Sərdar Süleyman oğlu Abdullayev


Abdullayev Sərdar Süleyman oğlu 1951-ci il yanvarın 21-də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. 1973-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) “Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisası üzrə bitirəndən sonra təyinatla Kalinin vilayətinin Belıy şəhərinə göndərilib, orada Kalinin vilayəti “Kalininmeliorasiya” İstehsalat Birliyinin 2 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsində (PMK-2) mühəndis-mexanik, daha sonra baş mexanik vəzifələrində işləyib. 1977-1980-ci illərdə Sov.İKP Belski rayon komitəsinin təlimatçısı, 1980-1982-ci illərdə isə Kalinin vilayəti “Kalininmeliorasiya” İstehsalat Birliyinin 2 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsinin (PMK-2) rəisi olub.

1982-ci ildə S.Abdullayev Kalinin (indiki Tver) vilayətindəki “Kalininselstroy” İstehsalat Birliyində işə dəvət edilib, 1982-1986-cı illərdə orada 1316 №-li İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstənin (SPMK-1316) rəisi, sonra isə “Kalininselstroymexanizasiya” trestinin müdiri olub.

1986-cı ildən S.Abdullayev “Kalininqrajdanstroy” vilayət İstehsalat Birliyi rəisinin müavini, sonra rəisin birinci müavini vəzifəsində işləyib. Özünü yüksək ixtisaslı mütəxəssis və texniki cəhətdən savadlı rəhbər kimi tanıtmış S.Abdullayev 1991-ci ilin may ayından bu birliyin rəisi təyin edilib, 1993-cü ilin iyul ayından bu günə qədər “Tverqrajdanstroy” Tikinti Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik edir. “Tverqrajdanstroy” şirkətinə S.Abdullayevin rəhbərlik etdiyi illər ərzində onun bilavasitə iştirakı ilə Tverdə və Tver vilayətində milyonlarla kvadratmetr mənzil sahəsi, sənaye və sosial əhəmiyyətli iri obyektlər istifadəyə verilib. Şirkətdə Rusiyanın və xarici ölkələrin - Almaniya, Kanada, Böyük Britaniya, Finlandiya və Türkiyənin inşaat firmaları ilə işgüzar əməkdaşlığa, onların köməyi ilə yeni texnologiyaların və inşaat materiallarının istehsalatda tətbiqinə xüsusi diqqət yetirilir.

2000-ci ildə S.Abdullayev “İqtisadi informasiya əsasında istehsalatın idarə edilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Tikinti sahəsində xidmətlərinə görə 1994-cü ildə S.Abdullayevə “Rusiya Federasiyasının Əməkdar İnşaatçısı” fəxri adı verilib, 1998-ci ildə o, “Dostluq” ordeni ilə təltif edilib və ona “Rusiyanın Fəxri İnşaatçısı” adı verilib.

1998-ci ildə Rusiya İnşaatçılar İttifaqının təqdimatına əsasən, “Alfa Biznes Klub” tərəfindən S.Abdullayevə Londonda nüfuzlu beynəlxalq mükafat - “Yeni şəraitdə biznesin uğurlu tətbiqinə görə” Gümüş mükafat və Qızıl nişan təqdim edilib.

2001-ci ildə Amerika-Rusiya Sənaye-Ticarət Palatasının (ARCCI) Direktorlar Şurası S.Abdullayevə “Stabil yüksək istehsal göstəricilərinə şəxsi töhfəyə görə” nominasiyasında “Golden Galaxy” medalı verilməsi haqqında qərar qəbul edib.

S.Abdullayevin Tver diyarında çoxillik səmərəli işi layiqincə qiymətləndirilib:

2001-ci ildə Tver vilayətinin Qanunverici Məclisi onu Fəxri Fərmanla təltif etməyi qərara alıb. S.Abdullayev həm də xüsusi təltiflərə – 2001-ci ildə “Tver vilayətinin inkişafında xidmətlərinə görə” Tver vilayəti qubernatorunun döş nişanına və 2004-cü ildə “Tver vilayətinin inkişafına böyük töhfəyə, yüksək peşəkarlıq göstəricilərinə görə” Tver vilayəti qubernatorunun Fəxri Fərmanına layiq görülüb. S.Abdullayevin çoxillik səmərəli işi və tikinti sahəsinin inkişafına böyük şəxsi töhfəsi RF Dövlət Tikinti və Mənzil-Kommunal Kompleksi Komitəsinin və RF Dövlət İnşaat, Arxitektura və Mənzil Siyasəti Komitəsinin fəxri fərmanları ilə qeyd edilib.

Rusiya İnşaatçılar İttifaqı tərəfindən RF Regional İnkişaf Nazirliyi və Tikinti və inşaat materialları sənayesi işçilərinin Həmkarlar İttifaqı ilə birgə hər il keçirilən “Ən yaxşı tikinti təşkilatı” Ümumrusiya müsabiqəsinin yekunlarına görə S.Abdullayevə dəfələrlə “Rusiya inşaat kompleksi təşkilatının ən yaxşı rəhbəri” xüsusi sertifikatı təqdim edilib.

S.Abdullayev tanınmış istehsalat rəhbəri olmaqla bərabər, həm də görkəmli alim, iqtisad elmləri doktoru, Tver Dövlət Texniki Universitetinin (TDTU) Fəxri Professoru, Verxnevoljsk Mühəndislik Akademiyasının həqiqi üzvü, strateji uçot və iqtisadi informasiya əsasında inşaat kompleksinin idarə edilməsi sahəsində bir sıra məqalələrin müəllifidir.

S.Abdullayevin adı Rusiyada və xaricdə tərtib olunan “Luçşiye lyudi Rossii”, “Who is who v Rossii” kimi nüfuzlu ensiklopedik nəşrlərə daxil edilib. Fəal həyat mövqeyi ilə fərqlənən S.Abdullayev Sov.İKP Belski Rayon Komitəsinin üzvü, rayon sovetinin deputatı, Tver vilayət Xalq Deputatları Sovetinin deputatı seçilib.

2006-cı ildə S.Abdullayev Azərbaycanın “Tərəqqi” medalı ilə təltif olunub.


Londondakı Rusiya İnşaatçılar İttifaqı “Alfa Biznes Klubu” tərəfindən nüfuzlu beynəlxalq mükafata – gümüş mükafata və “Yeni muhitdə biznesin uğurlu tətbiqinə gorə” qızıl mukafata layiq görülmüşdur. Həmçinin VII Ümumrusiya ən yaxşı tikinti şirkəti musabiqəsində “Rusiya tikinti kompleksini təşkil edən ən yaxşı lider” xüsusi sertifikatına layiq görülmüşdür. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

48 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev