“Uğurlarıma görə babam şair və aşıq Qurbana, atam Dədə Şəmşirə borcluyam”


"Atam mənə dedi ki, ya ölməlisən, ya da əməlinlə, işinlə Heydər Əliyevin etimadını doğrultmalısan"


Onu Azərbaycanda hər kəs tanıyır. Qənbər Qurbanov Aşıq Ələsgərin yaxın dostu, öz dövrünün sinədəftər şairi, aşıq sənətinin mahir bilicilərindən biri olan və müdrik el ağsaqqalı Qurbanın nəvəsi, el aşığı Dədə Şəmşirin oğlu olmaqla yanaşı, xalqına, elinə, obasına xidmət üçün 79 illik ömrünün böyük bir qismini müxtəlif dövlət vəzifələrində keçirib. Kəlbəcərdə, Gədəbəydə və digər rayonlarda "məmə yeyən"dən "pəpə deyənə" kimi hər kəs "Şəmşiroğlu" təxəllüslü şair-publisist Qənbər müəllimin yaradıcılığından xəbərdardır. Ömrünün ahıl çağında mütaliə etməyi də çox sevir. Kitab, jurnal və qəzet oxumaq sanki hobbisinə çevrilib. Qənbər Şəmşiroğlunun Azərbaycan mətbuatına və media nümayəndələrinə münasibəti normal olsa da, müsahibə verməklə arası yoxdur. Ancaq tacir-tüccar dili ilanı yuvasından çıxardar, deyirlər. Babamgillə qohumluğundan istifadə edib onunla görüşəndə şirin dilimi işə salıb necə deyərlər, onun "saqqızını oğurlamağa" və müsahibə almağa nail oldum.


- Qənbər müəllim, keçmiş SSRİ dövründə yüksək vəzifələrdə işləmək çox çətin və zor idi. Çünki həmin dönəmlərdə əksər məmurlar "donos"ların, anonim məktubların qurbanı olub. Bəs siz necə, belə acınacaqlı durumla üz-üzə qalmısınızmı? - Haqlısınız. O zamanlar anonim məktublar yazmaq çox dəbdə idi. Ən ciddi problem də o idi ki, sıravi vətəndaş şəxsi marağını təmin etməyən məmurlardan "donos" yazır, bəzi məmurlar isə şəxsi qərəzçiliyi olan, gördüyü işlərdən xoşları gəlməyən vəzifəlilər barədə anonim məktublar yazdırırdılar. Bu məktublarda xoşa gəlməyən, könül açmayan, insanların şərəf və ləyaqətlərini təhqir edən ifadələr belə işlədilirdi. Həmin vaxtlarda torpaq sahələrini satmaq, yaxud zəbt etmək qadağan idi. Hətta Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən, bu qadağaya məhəl qoymayan şəxs həbs edilir və barəsində cinayət işi qaldırılırdı. Əgər hər hansı bir ərazidə dövlətə məxsus torpaq sahəsi zəbt olunurdusa, bununla bağlı tədbir görməyə məcbur idik. Amma tədbir görüləndə aləm qarışırdı bir-birinə. Haqqımızda yazılan anonim məktubların sayı bilinmirdi. Yaxud, dövlət hesabına maşın yalnız növbəsi çatana, yaxud qabaqcıllar sırasında olan şəxsə verilirdi. Amma maşın növbəsində dayanmayan, qabaqcıllar sırasında olmayan birisi gəlirdi ki, mənə də maşın verin. Onun istəyini yerinə yetirməyəndə anonim məktub yazırdı. Məktubda qeyd olunurdu ki, guya maşınlar pulla satılır, rüşvət istəyirlər və sair. Bəla da orasındaydı ki, həmin məktublar mütləq nəzarətə götürürdü. Yəni, nəzarətə götürüləndə bu məktubda yazılanların hamısı bircə-bircə və dəqiqliklə yoxlanılırdı. Bu, həm işimizə mane olurdu, həm də qiymətli vaxtımızın xeyli hissəsi itkiyə gedirdi. Üstəlik, sorğu-suallardan adamın əsəbi tarıma çəkilirdi. Bir sözlə, tədbir görmək çox çətin idi. Ona görə də yersiz yoxlamalardan bezən məmurlar çox idi. Hətta haqqında anonim məktublar yazılmasına görə vəzifəlilər arasında ürək, əsəb və s. xəstəliklərə düçar olanlar da var idi. Amma bir dəfə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsində bu məsələ müzakirə olundu və qeyd edildi ki, anonim yazılan məktublar dövlətin siyasətinə zidd olduğu üçün buna ehtiyatlı yanaşmaq lazımdır. Bundan sonra anonim məktubların sayı azaldı. Amma bütün bunlara baxmayaraq, mən işmidə, əməlimdə düzgün adam olduğum üçün hər şeyə tab gətirdim və təqaüdə çıxanadək vəzifədə işlədim.


- Siz el-obada zarafatcıl bir insan kimi tanınmısınız. Amma müxtəlif vəzifələrdə çalışdığınız dövrlərdə həddən artıq tələbkar, nöqsanlara qarşı barışmaz mövqe tutan bir məmur olduğunuzu deyirlər. Hətta bunu ümumilli liderimiz Heydər Əliyevə əqidəcə bağlılığınızla əlaqələndirirlər. Bu barədə nə deyə bilərsiniz? - Kəlbəcərdə raykomun ikinci katibi işləyəndə haqqımda yazılan anonim məktublara görə möhkəmcə əsəbiləşmişdim. Atam halımı görüb nə baş verdiyini soruşdu. Hər şeyi danışdım, sonra da dedim ki, Heydər Əliyevin mənə verdiyi tapşırıqlardan bir onun, bir də mənim xəbərim var. Amma mənə bu tapşırıqları yerinə yetirməyə imkan vermirlər. Anonim məktublar məni boğaza yığıb, daha dözə bilmirəm, vəzifədə işləmək istəmirəm. Dədə Şəmşir soruşdu ki, Kəlbəcərdəki müəllimlərin sayı nə qədərdir? Cavab verdim ki, 1200-1300 müəllim var. Atam dedi ki, a bala, Heydər Əliyev bu qədər müəllimin arasında bircə sənə etibar edərək vəzifəyə qoyub. Əgər işləyə bilməyəkdinsə, Heydər Əliyev səni bu vəzifəyə təyin etmək üçün yanına çağıranda razılıq verməyəydin. Sən ya ölməlisən, ya da verilən tapşırıqları yerinə yetirməlisən. Dözməlisən, zəhmət çəkməlisən və əməlinlə, işinlə Heydər Əliyevin etimadını doğrultmalısan. Atamın bu sözlərini qulaqlarımda sırğa etdim. Hər çətinliyə dözdüm. Kəlbəcərdə Heydər Əliyevin dəsti-xəttini, onun yürütdüyü dövlət siyasətini dəstəklədiyim və icra etdiyim üçün təkcə1971-ci ildən 1988-ci ilədək Kəlbəcərdə ikinci katib vəzifəsində çalışmışam. - Eşitdiyimə görə, Azərbaycanda gündəlik yazan yeganə məmur olmusunuz. Hətta iclaslarda, tədbirlərdə ayrı-ayrı qeydləri gələcəkdə yazacağınız gündəlik üçün götürməyinizdən kimsənin xəbəri olmayıb… - Doğrudur. 1953-cü ildə Ağdam Dövlət Müəllimlər İnstitutunu bitirərkən, tələbə yoldaşlarımla bircə qərara gəldik ki, başımıza gələcək hər şeyi qələmə alaq, qeyd kimi gündəlikdə yazaq. Ona görə də 1953-cü ilin may ayının 23-dən bu günədək gündəlik yazıram. Hətta ikinci katib kimi apardığım iclaslarda qeyd götürmək imkanım olmasa belə, maraqlı məqamları, büroda olan əhvalatları yadımda saxlayıb sonradan onları cibimdə gəzdirdiyim bloknota köçürürdüm. "Kəlbəcər: ömrüm, həyatım" adlı kitabımın 1-ci hissəsində də həmin qeydlərimdən istifadə etmişəm. Onu da deyim ki, müəyyən müddəti əhatə edən 8 bloknotum itib, bir neçə əlyazmam isə ermənilər Kəlbəcəri işğal edəndə orada qaldı. Amma özümlə Bakıya gətirdiyim gündəliklərim kitablarımın yazılmasında çox köməyimə çatıb. - Atalar oğulları, oğullar da ataları ilə fəxr etməli və öyünməlidirlər. Amma oğullar atalarının şan-şöhrətlərinin kölgəsində dolanmamalıdırlar. Bu baxımdan siz necə düşünürsünüz: sizi işinizə və yaradıcılığınıza, yoxsa atanıza görə daha çox tanıyırlar?


- Mən şair və aşıq Qurbanın, Dədə Şəmşirin ocağında dünyaya göz açdığım üçün şeir-sənətə maraq mənə irsən, gendən keçmədir. Amma, vallah, mən heç vaxt özümü atamla müqayisə edə bilmərəm. Təbii ki, məni daha çox babama, atama görə tanıyıb-seçiblər, hörmət ediblər. Həyatım boyunca qazandığım uğurlarıma görə də babama və atama borcluyam. - Bir dəfə mərhum şairimiz Nüsrət Kəsəmənlidən onun ilham mənbəyi barədə soruşdum. Cavab verdi ki, mən gözəllərdən və gözəllikdən ilham alıram. Bəs Qənbər Şəmşiroğlunun ilham mənbəyi, ilham pərisi nədir? - Hər bir yaradıcı adamın mütləq qida aldığı bir ilham qaynağı olmalıdır. Dədə Şəmşir deyirdi ki, ilham mənbəyi olmayan şair, yaxud digər yaradıcı şəxs nə yazırsa yazsın, onun yazdığı təsirli olmaz. Mənim əsas ilham mənbəyim ailəm olsa da, rəhmətlik Nüsrət Kəsəmənli kimi gözəllərdən və gözəllikdən də güc, ilham alıram. - Keçmiş SSRİ dövründə Nazirlər Sovetindəki ədəbiyyat şöbəsinin - "qlavlit"ın (baş ədəbiyyat şöbəsi) rəy vermədiyi nəsr və poeziya janrında yazılmış kitablar çap oluna bilməzdi. Amma müstəqillik qazanandan üzübəri azad sahibkarlıq və bazar iqtisadiyyatı inkişaf etdiyindən nəşr olunan kitabların sayı-hesabı bilinmir. Bu baxımdan şair-publisist kimi hazırki ədəbi mühiti necə qiymətləndirirsiniz? - Tamamilə haqlısınız. Sovetlər dönəmində kitabları plana saldırmaq və çap etdirmək çox çətin idi. Yaxşı xatirimdədir, 1955-ci ildə atamın şeirlərini çap etdirmək üçün "Azərnəşr"ə təqdim etmişdim. Amma atamın şeirlərindən biri tənqidi olduğu üçün "qlavlit" kitabın çapına icazə vermədi. Mən Kəlbəcərdən Bakıya gəldim və atamın adından "Azərnəşr"in direktorunun adına ərizə yazdım ki, həmin şeirin kitabdan çıxarılmasına etiraz etmirəm. Onu kitabdan çıxardıqdan sonra plana düşdü. Nəhayət 1959-cu ildə bu kitabı "Aşıq Şəmşirin şeirləri" adı ilə nəşr etdirə bildik. Belə hadisələrin şahidi çox olmuşam. Amma müasir dövrümüzdə "qlavlit" olmadığından, nəzarət edilmədiyindən, pulun varsa, kitab nəşr etdirmək çox asandır. Yazılanların yaxşı, ya pis olmasına gəlincə, buna ölkə ictimaiyyətinin qərar verməsi daha məqsədəuyğundur. Bir dəfə Dədə Şəmşirdən soruşdum ki, niyə demirsən, filankəs yaxşı yazır, filankəs də pis. Dedi, a bala, Kəlbəcər meşələrindəki meyvələr arasında bal kimi şirin olanları da var, zəhər kimi turş, acı olanları da. Amma sən onların hamısından dadmısan. Şeirlər də həmin meyvələr kimidir, şirini də var, acısı da. Allah həmin meyvələri o cür yaratdığı kimi, hər kəsə fərqli istedad verib. Ona görə də şeirlər arasında yaxşısı da var, yamanı da. Ancaq mən belələrinə güldən ağır söz deyə bilmərəm. Sadəcə yol göstərə bilərəm ki, şeirləri necə yazmaq olar, hansı ifadəni necə işlətmək olar. Sizə də başqalarının yaradıcılığına müdaxilə etməməyi məsləhət görürəm. Mən də Dədə Şəmşirin bu sözlərini qulaqlarımda sırğa etdiyim üçün yazılanlara yaxşı, yaxud yaman demirəm. Təbriz VƏFALI


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev