SƏNSİZ AĞIR KEÇƏN İLLƏR AĞLAYIR



Ülfət Ələkbər oğlu Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcər rayonunda anadan olmuşdur. Ceyran bulağının, Dəlidağın həsrəti, Aşıq Şəmşir sazının sehri onu dinc oturmağa qoymayıb, qanındakı gül-çiçək mayası, lilpar sevdası Ağdərə uğrunda döyüşlərə səsləyib. Taqanroq şəhərində hərbi xidmətini başa vuran və 1991-ci ildə vətənin ağır günlərində Azərbaycana dönən Ülfət müqəd­dəs torpaqlarımızı erməni qəsbkarlarından qorumaq üçün könüllü olaraq döyüşən batalyona yazılır. Azğın düşmənlə döyüşə atılan, Ağdərə, Laçın, Kəlbəcər döyüşlərində igidlik və rəşadət nümunələri göstərən, qısa müddətdə dəfələrlə təşəkkür və mükafatlar alan Ülfətə tezliklə leytenant hərbi rütbəsi verilərək bölük komandiri vəzifəsinə irəli çəkilir.

Ülfət yüksək əsgəri keyfiyyətləri, bənzərsiz təşkilat­çılıq qabiliyyəti, hərbi hünəri ilə hamını heyran qoyur.

Erməni daşnakları 1992-ci il sentyabrın 5-də Ağdərə rayonunun Vəng istiqamətində Qozlu kəndinə hücum edən zaman Ülfət başsız qalmış taqıma rəhbərlik edərək özünü qorxmaz və ağıllı komandir kimi göstərir. Bu döyüşdə Ülfət şəxsi şücaət göstərərək düşmənin bir tan­kı­nı yandırır, bir PDM-i, bir pulemyotu, xeyli döyüş sursa­tını qənimət kimi ələ keçirir, 22 daşnakı məhv edir. Laçın rayonunun Hoçaz dağı uğrunda döyüşlərdə 11 əsgərlə hücuma keçən Ü.Kərimov 3 düşmən tankını, 2 PDM-i və yenə də xeyli döyüş sursatı ələ keçirərək ermənilərin 70-dən artıq canlı qüvvəsini məhv edir. İkinci həmlədə isə əlbəyaxa döyüşə girir. Bir neçə düşməni və bir tabor komandirini əsir götürərək 15 erməni quldurunu məhv edir.

…1992-ci ilin sentyabrı. Ağdərənin Vəng kəndindən hücuma keçən düşmən güclü texnika ilə Qozluya doğru irəliləyirdi. Döyüşlər getdikcə şiddətlənir, qan su yerinə axırdı. Ülfət qorxu bilmədən hədəf seçdiyi düşmən hərbçilərini bir-bir biçir, sanki gizlənqaç oynayırdı. Bir göz qırpımında yerini dəyişərək düşmənin başına od ələyib, yenidən “qeybə” çəkilirdi. Bir neçə düşmən texnikası yolda tozu dumana qataraq hücuma keçmişdi. Məsafə əlverişli deyildi. Ülfət əlində hazır tutduğu qumbaraların birini lap yaxına buraxdığı tankın tırtılları altına tulladı. Dərələri vahiməyə salan tank ilan vurmuş kimi yerində fırlandı. İkinci tank sol cinahdan Ülfətə tərəf irəlilədi. Ülfət bir andaca yerini dəyişib tankı bir az da yaxına buraxdı. Beş-altı metrdən tankın üstünə atdığı qumbara öz işini gördü: arxadan gələn texnika üz tutdu geriyə. Ülfətin bu qorxmazlığı və çevikliyi tabor komandirinin gözündən yayınmadı. Ülfət elə buradaca təşəkkürə layiq görüldü.

Xidmət göstərdiyi tabor həmin il oktyabr ayının 11-də Laçın rayonundakı Hoçaz dağına gedəndə Ülfət artıq bölük komandiri idi. Əməliyyatın ilkin mərhələsini öz üzərinə götürərək o, on bir döyüşçü dostu ilə “tülkü yuvası”na doğru irəlilədi.

Əlverişli imkandan istifadə edən komandir düşmən postlarındakı hərbçiləri səhərin alatoranında elə aradan götürdü ki, “ruhları da incimədi”. Hələ bundan xəbərsiz düşmən qüvvələri onlara tərəf irəliləyəndə əks-həmləyə tab gətirməyib, iki tankı da qoyub qaçmağa məcbur oldu.

İlk uğurlar Ülfəti ancaq irəliyə doğru aparırdı. İkinci hücum da pis nəticə vermədi. Təkbaşına on beş qulduru məhv edən Ülfət iki “dil” də qənimət götürdü. Bunlardan biri kapitan rütbəli komandir, o birisi isə sıravi idi.

1992-ci il dekabrın 3-də Laçın yolunu bağlamış düş­mən qüvvələrini dağıtmaq üçün başlanmış döyüşlərdə Ülfət üzərinə götürdüyü vəzifəni layiqincə yerinə yetirdi. Və heç özü də bilmədi ki, bu barədə sonralar çox danışı­lacaq. Məhz Ülfət kimi oğulların silaha sarılmasının hesabına idi ki, Kəlbəcər düşmən qüvvələrinin azğınlaş­mış hərəkətlərini dəf edir, işğalçılara qarşı barışmaz mövqe tuturdu. 1992-ci ilin qanlı vuruşları zamanı Kəl­bə­cər özünümüdafiə qüvvələri əlli şəhid versə də, rayonun bir neçə yaşayış məntəqəsi düşmən caynağından xilas edilmişdi.

Ülfətin cəsur bir döyüşçü kimi yaddaşlara həkk olan xatirələri dostlarının, komandirlərinin dilindən düşmür.

– Sən demə, onun özü yox, qəhrəmanlığı yoldaşımız olacaqmış, – deyə «N» hərbi hissəsinin zabiti, Ülfətin dö­yüş yoldaşı Çingiz Əliyev onu sanki yenidən kəşf edir: – Adam var ki, uzun müddət onunla dostluq edirsən, amma ülfət bağlaya bilmirsən. Ülfət isə adama tez isinişən, doğmalaşan igidlərimizdən idi. Təkcə qəhrəmanlığı yox, eyni zamanda bütün insani keyfiyyətləri də xalqa çatdı­rıl­malıdır. Biz onu sağlığında qəhrəman bir oğul kimi tanı­yırdıq. Dəfələrlə təkbaşına döyüşə atılsa da, qorxmazlığı onu təhlükədən sovuşdurmuşdu.

Bircə sözü vardı: “Əgər düşmən məni vursa, onda Kəlbəcərdən əlinizi üzün! Nə qədər ki mən sağam, ermənilər Kəlbəcər üzü görməyəcək, buna əmin olun!”

…1993-cü il mart ayının ortaları idi. Dağlarda hələ qış cövlan edirdi. Novruz bayramı yaxınlaşsa da, artıq bahar­dan əsər-əlamət yox idi. Təbiət kimi, insanların da baharı, yazı gecikir, ürəklərini qış boranı, tufanı alırdı. Kəlbəcər hər tərəfdən mühasirəyə alınırdı. Oğullar soyuq səngərlərdə, anaların əlləri göylərə uzanılı qalmışdı. Vəziy­yət yaman ağırlaşmışdı. Ağdərə tərəfdən hücuma keçən düşmən qüvvələri müqavimətə rast gəlmədən irəliləyirdi.

Basarkeçər tərəfdən Zəylik, Zivel, Zar, Yellicə, Barmanbinə, Dərəqışlaq, Aşağıayrım, Otaqlı, Kəlbəcər “Qrad” yağışı altına düşmüşdü. Görülən tədbirlərin heç bir səmərəsi yox idi. Yerli taborun döyüşçüləri martın 27-də Ağdabanı tərk etmək məcburiyyətində qaldı. Ülfət dözə bilməyib qaçanların qabağını kəsdi:

– Ay bədbəxtlər, hara kimi qaçacaqsız?! Kişi deyilsiz?! Kişi kimi ölmək yurdsuz yaşamaqdan yaxşıdır…

Artıq gec idi. Üstünə irəliləyən düşmən tankını əlindəki qumbaraatanla vurub sıradan çıxartdı. İkinci tank Ülfətin səngərinin üstünə yeridi. O özünü itirmədən səngərə yatdı. Tank səngərdən keçən kimi arxadan tullanaraq tankın üst qapağını açanda düşmən PDM-i onu haqladı.

Bu da Ülfətin torpağa ülfəti və Vətənə olan məhəbbəti. Torpağı Vətən, Vətəni Ana bilən igid döyüşçümüzün son döyüşü, son dəqiqələri də beləcə qəhrəmanlıqla keçdi. Qeyrətini odlu silahdan güclü bilən həmvətənimizin adı kimi, qəhrəmanlığı da yaddaşlara yazıldı. Ömrünün iyirmi üçüncü baharı açılmadı. Qışla baharın qovuşuğunda borana, tufana düşdü…

“Azərbaycan Ordusu” qəzetinin əməkdaşı Bahəddin Cəmiyyətoğlu da Ülfətin igidliyi barədə danışır:

– Ülfət barədə dönə-dönə eşitmişəm. Haqqında mate­rial hazırlayarkən bir neçə mənbəyə üz tutdum. Ağdərə bölgəsində gedən qanlı döyüşlərin videolentinə operator Nazim Abbasla birlikdə baxdıq.

Budur, Qozlunun yaşıl yamacları görünür. Ülfət idarə etdiyi KamAZ-ın sükanı arxasından düşüb məğrur-məğrur ətrafına baxır. Yanında dayanmış zabit onu təqdim edir:

– Baxın, adını eşidib, üzünü görmədiyiniz Ülfətdir. Bir az əvvəl düşmən mövqeyinə qalxıb, quldurlarla savaşa girərək, onlara ağır zərbələr endirib. Biz bundan istifadə edərək sol cinahdan hücuma keçib Qozlu yüksəkliyini quldurlardan azad etdik.

Operator:

– Sən nə demək istərdin, Ülfət?

– Mən Azərbaycan oğullarını bura – torpaqlarımızın müdafiəsinə çağırıram! Namusu oğullar qoruyar, biz namusuzu qoruyuruq…

1993-cü il mart ayının 27-si. Ülfətin sonuncu döyüşü Kəlbəcər rayonunun Ağda­ban kəndində oldu. Tamamilə mühasirədə olan Ağda­bandan əhali hələ çıxarılmamışdı. Bunun üçün vaxt lazım idi. Düşmən qüvvələrinin həddən çox olmasına baxma­yaraq, Ülfət vəziyyətdən çıxış yolu axtarırdı. Nəyin baha­sına olursa-olsun əliyalın, dinc camaatı ölümün pəncə­sindən xilas etmək lazım idi. Gənc leytenant ölüm-dirim savaşına qalxdı. Qumbaraatanla bir düşmən tankını yan­dırdı, digərinin üstünə tullanaraq əl qumbarası ilə onu da partlatdı. Yerə atılan Ülfət düşmən PDM-nin yaxınlaş­dı­ğını gördü. Sonuncu qumbarası ilə zirehli maşının üstünə sıçrayan və onu da partladan Ülfət özü də qəhrəmancasına həlak oldu.

Ülfətin anası Fatma xala, qohumları, yaxınları özündən də olmasa, ona veriləcək Milli Qəhrəman fəxri adından təskinlik tapmaq istəyindədirlər.

14.09.1993-cü ildə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş Ülfət Kərimovun Milli Qəhrəman adına təqdim edilməsi üçün (ölümündən sonra) lazım olan sənədlər hazırlanıb müvafiq orqanlara verilmişdir. Fatma ana isə düz iyirmi iki ildir bu xəbəri gözləyir. İnanırıq ki, müvafiq təşkilatlar bu məsələ ilə bağlı bütün problemləri vaxtında həll edəcək və gənc qəhrəman layiq olduğu adı tezliklə alacaqdır.

Mənim isə gücüm qələmimə, bir də bu sətirlərə çatır:

Səngərdə bir dağtək dayandın mətin,

Sənin vüqarını sındırmaq çətin,

Qeyrətli oğlusan xalqın, millətin,

Sənsiz ağır keçən illər ağlayır...

Cəmilə ÇİÇƏK,

Prezident təqaüdçüsü,yazıçı-publisist, AJB və AYB-nin üzvü,

AMEA-nın Folklor İnstitutunun doktorantı


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev