Vətəni yaşadanlar: Xüsusi təyinatlı komandir - Şəhid Azər Mikayılov kimdir? - FOTOLAR




Torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən Müharibəsində 2800-dən çox əsgər və zabitimiz misilsiz qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə yüksəldi. Xalqımız yaşadıqca, şəhidlər də unudulmayacaq...

Bu dəfə haqqında danışacağımız şəhidimiz 17 il Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı, qərargah rəisi, hərbi hissə komandiri kimi xidmət etmiş Azər Əmrah oğlu Mikayılovdur. Şəhidimiz haqqında onun qardaşı Anar Mikayılov danışır...

- Anar bəy, qardaşınız haqqında bizə məlumat verin..

- İkinci Qarabağ Müharibəsində böyük qəhrəmanlıq göstərən, tarix yazan igidlərimizdən biri də əziz qardaşım, şəhid Azər Əmrah oğlu Mikayılov olub. 1980-ci ildə Kəlbəcər rayonunda ziyalı bir ailədə anadan olub. Uşaqlıq illərindən, özünü tanıyandan hiss etmişdik ki, onda vətənpərvərlik duyğusu çox yüksəkdir. Onun qoçaqlığı, mərdliyi uşaqlığından bilinirdi. Orta məktəbi bitirməzdən öncə hərbi sahəyə yönəldi. Atam ona bir neçə dəfə başqa ixtisas seçməyi məsləhət görsə də, qardaşım təkidlə hərbçi olmaq istəydiyini bildirdi. Uşaqlıq illərindən ermənilərin ölkəmizə, xalqımıza qarşı çirkin əməllərini görən Azər ürəyindəki qisas hissi ilə öz gələcək həyat yolunu vətənin müdafiəsinə həsr etmək üçün hərb sahəsini seçdi. 1997-ci ildə orta məktəbi bitirdikdən sonra sənədlərini Bakı Ali Hərbi Məktəbinə verdi. 1998-2002-ci ildə Ali Hərbi Məktəbdə təhsil aldı. 2002-2003-cü illərdə təhsilini Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində davam etdirib leytenant hərbi rütbəsinə layiq görüldü. Daha sonra Naxçıvana xidmətə göndərildi.

Azər hərb fəaliyyətinə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun daxilində Motoatıcı Hərbi Hissənin tağım komandiri kimi başladı. Az bir müddətdən sonra o, hərbi hissənin kəşfiyyat bölüyünə tağım komandiri təyin olundu. Günü-gündən hərbi sirləri əldə edərək və əsl kəşfiyyatçı kimi formalaşıb, kəşfiyyat bölüyünün komandiri oldu. Amma bununla da kifayətlənmirdi. Sonradan hərbi hissənin kəşfiyyat rəisi, xüsusi təyinatlı taborun qərargah rəisinin əməliyyat üzrə baş köməkçisi, tabor komandirinin müavini və tabor komandiri vəzifələrinə qədər yüksəldi. Bu dövr ərzində qardaşımın Naxçıvanın müdafiəsində böyük xidmətləri olub, onun rəhbərliyi ilə bir neçə erməni postu ələ keçirilib. Həmin postlardan biri onun adını daşıyır.


Azər 2016-cı ildə Aprel döyüşlərinə qatıldı. Lələtəpə yüksəkliyinin azad olunmasında fəal iştirak etdi. O, Vətən Müharibəsindən aylar əvvəl Naxçıvandan Beyləqan-Füzuli tərəfdə yerləşən N saylı xüsusi təyinatlı hərbi hissəyə göndərildi. Qardaşım sonuncu dəfə elə həmin hərbi hissənin qərargah rəisi və hərbi hissə komandiri olub.

Azər o qədər cəsur və qorxmaz bir insan idi ki, ölümdən belə çəkinməzdi. Hər zaman danışığımızda da, telefon zənglərində və görüşümüzdə də ürəyi vətən həsrəti ilə alışıb-yanırdı. Torpaqlarımızın azad olunması uğrunda öz canından keçməyə hazır idi. Qardaşımın əsgərləri tez-tez bizimlə əlaqə saxlayır, deyirlər ki, o insan bizə komandir yox, ata, qardaş olub. Əsgərləri onunla bağlı xatirələrindən danışırlar. Sevilən insan olub.

27 sentyabr 2020-ci ildə Vətən Müharibəsi başlayan zamanı Azər ön cəbhədə idi. Hərbi xidməti dövründə xüsusi keyfiyyətlərinə, əməliyyatlarda göstərdiyi şücaətə görə medallarla təltif olunmuşdu. III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, II dərəcəli “Qüsursuz xidmətə görə” medalı, I dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı və bunun kimi saysız nailiyyətləri var idi. Bu medallar onun igidliyinin, qəhrəmanlığının bariz nümunəsidi. Qardaşım ölümündən sonra Prezidentin sərəncamı ilə "Qarabağ" ordeninə layiq görüldü.


- Azər hansı bölgələrdə döyüşüb?

- O, özü və tabeliyində olan şəxsi heyətlə - Xüsusi Təyinatlı Kəşfiyyat taboruyla birgə Füzuli, Cəbrayıl, Hadrut istiqamətində ən ağır əməliyyatlara qatılıb, döyüşlərə birbaşa rəhbərlik edib, böyük qəhrəmanlıq nümunəsi göstərib. Onun rəhbərlik etdiyi hərbi qüvvələr böyük ərazilərin, çoxlu sayda yaşayış məntəqələrinin azad olunmasında, yüzlərlə erməni faşistinin öldürülməsində iştirak edib. Düşmənə ən ağır zərbələri endiriblər. Ən ağır istemkanları onlar keçib gediblər...

- Hansı bölgədə şəhid oldu?

- Füzuli, Cəbrayıl, Hadruta kimi gedib çıxıblar. Daha sonra onların əməliyyatları olub. Bu əməliyyat Cəbrayıl-Füzuli istiqamətində baş verib. 8 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə düşmənə zərbə vuraraq, qəhramancasına şəhid olub. İstehkama daxil olmaq istədikləri an minamyotçuların pusqusuna düşüblər. Elə vəziyyət yaranıb ki, onlar bir-birilərinə kömək edə də bilməyiblər. Elə bil, o minamyotun qarşısında aciz qalıblar. Bizə ayın 12-i hərbi hissədən zəng edib, xəbər verdilər. Həmin gün gedib, onun nəşini götürdük.

- Sonuncu dəfə qardaşınızla nə zaman görüşmüşdünüz?

- Yayda - avqustda Bakıda görüşmüşdük. Mənim həmişə qardaşıma o qədər inamım olub ki, heç vaxt inanmazdım, onun başına nəsə pis hadisə gələr. İnanırdım ki, heç kim ona güc gələ bilməz. Neçə illərdi kəşfiyyatda püxtələşmiş zabit idi. Ondan da əlavə, qorxmaz zabit idi. Düzdür, həmin gün o haqda söhbət etməmişdik. Çünki fikirləşməzdim ki, belə bir ani vaxtda müharibə başlasın. Müharibə başlamazdan öncə telefonla danışmışdıq. Mən ürəyimdə qorxu hissi ilə danışanda o mənə dedi ki, “sən niyə çəkinirsən, niyə qorxursan?”. Mən isə “səni itirmək istəmirəm” deyib, duruxdum. Dedi, “mən şəhid olan insanlardan artıq deyiləm. Fikirləşmə ki, mən zəif bir insanam, fikirləşmə ki, mən şəhid olmağa gedirəm. Mən öldürməyə gedirəm. Məndən narahat olma...”.

Döyüşə gedən zaman da onunla əlaqə saxladım. Hər gün 5 dəqiqə danışırdıq. O sadəcə yaxşı olduğunu deyirdi. Azər o qədər sirr saxlayan insan idi. Hələ müharibə başlamzdan öncə də heç vaxt hərbi sahədən danışmazdı. 2016-cı ildə Aprel döyüşlərinə də qatılıb, lakin onu biz bilməmişik. Həmin döyüşlərdə yaralanıb, heç bizim ondan da xəbərimiz olmayıb. Həm evdəkiləri narahat etmək istəmirdi, həm də sirlərini özündə saxlayan insan idi. Döyüşlər zamanı bircə atama sözü o olardı ki, narahat olma.... Biz Kəlbəcərliyik. Onun vətənə olan hissləri buna görə daha qabarıq idi. Düzdür, indi onun ruhu şaddır. Kəlbəcəri də işğaldan azad edə bildik. Heyf ki, onun özü bu günü görmədi.

- Ailəsi, övladları haqqında danışaq...

- Evli idi. İki övladı var. Oğlunun 7, qızın isə 8 yaşı var. Ailəmiz böyük olub. Bizim özümüz 8 uşaq olmuşuq. Beş bacı, üç qardaşıq. Balaları uşaqdılar, amma atalarının yoxluğunu anlayırlar. Ataları üçün darıxırlar...

- Atalarının şəhid olduğunu necə qarşıladılar?

- İlk vaxtlar dəfn mərasimində onlar şokda idilər. Nə baş verdiyini anlaya bilmirdilər. Sonradan gördük ki, artıq başa düşüblər. Birdən kövrəlib ağlayırlar. Qızı oğlandan 1 yaş böyükdür. Ona nisbətən daha düşüncəlidir. O deyir ki, “atamın ruhu göydədir. Atam yanımızda olmasa da, o, bizi göydən seyr edir”. Hələ ki olanları dərindən başa düşə bilmirlər. Onlar tez-tez belə suallar verirlər ki, “atam nə vaxt gələcək, atam bizi gəzməyə aparacaqdı, bəs indi bizi kim aparacaq?”. Hərdən ağlıyırlar, bəzən də deyirlər ki, “yox atamız gələcək”. Ata sevgisi daima onların qəlbində olacaq.

- Sözsüz ki, onun ölüm xəbərini eşitmək çox ağır idi...

- Həmin an elə bilin ki, həyatımı itirdim. Bizi çağırdılar həmin hərbi hissəyə. Ölmüş kimi idim. Qardaş qanından, canından olan bir parçadır. Mənim üçün böyük bir itki oldu. Yenə də özümü toparlayıb, nəşini gətirib dəfn edə bildik. Mənim üçün çox ağırdı. Lakin mən bəzən özümdə təskinlik tapıram, özümü toplayıram ki, mənim atam, anam var. Onlar yaşlı insanlardır. Onların yanında mən məcburam ki, daha da təmkinli olum.

- Ata və anınız necədilər?

- Çox pisdilər. Onlar yaşlı insanlardır. İnsan yaşlandıqca, daha da kövrəkləşir. Atamın 82, anamın da 72 yaşı var. Bu yaşlar az deyil. Ömürlərinin ahıl yaşlarıdır. Belə bir zamanda övlad itkisi həqiqətən çox çətindir. Onlar dayana bilmirlər. Anam daha çox həssasdır. Hər an ağlayır. Biz də məcburuq ki, onlara təskinlik verək. Bizim nə qədər ömrümüz varsa, o acını çəkəcəyik. Lakin yaşlı insanlar üçün bu daha ağırdır.

- Qardaşınızın Qarabağdan gəlişini necə gözləyirdiniz?

- Müharibənin qızğın vaxtları, ilk 10-15 günlərində orada keçən hər an təhlükəli idi. Lakin bizə o zəng gələnə qədər biz onun şəhid olacağını təsəvvür edə bilmirdik. İçimizdə qorxu olsa belə, ağlımıza gəlmirdi. İstəyərdim ki, qardaşım axır nöqtəyə qədər getsin. Oradan zəng edərdi ki, “mən artıq Kəlbəcərdəyəm!”. Deyərdi ki, “torpaqlarımızın hamısı işğaldan azad olunub, mən də sağ-salamatam”. İndi də fəxr edirik, lakin biz əbədi itki ilə yaşayacağıq. Torpaq hərətimiz, bir başqa həsrət ilə əvəz olundu. İstərdik ki, sağ-salamat bizim qələbə paradımızda o da iştirak etsin. O da xüsusi zabitlər kimi əlində bayraq paradımızda iştirak edərdi. Bizim ailəmizin, ən əsası da öz övladlarının yanında olardı. Şəhidlərimiz ölmür, bizim qəlbimizdə yaşayır. Onların qarşısında baş əyirəm. Belə bir deyim var: “Torpağa su tökülərsə palçıq olar, qan tökülərsə Vətən”. Həqiqətən də onlar öz qanları ilə Azərbaycanı bütövləşdirdilər. Biz öz azərbaycanlılığımızı dünyaya göstərdik. Mən də istərdim ki, qardaşım bütün bu sevinclərdə yanımızda olsun, öz fəaliyyətini davam etdirsin.

- Anar bəy, Azərin ən böyük arzusu nə idi?

- Qardaşımın ən böyük arzusu Kəlbəcəri erməni işğalından azad etmək idi. Digər bir arzusu isə hər zaman ailəsinin, övladlarının yanında olmaq, onların xoş günlərini görmək idi. Daim sevdiklərinin yanında olmasını istəyərdi. Azər qapalı insan idi. Elə olmasına baxmayaraq, mən onu başa düşə bilirdim ki, məqsədi Kəlbəcərin azad olunması idi. O tam hərbçi kimi formalaşmışdı. Ermənilərin bizim xalqımızın başına gətirdiklərini görmüşdü. Həmin hadisələrin acısını yaşayan bir insan idi. Ona görə düşmənə qarşı daha qəddarlaşmışdı. Onun arzusu gələcəkdə ailəsi ilə Kəlbəcərdə yaşamaq idi.

- Onun azad etdiyi torpaqlara nə zaman getmək istəyirsiniz?

- Mən bu dəqiqə belə oralara getmək istəyərdim. Mən ən çox onun döyüş istiqamətində getdiyi rayonlara, şəhid olduğu yerə getmək istəyərdim. Ən böyük arzum budur. Onun şəhid olduğu torpağa gedib, oranı görüm. Düzdür, bu mənim üçün ağır olar. Lakin oralara mən getməliyəm.

- Son olaraq, Şəhid qardaşınıza deyə bilmədikləriniz...

- Əziz qardaşım, sənin və timsalında olan bütün şəhidlərin ruhları qarşısında baş əyirəm. Torpaq uğrunda qan tökülərsə, Vətən olar. Sizlər öz qanınızı bu torpağa tökərək vətənimizin bütövlüyünü təmin etdiniz, üçrəngli bayrağımızı bir daha qürurlandırdınız. Torpaq, millət, bayraq uğrunda ölən varsa, Vətəndir. Siz qəhrəmanlar bizim vətənimiz, bütöv Azərbaycanımızsınız. Sizin ruhlarınız artıq şaddır, müqəddəs Qarabağ torpaqlarında gəzir və ən böyük zirvələrdədir. Azərbaycan xalqı Siz şəhidlərlə qürur duyacaq, sizin adınız çəkiləndə sevinc göz yaşları ilə iftixar hissi keçirəcəkdir. Sizləri itirmək bizim üçün nə qədər ağır olsa da, təskinliyimizi vətənimizin bütövlüyünün əldə olunmasında tapırıq.


Modern.az saytı “Vətəni yaşadanlar” rubrikası Nəzrin Vahid

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.