ömrü söz uğrunda girov qoyan” şairin özünün dediyi kimi:- Fəzilət ki, hər bir qulu şah eylər, Ucalığa nərdivandı fəzilət! Məmməd Aslan öz söz dünyasının ucalığına görə ürəklərdə özünə ulu bir guşə yaradıb:- Hərənin bir evi var Kəlbəcərdə, Hər evin əzizi, doğmasıyam mən. Hansı qapını ki, açası olsam. Üfüqdən günəşin doğmasıyam mən!.. Doğrudan da Məmməd Aslan hər bir Kəlbəcərlinin doğmasıdır. Bütün varlığı ilə Tanrıya bağlı olan şair deyir:- Qüdrətin qəlbimdə bir həvəs oldu, Dünyam çiçəkləndi, xoş nəfəs oldu. Bir ömür yazmağa mənə bəs oldu, Bir zərrə vermişdin söz xəzinəndən! Zaman ələkdir, hər şeyi və hər kəsi ələyir. Mən bilirəm ki, Məmməd Aslan zamanın ələyindən uğurla çıxıb, hələ sağlığında tarixin yaddaşına yazılmış şairlərimizdəndir. Məmməd Aslanla təbiətin qoynuna, ulu dağlara çox səfərlərimiz olub. Amma hər səfərimizdə yeni bir dünya kəşf etmişəm. O, təbiət vurğunudur, o, insanlıq vurğunudur. Məmməd müəllim hər çiçəyin, hər gülün dilini bilən şairdir. Mənim bir şair kimi püxtələşməyimdə, bu səviyyəyə gəlib çıxmağımda onun böyük rolu olub:-“Yusif, bu söz, bu misra, hətta; bu hərif şerin dilini ağırlaşdırır”-deyə çox məsləhətlər verib və təbii ki, bu mənim yaradıcılığıma müsbət mənada çox yaxşı təsir göstərib. Şərt o şərt deyil ki, rəsmi titulla Xalq şairi olasan. Mən çəkinmədən deyərəm ki, Məmməd Aslan lap çoxdandan Xalqın şairidir. 2006-cı ildə Şamaxı dağlarına ikilikdə mənim çəkilişimə getmişdik. Avqust ayının ortaları idi.Yol boyu gedərkən gileyləndi ki:- Bu il bir təbii laləliklə rastlaşmadıq ki, könül dolusunca qoxlayıb, kameranın yaddaşına köçürək. Pirqulu istiqamətində gedərkən birdən dilləndi:- Bəlkə sağ tərəfki yolla gedək?! Görək oralarda nə var, nə yox?! Mən maşını Məmməd müəllim deyən kənd yoluna yönəltdim. Səhər tezdən idi.Maşının açıq şüşəsindən içəriyə dolan təmiz dağ havası nə isə gözəl, heyratamiz bir aləmə yaxınlaşdığımızdan xəbər verirdi. Dağ aşırımını aşanda gözlərimə inanmadım. Dağın ətəklərinə sanki, lalə və sünbülçiçəyindən sehirli bir xalı döşənmişdi. Elə bil Ulu Tanrı Ustadın səsini eşitmişdi və mən tələskənliklə dedim:- Görürsən, Məmməd müəllim, Tanrı necə səxavətlidir, könlündən keçən laləliyi sənin gəlişin münasibəti ilə qədəmlərinə xalı-xalça kimi döşədi. Ustad fikirli-fikirli dilləndi: -Ehh, Yusif nə bilmək olur hansı münasibətlə bizi salamlayır, dağlar?! “Bahadur bulağı” adlanan ərazidə bir günlük qonaq olduq.Mənə elə gəldi ki, bu bir gün bir ömrə bərabər oldu. Həmin anları özündə ehtiva edən bir şer də yazdım.Ustadın xoşuna gəlmişdi. Kaş ki, 70 illik yubileyini qarşılamağa hazırlaşdığımız Ustadın bu yazım da xoşuna gələydi. Çün ki, böyük şair haqqında yazmaq həm böyük məhsuliyyət, həm də bacarıq tələb edir. Hər bir adam həyatda yaşayanda, yaradanda , öz üzərində daima kiminsə məhsuliyyətini duyur və bunu hiss etməlidir. Mən hər dəfə əlimə qələm alıb nəsə yazmaq istəyəndə Məmməd Aslanın zəhmini öz başım üzərində hiss etmişəm və böyük bir həyəcan yaşamışam ki, görəsən bu yazıma ustad nə fikir söyləyəcək?! Axı söz ustadını sözlə aldatmaq olmaz; Getdik Pirquluya, Məmməd Aslanla, Dağlar dağ gördümü, özünü çəkdi?! Yollar çiçək səpdi qədəmlərin, Dərəsini çəkdi, düzünü çəkdi. Səhərin mehiylə verdik səs-səsə, Könül dil açarmı, ilham gəlməsə?! Hər güllə, çiçəklə nəfəs-nəfəsə, Söhbətimi çəkdi, sözünü çəkdi. Dürri-gövhər axdı, bulaq seliynən, Gəzdik el dərdiynən, yurd nisgiliynən. Oxşadı nəğməynən, yığdı əliynən, Lalənin bağrının közünü çəkdi. Nuru bir az artdı həsrət gözümün, İlməsi açıldı ürək sözümün. Ələkbər Sabirin, Seyid Əzimin, Mamırla örtülmüş izini çəkdi. Könlüm hər səfərdə heyrət eylədi, O günü ömrünə zinət eylədi. Bulaqla, cığırla söhbət eylədi, Hər gülün, çiçəyin nazını çəkdi. Hansı arzulara qovuşdu Məmməd?! Hər gülə, çiçəyə tanışdı, Məmməd. Elə Kəlbəcərdən danışdı Məmməd, San ki, Kəlbəcərin yazını çəkdi. Yusif, nağıllarda gəzdik gerçəyi, Dağlar özü boyda bir gül dibçəyi. Qarışdı Laləyə Sünbülçiçəyi, Birindən doymadıq, yüzünü çəkdi. Bir dəfə də Xızı dağlarında, Kəlbəcərin bir neçə gənc şairləri ilə İctimai televiziyanın “Sözün sehri” proqraminin çəkilişində idik. Çəkiliş zamanı bir sarıköynək-bülbül gəlib böyrümüzdəki ağacın budağına qondu. Dedim ki, Ustad görürsən də sözün sehrini, bülbül də duyub, bizimlə çəkilişə gəlib. Ustad dedi:- Biz Tanrının möcüzələri qarşısında aciz varlıqlarıq.... 70 il, bir əsirdən bir qərinə az vaxtdır. Bizim əlimizdə nə var?! Tanrı özü sizə ömür versin, Məmməd Aslan! Mən isə yenə əvvəlki kimi sizə 90 il sağlam həyat arzulayıram. Tanrı bizə o imkanı versin ki, qarşıdakı illərin sevincini və kədərini də birlikdə yaşayaq. -Məmməd Aslan o xoşbəxt şairlərdəndir ki, sadə peşə adamları da onu yaxşı tanıyır və şerlərini əzbər bilir. Bir dəfə bizim həyətdə olanda dedi:- Eh, görəsən bizi də sinədən əzbər deyənlər varmı?! Kitabdan oxumaq başqa şeydi. Bu an da mənim həyət qonşum, uzun illər sürücü işləmiş Oqtay kişi dedi:- Məmməd müəllim, şairin öz yanında onun şerini söyləmək çətindi. Amma mən indi sənin öz şerini deyim, gör ki, necə ürəklərin sirdaşısan?! Bir dəfə də Şamaxıda benzin götürərkən iki nəfər Məmməd Aslanın və mənim şerimi deyə-deyə bizə yaxınlaşdılar. Salamlaşdıq. Məmməd müəlim gülümsəyərək dedi:- Yox balam, deyəsən bizi də tanıyanlar var. Cəddinə arxayın olmayan və min-min dahini özünə ustad bilən şairin poeziya ənginlikləri bir qəzet səhifəsinə çətin ki sığışar. Ona görə də müəllimim, əziz dostum, ustadım Məmməd Aslanın 70 illik yubileyi qarşısında baş əyərək, bu yazımda deyə bilmədiyim hiss və duyğularım üçün üzr istəyib, ad gününə həsr etdiyim şerimlə yazımı tamamlamaq istəyirəm. Yetmiş yaşın mübarək, Ustad! Ünvanına bir yazım var, Kaş, xoşuna gələ, Ustad. Yeni illər-murazım var, Yaşa, yarat, hələ Ustad. “Dərələrdən-Təpələrdən”, Səsin gəlsin hərdən-hərdən. Əskik olma xeyir-şərdən, Sən, urvatsan elə, Ustad. Təlaş əbəs, qorxu əbəs, Yönün Murov, yolun Kəpəz. Azalmasın bu eşq, həvəs, Qəlbə məlhəm çilə, Ustad. Əlin Tanrı ətəyində, Dilin hikmət pətəyində. Ərzurumun gədiyində; Kərəm Ustad, Lələ-Ustad. İkimiz də nələr çəkdik?! Köçümüzdə nələr çəkdik?! İçimizdə nələr çəkdik, Üzdə gülə-gülə, Ustad. Çiçək açdın, qışda belə, Gül bitirdin, daşda belə. Səni 90 yaşda belə, Yusif görsün belə, Ustad! Yusif Hüseyn. Şair-publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü. BÜTÖV AZƏRBAYCAN QƏZETİ. 25-02-2009.


0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev