TƏHSİL MÜHİTİNİN YARADILMASI VƏ KLASSİK TƏCRÜBƏ



Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.19-cu maddəsinə və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4-cü bölməsinin 4.7-ci bəndinə əsasən (3), Təhsil Nazirliyinin 4 iyul 2011-ci il tarixli, 1199 nömrəli əmri ilə ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaq məqsədilə, bilavasitə, Təhsil Nazirliyi tabeliyindəki pilot müəssisələri seçilmiş və müxtəlif təmayüllər üzrə tədris planları təsdiq edilmişdir. Bununla yanaşı, müvafiq işçi qrupları tərəfindən aidiyyəti təmayül sinifləri üçün tədris proqramları hazırlanıb pilot müəssisələrə çatdırılmışdır. Təhlil göstərmişdir ki, ötən müddətdə həmin müəssisələrin rəhbərliyi və pedaqoji kollektivlərinin səmərəli fəaliyyəti sayəsində eksperiment müsbət nəticə vermiş, şagirdlərin təhsil nailiyyətlərində nəzərəçarpan irəliləyişlər əldə olunmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.03.2016-cı il tarixli 143 nömrəli əmri ilə 2016-2017-ci tədris ilindən Azərbaycanın 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacağına” aid yeni əmr imzalamışdır. Təhsil Naziri Mikayıl Cabbarovun hər iki əmrindən aydın olur ki, təhsilalanlar mütləq istedad və meyillərinə, bacarıqlarına görə diferensiallaşdırılmalı və təmayüllü siniflərin yaradılması gələcəkdə Respublikanın bütün müəssisələrində tətbiq edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.03.2016-cı il tarixli 143 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalar” da müəyyən edilmişdir. Qaydalara əsasən məktəbin direktoru olmaq iddiasında olan müəllimlər Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada və dörd mərhələdən ibarət olan müsabiqədən keçməlidir. Müsabiqənin üçüncü mərhələsində direktorluğa iddialı olanların imtahan vermələri bir qayda olaraq tələb olunur.

Müasir dövrdə təhsil müəssisələrinin rəhbərlərinin imtahana cəlb olunmasının və təmayüllü siniflərin yaradılmasının aktuallıq kəsb etməsi, yenidən klassik təcrübənin araşdırılmasını aktuallaşdırır. Müəllim nüfuzu, direktor şəxsiyyəti təhsil sahəsində gündəmdən düşməyən müzakirə mövzularına çevrilməsi ilə seçilir. Təhsilalanların və təhsilverənlərin, rəhbər şəxslərin təhsilə münasibəti demək olar ki, cəmiyyətin bütün təbəqələrini narahat edir. Çünki dövlətin və xalqın gələcəyi məhz yetişməkdə olan gənc nəslin müasir dünyada bilik və idarə etmə bacarığından bilavasitə asılıdır.

Ümumtəhsil orta məktəbin direktoru Dövlət, Təhsil Nazirliyi, rayon Təhsil Şöbəsi, Cəmiyyət və yetişdiriləcək gənc nəsil arasında “əlaqələndirici körpü” rolunu oynayır. Dövlətçilik ideyalarının təbliği, təhsilə aid sərəncam və qərarların icrası, şəxsiyyətin formalaşması birbaşa əsas qayəsidir. Direktor yüksək dərəcədə elmi biliyə, idarəçilik bacarığına, pedaqoji-psixoloji qabiliyyətə və cəmiyyətdə xüsusi nüfuza malik olmalıdır. Məktəbin idarə olunmasında qəbul etdiyi qərarları, gələcəyin vətəndaşları olacaq məzunlara aid əmr və göstərişləri elə həssaslıqla verməlidir ki, cəmiyyətin gələcək davamçılarında keçmişdə yol verilmiş nöqsanların fəsadları öz əksini tapmasın. Təhsil islahatlarının həyata keçirilməsi təhsilalanlar üçün olduqca əlverişli məktəb mühitinin yaradılmasını bir qayda olaraq tələb edir. Məktəb mühiti elə olmalıdır ki, şagirdlərin özünü daha rahat hiss etdiyi bir məkan, uşaqların diqqətini və marağını cəlb edən bir müəssisə, daima beyinlərini məşğul edən elmi və cəmiyyətə aid bütün suallarına cavab ala biləcəkləri sahə, müstəqil-yaradıcı fəaliyyətlərinə imkan veriləcək “meydan”, cəmiyyətin mənfiliklərinə qarşı onları qorumağa daima hazır olan mühafizəçi ola bilsin! Bir sözlə, məktəb uşaqlara sahib çıxmağı bacarsın!

Klassik təcrübəni araşdırmaq üçün vaxtı ilə məktəb direktoru kimi böyük nüfuza və təmayüllü siniflərin yaradılmasında nümunə götürüləcək zəngin təcrübəyə malik olan Qurbanov Qəmbər Şəmşir oğlunun fəaliyyətini araşdırdıq. Onun direktorluq fəaliyyəti özünəməxsusluğu ilə seçilir və müasir tələblərin fonunda nümunəvi prinsiplərin həyata keçirilməsində, səmərəli metodların tətbiq edilməsində tövsiyyələrinə bu gün də eytiyac duyulur. Şagirdlərin maraq və meyillərini nəzərə alaraq yaratmış olduğu təmayüllü siniflərin təşkili və idarə olunma mexanizmi diqqəti cəlb edir. Eyni zamanda şəxsində formalaşdırdığı müəllim nüfuzu özünəməxsus dəsti-xətti ilə fərqlənir. 47 il öncədən uzaqgörənlik etməklə, özünəməxsus iş prinsiplərini həyata keçirərək, qeyd edilən xüsusiyyətləri özündə cəmləşdirən və direktorluq fəaliyyətinin bütün istiqamətləri günümüzün aktuallığı ilə səsləşən Q.Ş.Qurbanovun yaratmış olduğu təhsil mühitini tədqiq etmək bütün suallara cavab verməsi ilə seçilir. Elə iş prinsipləri həyata keçirib ki, bu gün təhsil sisteminin aktual problemlərinə cavab verəcək elmi cəhətdən olduqca səmərəli metodları özündə cəmləşdirir.

Klassik təcrübənin tədqiqatı zamanı Qəmbər müəllimin idarəçilik fəaliyyətinin bir neçə istiqamətdə araşdırılmasının daha məqsədə müvafiq olması zərurət kimi meydana çıxdı. Bu istiqamətlərin hər biri məhz məktəbin cəmiyyətdə oynadığı rolun əhəmiyyətini daha aydın şəkildə “görməyə” imkan verir:

1. Təhsilalanların meyil və bacarıqlarının nəzərə alınması ilə təşkil edilmiş təhsil sistemi;

2. Uşaqların sağlamlığının müntəzəm diqqətdə saxlanılmasının həyata keçirilməsi;

3. Təlimin əyanilik prinsipinin birmənalı olaraq icrası;

4. Valideyin-şagird-müəllim üçbucağının qarşılıqlı münasibətlərinin yaradılması;

5. Ətraf mühitin öyrənilməsi və mühafizəkar şəxsiyyətin yetişdirilməsi;

6. Ailə-məktəb münasibətlərinin səmərəli təşkili;

7. Təhsilalanların cəmiyyətlə vəhdəti;

8. Müəllimlərin özünütəhsil prinsipinin həyata keçirilməsinin təşkili.

Q.Ş.Qurbanov 1966-1971-ci illərdə Azərbaycanın ucqar dağlıq rayonlarından birində, paytaxtdan 450 km uzaqda yerləşən Kəlbəcər şəhər 2 №-li orta məktəbində direktor kimi fəaliyyət göstərmişdir. Əvvəllər işlədiyi Ağdaban kənd məktəbindəki direktorluq fəaliyyəti rayon rəhbərliyinin və RTŞ-nin diqqətini cəlb etmişdi. Onun bacarığından daha səmərəli istifadə etmək üçün 1000 nəfərə qədər şagird kontingenti olan şəhər 2 №-li orta məktəbinə direktor təyin etməyi məqsədə müvafiq saymışdılar. Məktəb direktorunun ilk görəcəyi iş maddi-texniki bazanın yoxlanması və müəllim kollektivi ilə yaxından tanışlıq oldu. Məktəb sənədlərini araşdırdı, şagirdlərin təlim keyfiyyətinin rayon üzrə reytinqini müqayisə etdi, müəllimlərlə söhbətdən təhsilalanların meyil və bacarıqlarının istiqamətlərini müəyyənləşdirdi. İlk dəfə olaraq məktəbdə kabinet sisteminə və şagirdlərin meyil və bacarıqlarını nəzərə alaraq diferensiallaşdırmanı həyata keçirməyə qərar verdi. Məktəbin Pedaqoji Şurasını çağırıb fənn müəllimləri ilə məsləhətləşərək qərarını qanuniləşdirdi. Fizika, kimya, biologiya, dil-ədəbiyyat, xarici dillər, riyaziyyat, coğrafiya, tarix, musiqi, əmək, rəsm və rəsmxət kabinetləri yaradıldı. Şagirdlər arasında maarifləndirmə işləri həyata keçirildi və təhsilalanlar seçdikləri fənn üzrə təmayüllü siniflərdə qruplaşdırıldı. Təhsilalanların keyfiyyətli bilik və bacarıqlar əldə etmələri üçün təmayüllü siniflərə fənn müəllimlərinin də seçilərək müəyyənləşdirilməsi vacib məsələlərdən biri idi. Ona görə təmayüllü siniflərdə dərs deyəcək müəllimlər də bilik və bacarıqlarına görə diferensiallaşdırılaraq təyin edildi. Eyni zamanda fənlərin daha dərindən mənimsənilməsini həyata keçirmək üçün fakultativ məşğələlər və dərnəklərin yaradılması da zərurət idi. Sinif rəhbərlərinin təyinatı da fənlərə görə müəyənləşdirildi. Hər sinifdə şagirdlərin sayı 24-26 nəfər idi. Valideyinlərin təhsili və məşğuliyyəti uşaqlarla məşğul olmalarına imkan vermirdi. Bunu nəzərə alaraq şagirdlərin dərsdən kənar vaxtlarına nəzarət etmək və verilmiş tapşırıqların icrasına dəstək vermək üçün məktəbdə günüuzadılmış qruplar yaradıldı. Əvvəlcədən valideyinlər arasında maarifləndirmə işləri aparıldı və belə qrupların yaradılmasının məqsədləri izah olundu. Könüllülük prinsipini əsas götürərək valideyinlərin ərizələrinə əsasən qruplar yaradıldı. Günüuzadılmış qruplara təyin edilmiş müəllimlər dərsdən sonra uşaqların istirahətlərinin səmərəli keçməsini, günorta lazımı səviyyədə qidalanmasını, ev tapşırıqlarının icrasını nəzarətə götürdülər. Günüuzadılmış qruplara cəlb olunmuş uşaqların təhsildəki uğurlarını görən daha çox valideyin övladlarının belə qruplara yazılmasın üçün məktəb rəhbərliyinə müraciət etməyə başladılar. Rayon Mərkəzi kitabxanası ilə məktəbin sıx əlaqəsi təşkil olundu. Kitabxanaçılar müntəzəm məktəbə gələrək kitabxanaya daxil olmuş yeni kitabların siyahısını təqdim edir və şagirdlərin köməyi ilə oxucular konfransları təşkil edirdilər. Belə konfranslar şagirdlərin kitab oxumalarına marağını gücləndirirdi. Orta məktəbi olmayan və təhsillərini şəhər məktəbində davam etmək üçün kəndlərdən gələn şagirdlərin uzaq yol gedib-gəlmələrininin qarşısını almaq məqsədi ilə məktəbin yataqxana korpusu tikilərək istifadəyə verildi. Lazım olan müasir avadanlıqlarla təchiz olundu. Dayələr, aşpazlar və gecə-gündüz onlara nəzarət etmək üçün növbətçi müəllimlər təyin edildi. Məktəbdə təhsilində, tərbiyəsində və ictimai işlərdə fəallığı ilə fərqlənən şagirdlərin yay aylarında istirahət etmələri üçün Azərbaycanın digər bölgələrindəki pioner düşərgələrində və Krımdakı “Artek” düşərgəsində dincəlmələrinə şərait yaradıldı. Məktəbdə bütün şagirdlərin eyni hüquqa malik olması, hər kəsə eyni tələbkarlıq və məsuliyyətlə yanaşılması məktəb direktorunun şüarına çevrildi. Kasıb-varlı, savadlı-savadsız, rəhbər və ya sıravi vətəndaş uşaqlarına fərq qoyulmadı. Valideyinlərin qiymət diqtəsinə birmənalı olaraq yol verilmədi. Beləliklə, Q.Ş.Qurbanovun rəhbərliyi altında məktəb demokratik və tam müstəqil fəaliyyət göstərməsinə start verdi.

Təhsilalanların təhsildən öncə sağlamlığının qayğısına qalmaq əsas şərtlərdən biri idi və bu sahədə məktəb öz sözünü deməliydi. Bunun üçün direktor tərbiyə işləri üzrə direktor müavini və bədən tərbiyə müəllimləri ilə məsləhətləşmələr apardı. Qərara alındı ki, dərslər səhər saat 08.00-da başlayır, lakin şagirdlərin məktəbə 07.30-da gəlmələri təşkil edilsin. 30 dəqiqə ərzində şagirdlər məktəbin önündə siniflər üzrə sıraya düzülüb, idman rəhbərinin göstərdiyi hərəkətləri təkrar etməklə, səhər gimnasitkasına cəlb edilsinlər. Bununla məktəb səhər gimnastikasını etməyi şagirdlərin gündəlik həyat tərzinə çevirməyi qarşısına məqsəd kimi qoydu. Bütün siniflər üzrə şagirdlər maarifləndirildi və bir qayda olaraq qəti şəkildə onların məktəbə səhər dərsdən yarım saat əvvəl gəlmələri tapşırıldı. Hər gün bədən tərbiyəsi müəllimləri, məktəbin direktoru, tərbiyə işləri üzrə direktor müavini, hərbi rəhbər və tədris işləri üzrə müavin şagirdləri lazımınca qarşılamaq üçün səhər tezdən məktəbə gəlirdilər. Şagirdlər 07.30-da məktəbin həyətində sıraya düzülürdülər. Birinci dərsi olan fənn müəllimləri də şagirdlərinin yanında dayanırdı. İdman rəhbərinin etdiyi gimnastik hərəkətləri birlikdə təkrar edirdilər. Gecikən şagirdlər digər bədən tərbiyə müəllimlərinin göstərişləri ilə arxada dayanaraq idman edənlərə qoşulurdular. Beləliklə, bütün müəllimlər və şagirdlər səhər gimnastikası ilə məşğul olurdular. İdmana gecikən şagirdlərin birinci dərsə girməsi qadağan edilirdi və yarım saat idman müəllimlərinin göstərişi ilə gimnastika etməklə cəzalandırılırdılar. Gimnastika etdikdən sonra dərsə getməyə icazə verilirdi. Belə şagirdlər növbəti günlərdə dərsə vaxtında gəlməyə çalışırdılar. Hər gün sinif rəhbəri tərəfindən təyin olunmuş təmizlik üzrə sinif nümayəndələri sinif otağının qarşısında dayanaraq şagirdlərin məktəbə təmiz və səliqəli, məktəbli formasında gəlmələrini bir-bir yoxlayırdılar.

Təlimin əyaniliyi bilik və bacarıqların müstəqil mənimsənilməsinin əsasını təşkil etdiyindən məktəbdə Təlim texniki vasitələri (TTV) adlı kabinet yaradıldı. TTV kabinetinə kabinet müdiri və baş laborant təyin edildi. Kabinet bütün fənlər üzrə tədris filmləri, diaskop, filmoskop, modellər, maketlər, kolleksiyalar, herbarilər, elmi-metodiki ədəbiyyatlar, xəritələr, sxemlər, çoxlu sayda cədvəllər, foto-şəkillər, cihazlar, təlim avadanlıqları və s. təchiz edildi. Bütün fənn kabinetlərində “Ukrayna” kino aparatı quraşdırıldı. Kabinetlər lazımı avadanlıqlara təmin edildi. Lakin elə vəsaitlər vardır ki, onları yalnız dərs zamanı şagirdlərin istifadəsinə verilməsi məqsədə müvafiq idi. Belə vəsaitlər məhz TTV kabinetində saxlanırdı. Fənn müəllimləri bir gün öncə növbəti gündə tədris edəcəyi mövzunun adını və ona lazım olacaq təlim vəsaitinin, avadanlığın, tədris filminin və s. adını yazıb TTV- kabinetinin laborantına verirdi. Laborant təlim prosesini əyaniləşdirmək üçün lazım olan avadanlığı müəllimlərin sifarişi üzrə seçib hazırlayırdı. Müəllimlər təlim avadanlıqlarını sinfə apararkən kabinetdəki xüsusi kitaba imza edirdilər. Bu kitabda fənnin, müəllimin adı, tədris ediləcək mövzu, götürülən avadanlığın adı, müəllimim imzası qrafaları ayrılmışdı. Dərsdən sonra fənn müəllimləri sinfə apardıqları avadanlıqları geriyə qaytarırdılar və yenidən kitaba imza edirdilər. Kitaba baxmaqla məktəbin direktoru hansı fənn müəllimlərinin kabinetin avadanlığından səmərəli istifadə edərək dərsini əyaniləşdirdiyini müəyənləşdirirdi.

Valideyinlərin məktəbə cəlb olunması əsas və çətin məsələ idi. Təlimin keyfiyyətinin yüksəlməsində valideyinlərin məktəblə əlaqəsini təşkil etmək zəruri və həlli vacib olan şərtlərdəndir. Lakin valideyinləri məktəbə cəlb etmək o qədər də asan deyildi. Anaların əksəriyyəti səkkizillik və ya orta təhsilə malik idi. Ataların bəziləri dövlət müəssisələrində çalışsa da, əksəriyyəti təsərrüfatla məşğul olurdu. Bir sözlə valideyinlərin həyat tərzi elə idi ki, onların daima məşğul olduqları gündəlik işlərindən ayrılıb məktəbə gəlmələrini təşkil və təmin etmək çox çətin görünürdü. Bunun üçün valideyinlər arasında maariflənməni həyata keçirməklə yanaşı, onların məktəbə cəlb olunması üçün situmul yaradılmalıydı. Bu işlərin bir neçə istiqamətdə aparılması planlaşdırıldı:

-Rüb ərzində bir dəfə valideyin iclası çağırıb şagirdlərin müvəffəqiyyətlərini onlarla birlikdə müzakirə etmək;

-Valideyinlərin müntəzəm olaraq təlim prosesini izləməsini təşkil etmək;

- Valideyinlərin həyatına sitimul verməkdən ötəri onlar üçün məktəbdə əyləncəli tədbirləri həyata keçirmək;

-Şagirdlərin vasitəsi ilə valideyinlərin dövlətçilik, vətənpərvərlik, dünyəvilik ruhunda maariflənmələrini təşkil etmək;

-Uşaqların ailədə pedaqoji-psixoloji cəhətdən düzgün tərbiyə olunmasında valideyinlərə yardım etmək;

-Şagirdlərin (xüsusən qızların) məktəbdən yayınması və erkən nigaha cəlb olunması kimi neqativ halların aradan qaldırılmasını təmin etmək üçün Mərkəzi xəstəxananın həkimlərinin, rayon Daxili işlər Şöbəsinin Uşaq inspektorlarının məktəblə əlaqəsini, bu barədə valideyinlərin maarifləndirilməsini təşkil və təmin etmək;

-Təlimdə aşağı nəticə göstərən şagirdlərin valideyinlərinə ailədə uşağa dəstək nümayiş etdirməyin səmərəli üsullarını öyrətmək.

Ətraf mühitin öyrənilməsi və şagirdlərin təbiətə mühafizəkarcasın yanaşma ruhunda tərbiyə olunmasını təşkil etmək üçün fənlərə uyğun müntəzəm iş aparmaq lazım idi. Rayon təbiətinin gözəlliyi, qədim maddi-mədəniyyət obyektlərinin olması, sənaye sahələrinin mövcutluğu, kolxoz və sovxozların fəaliyyəti bu işlərin həyata keçirilməsi üçün əlverişli şərait yaradırdı. İş prosesi bir neçə istiqamətdə planlaşdırmanı tələb edirdi:

-Müxtəlif fənlərə uyğun olaraq təbiətə, maddi-mədəniyyət abidələrinə, sənaye və kənd təsərrüfatı sahələrinə ekskursiyaların təşkili;

-Məktəbdə şagirdlərin köməyi ilə tarix-coğrafiya diyarşünaslıq guşəsinin yaradılması (Bu ideya gələcəkdə Kəlbəcər tarix-diayrşünaslıq muzeyinin yaradılmasının təməlini qoymuş oldu);

-Torpaqların sürüşmə zonalarında Rayon yaşıllaşdırma idarəsi ilə birlikdə ağac əkinlərinin salınmasında müəllim və şagird kollektivinin iştirakının təşkili;

-Şagirdlərin köməyi ilə kağız, şüşə, metal, istifadəyə yararsız köhnə paltarların toplanmasını və təkrar emala cəlb edilməsini təşkil etməklə, şəhər ərazisinin zibillənməsinin qarşısının alınması və onlardan əldə edilmiş vəsaitlə məktəbin maddi-texniki bazasını gücləndirmək;

-Məktəbin həyətyanı sahəsini geniş tədris-təcrübə meydanına çevrimək;

-Məktəbin emalatxanasını və əmək otağını zəngin iş sahəsinə çevirməklə, oğlanlara dülgərlik, qızlara kulinariya və tikiş işlərinin öyrədilməsini həyata keçirmək;

-Məktəb avadanlığına şagirdlərin mühafizəkarcasın yanaşmasını təmin etmək üçün “Məktəb bizim evimizdir!” devizi ilə sinif otaqlarının hər gün səliqəyə salınmasında və lazım gəldikdə təmirində şagirdlərin köməyindən istifadə etmək (könüllülük prinsipi ilə).

Ailə-məktəb münasibətlərinin səmərəli təşkil olunması təlimə münasibətin və keyfiyyətin yüksəlməsinin qarantı idi. Bu baxımdan münasibətlər pedaqoji və psixoloji cəhətdən olduqca səmərəli üsulları tətbiq etməklə həyata keçirilməliydi. Müxtəlif fənlərdən təşkil olunmuş dərnəklər bu işlərin öhtəsindən asanlıqla gəlirdi. “Ədəbiyyat” dərnəyinə cəlb olunmuş şagirdlərin rayonun “Yenilik” qəzetində dərc olunmuş məqalələri, hekayələri, şeirləri böyük sevincə səbəb olurdu. Eyni zamanda da şagirdlər Sovet-Alman müharibəsində itkin düşmüş qohumlarına həsr etdikləri yazıları valideyinlərin diqqətini məktəbə yönəldirdi. Yaşlı nəslin nümayəndələrinin köməyindən istifadə edərək şagirdlərin folklor nümunələrini toplamaları ağsaqqal babaların və ağbirçək nənələrin məktəbə münasibətini dəyişirdi. “Tarix” dərnəyinin üzvlərinin əhalidən topladıqları sənətkarlıq nümunələri diyarşünaslıq işlərinə bütün əhalini səfərbər etmişdi. “Coğrafiya” dərnəyinin üzvləri rayonda bitən bitkilərin və heyvanat aləminin, torpaq örtüyünün, yer adlarının öyrənilməsini həyata keçirərkən valideyinlər və digər şəxslər böyük həvəslə şagirdlərə yardım edirdilər. Fənn müəllimlərinin rəhbərliyi altında şagirdlərin hazırladıqları tamaşalara, musiqi və rəqs nömrələrinə baxmaq üçün valideyinlər həvəslə məktəbin kulubuna gəlir və övladlarını alqışlamaqdan qürur duyurdular. Ayda bir dəfə məktəbin kulubunda valideyinlər üçün kino-filmin nümayiş etdirilməsi təşkil olunurdu və valideyinlər məmuniyyətlə gəlib tamaşa edirdilər. Məktəbin radio qovşağı hər gün birinci və ikinci növbə arasında 20 dəqiqəlik efirə çıxırdı, aparıcı və verilişə dəvət olunmuş şagirdlərin səsini məktəbdən kənardan da eşitmək mümkün idi. Məktəbin yanından keçənlər, ətraf həyətlərdə iş görən valideyinlər uşaqlarının səsini efirdən eşidib fərəhlənirdilər. Sinif rəhbərlərinin və fənn müəllimlərinin “Valideyinlərlə söhbət”, “Şagirdlərin davranış” dəftərləri məktəbdə valideyin-müəllim münasibətlərinin aynasına çevrilmişdi. Avqust ayında birinci sinifə dərs deyəcək bütün sinif müəllimləri ev-ev gəzərək məktəb yaşı çatmış uşaqların siyahısını tərtib edirdilər. Ailə mühiti ilə tanış olur, uşaqların məktəbə hazırlanması üçün valideyinlərin maariflənməsini həyata keçirir, məktəbli uşaqlarla necə davranmaq lazım gəldiyini onlara izah edir və şagirdlərin xarakterini öyrənirdilər. Məktəb-ailə münasibətlərinin necə tənzimlənməsini və bu sahədə valideyinlərin üzərinə düşən məsuliyyəti izah edir, uşaqların təhsil almasının vacibliyini əsaslandırır və bu barədə dövlətin qanunlarına istinad edirdilər.

Təhsilalanların cəmiyyətlə vəhdəti gələcək vətəndaşların cəmiyyətə adaptasiya olunmasını asanlaşdırır. Bunun üçün şagirdlərin cəmiyyətlə münasibətlərini yaratmaq vacib idi və bu işdə bütün məktəb kollektivi aktiv iştiak etməliydi. Rayon rəhbərliyi ilə məsləhətləşmələr işin təşkil olunma mexanizmini asanlaşdırdı. Məktəb kollektivi fəsillər üzrə əməkçilərə müxtəlif işləri görmək üçün köməyə cəlb olundular:

-Yaz fəslində rayonun torpaq sürüşməsi aktivləşən zonalarında ağac əkmə işlərində, yay otlaq və biçənəklərinin daşlardan təmizlənməsində, texnikanın işləməsi mümkün olmayan ərazilərdən əkin sahələrinə suvarma arxlarının çəkilişində, dərman bitkilərinin toplanaraq təhvil verilməsində, kolxoz və sovxozların ot tədarükünün həyata keçirilməsində birbaşa iştirak edirdilər;

-Sinif rəhbərlərinin köməyi ilə fəal şagirdlərdən təşkil olunmuş qruplar imkansız və köməksiz qocaları müəyyənləşdirir, dərsdənkanər vaxtlarında ev və həyətyanı sahələrindəki işlərində, alış-veriş etmələrində onlara kömək edirdilər;

-Fənn müəllimlərinin məsləhət və göstərişi ilə əlaçı şagirdlər zəif oxuyan şagirdlərə təhkim olunurdular və onların müstəqil çalışmaları üçün kömək etməyə cəlb olunurdular. Bununla da zəif oxuyan şagirdlərlə əlaçılar arasında əməkdaşlıq yaranırdı və şagirdlər bir-birlərinə kömək etmək, əməkdaşlıq ruhunda tərbiyə olunurdu;

- Müntəzəm olaraq müharibə və əmək veteranlarının, elm xadimlərinin, şair və

yazıçıların, rəhbər şəxslərin, rayonun məşhur adamlarının şagirdlərlə görüşü təşkil olunurdu. Belə görüşlər şagirdlərin peşəyönümlü tərbiyə olunmasını asanlaşdırırdı;

-Məktəbin hərbi rəhbərinin təşkilatçılığı ilə və Rayon hərbi komissarlığının yaxından dəstəyi ilə şagird qrupları Sovet-Alman müharibəsində itkin düşmüş insanların siyahısını tərtib edir və axtarılması üçün Sovetlər ölkəsinin müxtəlif arxivlərinə məktublar ünvanlayırdılar. Nəticələrin olub-olmamasından asılı olmayaraq şagirdlər hərbi vətənpərvərlik ruhunda tərbiyə olunurdu;

-Şagirdlər müxtəlif məktəblərin şagird kollektivini öz tədbirlərinə dəvət edirdilər və nəticədə məktəblərin şagird kollektivlərinin arasında sıx əməkdaşlıq yaranırdı;

-Məktəblər arasında əldə edilmiş razılaşmalara əsasən bilik və bacarıq sahələrində şagird komandalarının yarışları təşkil olunurdu. Nəticədə, bilik və bacarıqların mənimsənilməsində sağlam rəqabət yaranırdı;

-Rayonun idman yarışlarında, əmək bayramlarında, nümayişlərdə, ümumrayon iməciliyində şagirdlər fəal və müntəzəm iştirak etməklə cəmiyyətin tam hüquqlu şəxsiyyətinə çevrilirdilər.

Müəllimlərin özünütəhsil prinsipinin həyata keçirilməsinin təşkili məsələsi olduqca vacib idi. Çünki müəllimlərin daima elmi, metodiki, psixoloji və pedaqoji yenilikləri öyrənmələri onların müasir müəllim olmalarının qarantı idi. Əgər müəllim müntəzəm elm öyrənməsə, inkişaf edən şagirdlərindən geri qalar. Müəllimin isə şagirdlərindən geri qalması müəllim nüfuzuna xələl gətirəcək ən əsas amildir. Bu problemin öhtəsindən lazımınca gəlmək üçün müəllimləri birmənalı olaraq özünütəhsilə cəlb etmək zərurət idi. Q.Qurbanov elə ilk Pedaqoji Şurada müəllimlərə öz fikrini bildirdi və yekdilliklə qərar qəbul edildi. Hər təhsil ilinin əvvəlində bütün müəllimlər “Şəxsi təhsil planı” işləyib məktəbin direktoruna təsdiq üçün təqdim edirdilər. Plan 5 bölmədən ibarət idi:-elmi, metodiki, pedaqoji, psoxoloji ədəbiyyatlar və cari oxu. Plan üzrə qeyd olunmuş elmi ədəbiyyatlar, gündəlik qəzet və jurnallar tədris ilinin sonuna qədər müəllimlər tərəfindən oxunaraq, əldə edilmiş yeniliklər metodbirləşmə iclaslarında müzakirə olunurdu. Müxtəlif fənn metodbirləşmə iclasları müxtəlif saatlara təyin olunurdu. Məktəbin direktoru şəxsən metodbirləşmə iclaslarında iştirak edərək müzakirələri dinləməklə, müəllimlərin özünütəhsilinə birbaşa nəzarət edirdi.

Metodistlərin belə bir deyimi var:-Bu gün təqdim olunmuş yeni metod unudulmuş köhnə metoddur!-Bu məsəl günümüzün reallığı ilə həmahəng səsləşir. Belə ki, müasir dövrdə Respublikamızın məktəblərində təmayüllü siniflərin eksperiment kimi yaradılması, məktəb direktorlarının kurslara cəlb olunması və imtahan verməklə təyinat almaları aktuallıq kəsb etmişdir. İndi yenilik kimi qəbul olunmuş təmayüllü siniflərin yaradılması , məktəb direktorlarının bacarıqlarına verilən tələblərin icra mexanizminin yerinə yetirməsi üçün məhz klassik təcrübənin öyrənilməsi daha məqsədə müvafiq görünür. Çünki ölkəmizdə klassik təcrübənin öyrənilməsi üçün məhz Qəmbər Qurbanov kimi şəxslərin tövsiyyələrinə hər birimizin eytiyacımız var. Mirvari Verdiyeva​ Azərbaycan Dövlət Pedaqoji Universitetinin İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodkiası kafedrasının dosenti

#Alimlər #Ziyalılar #Yazar #Dövlətxadimləri

56 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev