Ustaddan dərs alar aqil olanlar...



Gənc şair Əli Musanın könül haraylarına açılan pəncərədən gələn saz səsi Bir dəfə qəzetə məqalə hazırlayırdım. Sazın-sözün bütün zamanlarda klassiki olan (və olacaq) Dədə Ələsgərin yubiley tədbirləri öncəsi qələmə aldığım yazının sərlövhəsini də elə ustadın misralarından birini seçmişdim: “Dərsi azlar Ələsgərdən dərs alsın”. Məqalə qəzetdə çıxanda peşman oldum və ardınca da tanınmış söz xiridarlarımızdan biri, professor Qəzənfər Paşayev bu “xəta”ya görə “dərsimi verdi”: “...Səndən gözləməzdim ki, ustadın fikrini təqlid yox, təhrif edəsən hətta. O nə başlıqdır yazına vermisən? Daha Ələsgərdən dərs almaq qurtardı?!” Əlbəttə, haqlı irad idi. Amma məqalənin cərlövhəsindən başlamış sonuncu cümləyə kimi “əl gəzdirilmiş”- “düzəlişlər” edilmiş, istənilən qəlibə salınmışdı. Bu, ilk növbədə ustad Ələsgərin saz-söz sənətinə ya laqeydliyin, ya savadsızlığın, ya da “zamanın” və redaksiyanın özünün tələblərinin göstəricisi idi. Professor bilirdi ki, məqaləmdə ancaq imza mənə məxsusdur. Çünki Qəzənfər müəllim yazılarımı qəzetdə oxuyur və iradları olanda bax beləcə “dərsimi verirdi”... Maraqlıdır, hələ ədəbi aləmdə titrək və bir az da kövrək addımlar atan gənc qələm sahiblərindən birinin qoşmasında da bu fikrə rast gəldim: “Ustaddan dərs alar aqil olanlar”. “Məni” rədifli qoşmanın müəllifi Əli Musa yazır: Gör necə havaya sovrulur anlar, Çat verir ürəklər, didilir canlar, Ustaddan dərs alar aqil olanlar, Qoy tanrı qorusun naşıdan məni. İlk baxışdan adama elə gəlir ki, bu bənd hansısa dünyagörmüş, klassik poeziyanı ana südü kimi müqəddəs bilən tanınmışlardan birininkidir. Yox, poeziyada bu ənənə artıq aradan qalxıb: elə gənc qələm sahiblərimiz var ki, poetik dünyanın ağsaqqallarından biri kmi sözə ehya verir. Baxın, gənc şair “Nə dərdim” qoşmasında həmin fikrimizi necə qüvvətləndirir, poeziyaya klassik baxışlarıyla: Halallıq gəzirəm əkinçi kimi, Varlığım bir uşaq sevinci kimi. Elin ürəyində saf inci kimi, Beş-üç kəlməm qalsa, nə dərdim? Burada Bəhmən Vətənoğlu ruhu hiss olunsa da, Əli balamızın yanaşmasında bir müasirlik var, klassik ənənəyə söykənəcək halda. Şeirin ikinci bəndinə necə bənd olmayasan ki: Yoxdur nisgil adlı dərdin davası, Quşa da doğmadır yurdu, yuvası. Anam Kəlbəcərin yaylaq havası Təzədən sinəmə dolsa nə dərdim? Buradakı vətənə bağlılıq, yurd itkisindən pörşələnən könülün harayları eşidilirmi?! Bəli, nisgilin, dərdin davasının olmaması bəlkə də başqa formada deyilsəydi belə dərk edilməzdi. Nə gözəl vasitə tapıb Əli Musa. Gəlin qoşmanın üçüncü bəndinə boylanaq. Əli daha nəyin dərdinin dilini açıb: Hərdən daşlayanda taleyi, bəxti, Gözümdə elə bil ildırım çaxdı. Anam qız axtarır mənə nə vaxtı, Bir gözəl qismətim olsa nə dərdim. Bu da Əlinin dərd yuvalı könlünün lirik duyğuları. Dolayısıyla o, oxucusuna gənc olmasına baxmayaraq, dərd üyüdən dəyirmanda dən olduğunu anladır. Həəə. Tanıdınızmı bu sözü özündən uca oğlanı?! İlk dəfə onu görəndən gözümə diri dəymişdi. Əslində, məni tanıyaraq ünvanıma ayaq açmışdı dostlarıyla: səhv eləmirəmsə, Mingəçevirdən Ruslan Ələkbərliylə gəlmişdi çalışdığım redaksiyaya. Dilli-dilavər olan bu gənclər gözlərimdə bir boy da ucaldılar-vətənpərvərlikləri, sözə dəyər verməkləri və xüsusən də kəlbəcərliliklərini qoruyub saxladıqları üçün. Böyük-kiçik, ədəb-ərkan gözləməkləri isə məni heyran etmişdi. Bir az da çəkinə-çəkinə əl boyda kitabçasını yazı masamın üstünə qoyub getmişdi. Ötən ilin isti yay günləri idi. Həə, Hədiyyə etdiyi kitabda görüşdüyümüz günün tarixini də qeyd edib: 03.07.2015. “Sevgidir yaşadan məni” kitabçasında toplanmış şeirlərinin redaktorları Ruslan Ələkbərli ilə Təhminə Çaxmaqlıdır. Ön söz yerində Əliyə yaradıcılıq uğurları diləyən müəllimi, Mingəçevir Turizm Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Əşrəf Əşrəfov müəllifi oxucuya yerli-yataqlı təqdim edib. Gənc qələm sahibi olan Əli Musa müəllimi tərəfindən həmin ön sözdə lazımınca dəyərləndirilib. Əşrəf müəllim daha çox onun kollecdə ixtisas təhsili aldığı illərdəki fəaliyyəti və yaradıcı gənc kimi diqqət çəkdiyini vurğulayıb. Qabiliyyəti ilə şəxsiyyətinin nümunəviliyini buradan öyrənirik. Doğulduğu ata-baba yurdu Kəlbəcərin həsrətindən boy verən misraları isə onu bizə daha yaxından və yaxşı - olduğu kimi tanıdır. Gənclik duyğuları Əlidə yetərincədir: hissli, təravətli və nə yaxşı ki, vətənpərvərdir: Yüz yoxuş dırmaşsam, yüz eniş ensəm, Yenə ən çətini gənclikdəkidir. Yüz mərdlik göstərsəm, yüz qala alsam, Çatammaz, mətini gənclikdəkidir. Elə bu yerdə onun həm də saza bağlılığını bildirək. Saz ki çaldı, demək, o, gumuldanacaq, sonra dil açacaq. Çünki sazın pərdəsinə yatan barmaqlar könül bulağından su içir, ona görə də mizrabı əldən qoyan kimi qələmi götürməlidir. Əlinin şeiriyyətində də bu amil özünü gizlətməyib. Qoşma və gəraylılarını oxuyanda onun çaldığı sazın və yazdığı sözün səsi gəlir qulaqlara. O, adama elə gəlir ki, şeirlərinin əksəriyyətini məhz “Yurd yeri”, “Dilqəmi”, “Baş sarıtel”, “Cəlili”, “Könhə Naxçıvanı”, “Kərəm gözəlləməsi”... üstündə yazıb yox ey, oxuyub və sonradan onları ipə-sapa düzüb. Doğrudur, Əlinin şeirlərində poetika, lirika, bənzərmə, oxşatma, bədii ifadə vasitələrindən bəhrələnmə yetərincədir. Lakin o, bəzi şeirlərindən də göründüyü kimi, poeziya aləmində hələ gəncdir, addımları titrək və kövrəkdir. Lakin bu ilk addımlarının mətinliyi, sözə cəsarətlə yanaşması göstərir ki, Əli poetikaya, lirik düşüncələrə çox yaxındır. O, fikrini nəzmə çəkərkən klassikanı gözləməklə yanaşı, müasir oxucunun modernzmə marağını da unutmur. Lakin, sevindirici haldır ki, o, Avropadan bədiiyatımıza soxulan, onu ləkələyən texniki ifadəli, nöqtə-vergülsüz nümunələrdən çox uzaqdır. Sözdə, fikirdə yenilik tamam başqa məsələdir və Əli də bunun fərqinə varır. Daha bir məqam haqqında. Əlinin misraları sevgidən doğulur, istər anaya, istər Vətənə, torpağa, yurda olsun, istərsə də könül bağladığı bir qaragözə. Sevgi onun duyğularına sığal çəkən gözəldir - mələk libaslı, bahar təravətli: Əlinin könlündə gülsən, çiçəksən, Elə bu nişanda bircəsən, təksən. Könlümə oxşayan arzu-diləksən, Ən şirin məhəbbət payımsan, gülüm. Daha bir şeirində bu fikirlər başqa formada deyilir: ...Sən bir çiçək naxışında, İslanmışam yağışında. Qoy isinim baxışında, Oğrun-oğrun baxan gözəl. Fikir verdinizmi M.P. Vaqif, S.Vurğun, Dədə Şəmşir, Bəhmən, Sücaət poetikasındakı kimidir duyğular? Demək, Əli klassik aşıq şeir formalarına dərindən bələddir. Əlbəttə, bu da yaradıcı insanlarda ən mühüm amil hesab olunur: dünəni unutma, bu günə sayğı ilə yanaş, sabaha üz tut! Bura qədər Əlini özünün qələmindən və qəlbindən süzülən misralarıyla tanıdıq. Amma, az qala, unutmuşdum deyim ki, o, 1992-ci ildə, daha doğrusu, 01 iyun - Beynəlxalq Uşaq Günü dünyaya Kəlbəcər rayonunun Kilsəli kəndində göz açıb. Bu kənd alban abidələri ilə zənginliyi ilə seçilib. Tarximizi özündə saxlayan belə abidə yurdlarımız illərdir ki, erməni vandalizm siyasətinin qurbanlarına çevrilib. Sazın-sözün beşiyi, aşıq və şairlər yurdu nə qədər düşmən tapdağında inildəyəcəksə, o ellərdən qopub gələn nəsillərin davamçılarının da dili bax beləcə qəm-kədər, qüssəyə bələnmiş sözlərlə açılacaq. Əlinin də yaradıcılığında bu ağrılı xətt özünü ilk andaca göstərir. “Şərəfdi” qoşması bu baxımdan daha diqqətçəkəndir: Kül olaydım Vətənimin yolunda, Üz qoyardım o dağların qoynunda . Nigaran qalmazdım ana yurdunda, Şəhid olmaq qürurludu, şərəfdi... Əliyə yaradıcılıq uğurları və ən əsası da doğma yurd yerlərində yazıb-yaratmaq arzusu ilə, Allaha əmanət ol, istedalı eloğlum,-deyirəm. Məhəmməd NƏRİMANOĞLU


0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev