''Yenə də Bakıdan Kəlbəcərə 460 kilometr var, amma o yolu qət etməyə bir ömür yetməz...''

BİR ÖMÜRDƏN UZUN YOL... Haçansa bir yazımın başlığı beləydi: Bakıdan Kəlbəcərə bir ömürluk yol var...deyəsən, 7 il əvvəlin yazısıydı. Öz yazılarımı yazıb redaksiyaya, yaxud saytlara göndərəndən sonra aqibətiylə maraqlanmağı xoşlamadığımdan, o yazımın taleyindən də xəbərsizəm. Yaddaşımda ilişib qalan epizodları çözələdikcə, nələrisə xatırlayıram. Hadisələr elə sürətlə cərəyan edir ki, dünənki olay bu gün nimdaş paltar kimi görsənir. Əlqərəz, yazımın məzmunu beləydi ki, Kəlbəcərdən Bakıya 460 kilometr məsafə var və bu məsafəni ən pis halda 7-8 saata o vaxtların "bərkgedən" avtobusu sayılan "paz"iklə qət etmək olurdu. Yolların mənzərəsi, "pereval"in dolanbacları bu zaman müddətinin (7saatlıq) necə sürətlə keçdiyini hiss etdirmirdi. Bir də gözünü açırdın ki, dünya cənnəti Kəlbəcərdəsən... Ata ocağında anamin qayğılarının başından aşmasına baxmayaraq, beş dəqiqənin içində üç-dörd lövün yeməkləri qarşımıza düzməyi, bir anlıq baxışla:"uyy, qadan alım, nə yaman sınıxmısan, dərslərin ağırdı yəqin. Bu dədən də səni kitab-dəftərə elə bağlayıb ki... Guya ki, əlaçı olmasan, dünya dağılacaq!" yazıq analar!..

​ İndi yenə də Bakıdan Kəlbəcərə 460 kilometr məsafə, bizim təbirimizcə, yol var. Amma mənim və bütün kəlbəcərlilər üçün bu yol ekvator xəttinin bir milyon mislinə bərabərdir. O yolu qət etməyə bir ömür bəs etməz, belə getsə! Kaş yanılaydım, kaş!..kaş yenə də atalı-analı, Kəlbəcərli günlərimiz olaydı, anam da mənim sınıxdığımı görüb atamı qınayaydı! Möcüzəyə inanan insanam. Necə ki 1993-cü ildə möcüzə nəticəsində dünyanın zər-zibası, Azərbaycanın alınmaz qalası Kəlbəcər düşmənə təslim edildi. ​

Bilmirəm, nədən bu sistemsiz, dolaşıq fikirlərdən ibarət yazını yazmağa girişdim... Hə, az qala yadımdan çıxmışdı, bir neçə gündür millətimiz adına, dövlətimiz adına yaraşmayan əndrəbadi bir "jurnalist mübadiləsi" həyata keçirildi. Xalq diplomatiyası adı altında Azərbaycana erməni jurnalistlər, yenə də, Azərbaycana azərbaycanlı jurnalistlər səfər etdi. Erməniləri başa düşmək olar, qalibanə şəkildə başlarını dik tutub Bakının gözəlliyini görürdülər. Bəs bizimkilər? Məğlubcasına Azərbaycanın həmin o jurnalist ermənilərin dədə-babaları tərəfindən viran qoyulmuş, xarabazara çevrilmiş ərazilərində nədən feyziyab olmağa getmişdilər? Ümumiyyətlə, bunları kim göndərib? Fərqində deyillərmi ki, o dağıdılan tifaqlarda yarım milyondan artıq şəhid və rəhmətə getmiş məcburi köçkünlərin ruhları inildəyir?! Fərqində deyillərmi ki, artıq otuz ilə yaxındır üstlərində quran oxunmayan milyonlarla qəbirlərdən ah-nalə eşidilir, torpaq da od tutub yanır?!! Nə üzlə erməni güdükçülərin, öz torpağımızda erməni silahlılarının əsarəti altında gəzməyə gedirlər? Oralara yalnız və yalnız qüdrətli Azərbaycan ordusunun silahlarıyla getmək lazımdır, əzizlərim! İyirmi beş mindən artıq şəhidlərimizin ruhu naminə bu cür biabırçı səfərlərdən imtina edin! Şəhid ata-analarının, şəhid övladlarının sızıltısı naminə belə utancverici addım atmayın!

Şəhid qardaşım Mahirin 27 yaşlı qızı Emiliya 20 ildir mənə yalvara-yalvara qalıb ki, əmi, yalvarıram, məni atamın vurulduğu yerə apar, onun qanı töküldüyü torpağı öpüm, bəlkə bir az təsəlli tapım... Nə deyim, necə deyim ki, əziz balam, gedə bilmirik, bilmirik!!! Buradan buraya--murovun başına apara bilmirəm zavallı qızcığazı. Atamın vurulduğu yer deyib hönkürəndə mən içimdən qırılıram, sınıram, gündə on dəfə ölüb dirilirəm. ​ ​

Azərbaycan ordusuna müraciət edirəm, Mahir də sizin həmkarınız idi, ali təhsilli hərbçi idi. Bakıda ali hərbi məktəbi bitirib təyinatla o vaxtkı Kuybişev hərbi dairəsinə göndərilmişdi. Qısa zaman kəsiyində rota(taqım) komandiri olmuşdu. Müharibə başlayan kimi isti yerini Qarabağın səngərləriylə əvəzlədi. Goranboydan Murova qədər şərəfli bir zabit yolu keçmişdi və Murovun zirvəsində şəhid olmuşdu. Mahir və minlərlə Mahir kimi şərəfli zabitlərin qisasını almaq kimi şərəfli missiyanı siz yerinə yetirməlisiniz! Bu cür düşük "mübadilə"dən bu milləti xilas et, ey şanlı ordu! Sənin buna qüdrətin də, qeyrətin də çatar! Məni Mahirin gözüyaşlı bu balasının tənəsindən yalnız sən xilas edərsən, qüdrətli Azərbaycan ordusu!

Əlövsət Ağalarov, "Azərnəşr"in baş redaktoru, tanınmış publisist-jurnalist, keçmiş millət vəkili

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev