Yeni məhəbbət dastanlarının xarakterik xüsusiyyətləri



XX əsr məhəbbət dastanları bir çox parametrləri ilə klassik məhəbbət dastanlarından fərqlənir. Ən əsas məsələ XX əsr məhəbbət dastanlarının olduqca məhdud arealda yayılması və ya heç yayılmamasıdır. Nə qədər acınacaqlı da olsa, qeyd etmək lazımdır ki, bəzi yeni məhəbbət dastanları dastanı düzüb-qoşan el şairi və ya aşıqdan başqa heç kim tərəfindən ifa edilmir. Bu da dastanın cilalanmasına, yeni motivlərlə, elementlərlə zənginləşməsinə, ən əsası da şeirin bitkinləşməsinə mənfi təsir göstərir. Yeni məhəbbət dastanları aşıq mühitində geniş yayılmadığı kimi, ən azından təsviri tədqiqi də aparılmamışdır. Ancaq bu və ya digər səbəbdən araşdırma obyekti olan XX əsr məhəbbət dastanları da vardır ki, onlara nümunə olaraq “Şahzadə Bəhrəm”, “Dilsuz və Xəzangül”, “Sam Şahzadə”, “Şəmşir və Sənubər”, “Tarlaçı qız”, “Əyyub və Sənəm” və s. dastanları göstərmək olar. Bu yarımfəsildə tədqiqatda istifadə edilən yeni məhəbbət dastanları haqqında qısa məlumat verməklə onların xarakterik özəllikləri sıralanacaqdır. İlk öncə onu demək lazımdır ki, XX əsr məhəbbət dastanlarının bir qisminin mövzusu yazılı ədəbiyyatdan götürülmüş, bir qismi sosializmi təbliğ etmək üçün yaradılmış, bir qismi avtobioqrafik xarakter daşımış, bir qismi də müstəqillik ərəfəsində və ya ondan sonra formalaşmağa başlamışdır. Bir mühüm məsələyə də toxunulmuşdur ki, o da XX əsrdə yaranan yeni məhəbbət dastanlarının əksəriyyətinin yaranma üsulu və səbəbinin fərqli olmasıdır. Qeyd edək ki, sovet dövründə yaranan dastanların böyük əksəriyyətində, hətta avtobioqrafik xarakterli məhəbbət dastanlarında da sosializm ideologiyası, yeni həyatın tərənnümü vardır. Sovet hakimiyyəti illərində mədəniyyət və incəsənətin bütün sahələri kimi, aşıq sənəti də birbaşa dövlətin – siyasi ideologiyanın nəzarəti altında fəaliyyət göstərmiş, buna görə də sosializm quruculuğuna xidmət edən yeni məhəbbət dastanları (qaçaq dastanları da) yaradılmışdır. Bu isə yuxarıdan verilən sifarişlə yazılan dastanların həm bədii cəhətdən, həm də ruha yaxınlığı baxımından zəifliyinə səbəb olmuşdur. Daim siyasi hakimiyyətin nəzarətində olan aşıqlar da sosialist idieologiyasına xidmət göstərməyə məhkum edilmişdi. “Şahzadə Bəhrəm”, “Sam şahzadə”, “Dilsuz və Xəzangül”, “Fərhad və Şirin”, “Tarlaçı qız”, “Soltan və Qəndab”, “Bəhmən və Humay”, “Şəmşir və Sənubər” və s. kimi dastanlar buna əyani sübutdur. Ona görə də yeni həyatın tərənnümünə həsr olunmuş “Tarlaçı qız” (Aşıq Həsən Pərvanə), “Bəhmən və Humay” (Aşıq Bəhmən) kimi dastanlarda süni məhəbbət motivləri, süni konflikt yaradılır, müəllif də özünü əsas aparıcı obraza çevirirdi. Bir sözlə, təvazökar aşığın yerini özünü qəhrəman sayan aşıq alırdı. Məsələn, “Şəmşir və Sənubər” dastanı tamamilə avtobioqrafik səciyyə daşıdığından ozan-aşıq sənətinə xas bəzi elementlər saxlansa da, aşıq özünü dastanın baş qəhrəmanı seçmişdir. Ancaq buna baxmayaraq, adıçəkilən dastanlar müasir məhəbbət dastanları kimi tədqiqata cəlb olunmuş, onların əsas xüsusiyyətləri üzə çıxarılmışdır. Çünki bu dastanlar yeni quruluşda – XX əsrdə yaranmışdır. Beləliklə, XX əsr Azərbaycan məhəbbət dastanlarından misal olaraq Aşıq Əlinin “Fərhad və Şirin”, Aşıq Bəhmənin “Bəhmən–Humay”, Aşıq Şəmşirin “Şəmşir və Sənubər”, şair Nəbinin “Dilsuz–Xəzangül”, “Fəzli və Məhluqə”, Aşıq Həsən Pərvanənin “Həsən–Aynaxanım”, “Həsən–Durnaxanım”, Aşıq Soltanın “Soltan və Qəndab”, şair Rəsulun “Rəsul–Nərgiz” dastanlarını, o cümlədən, bir qədər əvvəlki dövrdə, yəni XIX əsrdə yaşamış ustad Aşıq Alı tərəfindən yaradılmış “Aşıq Alı və Bəstixanım” dastanını, eləcə də Aşıq Ələsgərin “Dastan-rəvayətlər” adlandırılmış “Ələsgərlə Səhnəbanı”, “Həcər xanım”, “Anaxanımın küsməyi” və s. kimi onlarla, bəlkə də daha çox müəllifi bizsə bəlli olan məhəbbət dastanlarını göstərmək olar. Bu dastan-rəvayətlər və şeir parçaları aşığın müxtəlif illərdə çap olunan əsərlərinə də salınmışdır Bir əsas məsələ də XX əsrdə yaranan bir sıra məhəbbət dastanlarında müəllifin həm də əsərin qəhrəmanı kimi çıxış etməsidir. Bunlardan müəlliflərinin adları ilə bağlı “Tarlaçı qız” , “Soltan və Qəndab”, “Şəmşir və Sənubər”, “Bəhmən və Humay” kimi yeni məhəbbət dastanlarını misal olaraq göstərmək mümkündür. Təbii ki, XX əsr məhəbbət dastanlarının bir çoxunun mövzuları klassik yazılı ədəbiyyatdan götürülsə də, yaranma və strukturu baxımından onları yeni dastanlar kimi araşdırmaq lazımdır. Bunlara misal olaraq şair Novruzun “Sam Şahzadə”, Aşıq Əlinin “Fərhad və Şirin”, “Şahzadə Bəhrəm”, şair Nəbinin “Dilsuz və Xəzangül” və s. kimi XX əsr məhəbbət dastanlarını göstərmək olar. Bu dastanların əsas özəlliyi onları yazıb dastanlaşdıran el şairlərinin və aşıqlarının, klassik dastanlarda olduğu kimi, arxa planda qalmalarıdır. Məsələn, adları çəkilən dastanlarda əsas aparıcı obrazlar olan Fərhad, Şahzadə Bəhrəm, Dilsuz, Sam şahzadə isə həm qəhrəman, həm çalıb-çağıran aşıq, həm də eşqə düçar olmuş aşiq kimi təsvir olunurlar. Bu dastanlara, heç şübhəsiz, Şərq ədəbiyyatında məşhur olan Xosrov və Şirin mövzusu böyük təsir göstərmişdir. Sovet həyat tərzini tərənnüm edən “Tarlaçı qız”, o cümlədən digər bir sıra bu qəbildən olan yeni məhəbbət dastanlarında isə qıza-qadına münasibət dəyişdiyi kimi, mövzu da dəyişmiş, dastanı yaradan aşıq, yaxud el şairi özünü dastanın qəhrəmanı yerinə qoymuşdur. Məsələn, “Tarlaçı qız” dastanını qoşan Aşıq Həsən Pərvanə eyni zamanda dastanın baş qəhrəmanıdır. Burada sevgili rolunda olan qız yeri gələndə öz fikir və münasibətlərini bildirmək hüququna malikdir. Buna baxmayaraq, aşıq və ya el şairi tərəfindən qoşulan və daha çox avtobioqrafik səciyyə daşıyan bu tipli dastanlarda irfani ünsürlər silinmiş, dastanı maraqlı edən konflikt, qarşıdurma , Haqq aşiqliyi aradan götürülmüşdür. “Tarlaçı qız” (Aşıq Həsən Pərvanə) dastanının məzmunundan da göründüyü kimi, Aynaxanımın atası Əli kişinin Həsən Pərvanəni sorğu-suala tutub imtahana çəkməsi və gənc aşığın bu imtahandan müvəffəqiyyətlə çıxması və s. ünsürlər klassik dastançılıq ənənəsindən götürülmüşdür. Dastanın özəyini təşkil edən bu hissədə az və ya çox da olsa, aşığın sənətkarlıq məharəti üzə çıxır. Belə ki, dastanda Aşıq Həsən Pərvanə aşıqlar dəstəsi ilə Abbaslı kəndinə sovet dövründə çox dəbdə olan tarla zəhmətkeşləri qarşısında konsert verməyə gəlir və kənddə Aynaxanım adlı bir qıza vurulur. Hər iki dənc bir-birini elə ilk baxışdan sevir. Elə olur ki, Aşıq Həsən gecəni qızgildə qonaq qalmalı olur və onun aşıqlıq məharəti, yeni məhəbbət anlayışı, ata-ananın qızlarına aşiq olan oğlana münasibəti, qızın vəziyyəti və s. məhz bu səhnələrdə üzə çıxır. Burada sevən oğlanın və qızın sərbəstliyi, valideynlərdən çəkinməmələri diqqəti cəlb edir. Eyni ilə “Bəhmən və Humay” (Aşıq Bəhmən) dastanında da müəllif həm də əsərin qəhrəmanı rolunda çıxış edir, bəzi məqamlarda onun dilindən söylənən şeirlər yüksək sənətkarlığı ilə seçilir. Ancaq belə nümunələr hər iki dastanda az bir hissəni təşkil edir. Buna baxmayaraq, qismən də olsa, sənətkarlıq baxımından bişkin olan yeni məhəbbət dastanları da vardır. Məsələn, 1973-cü ildə Bakıda “Elm” nəşriyyatı tərəfindən nəşr olunmuş “Aşıq Ələsgər” adlı kitabda “Dastan-rəvayətlər” adı altında bir neçə yeni dastan verilmişdir. Bu XX əsr məhəbbət dastanlarını (“Anaxanımın küsməyi”, eləcə də “Ələsgərlə Səhnəbanı”, “Həcər xanım” və s.) başqalarından fərqləndirən cəhət oradakı şeirlərin yüksək poetikliyidir. Zarafatyana üslubda yaradılan bu dastanlar “Aşıq Alı və Bəstixanım”, “Ələsgərlə Səhnəbanı”, əsasən, XX əsrdə formalaşıb püxtələşdiyindən orada da bir qədər sünilik sezilir. Bu dastanların çoxunu Ələsgərin oğlu Aşıq Nəcəf ifa edərək təkmilləşdirmişdir. Buna baxmayaraq, adları çəkilən məhəbbət dastanları özündə dini-mistik meyillərin izlərini yaşatmaqdadır. Bir də “Ələsgərlə Səhnəbanı”, “Aşıq Alı və Bəstixanım” dastanlarında rəvayət olunan səhnələrin çoxu, digər dastanlardan fərqli olaraq XX, əsr aşıqları tərəfindən quraşdırılıb formalaşdırılmışdır. Eyni ilə aşıq məclislərində təbii yolla ağızdan-ağıza keçərək məclisdən-məclisə dolaşan “Aşıq Alının Türkiyə səfəri”, “Aşıq Alı ilə Əsmər xanım”, “Ələsgərlə Səhnəbanı”, “Arzu–Qənbər”, “Mahmudla Nigar” kimi dastanlarda da poetik arxitektonika, dil-üslub xüsusiyyətləri süni şəkildə qoşulan, ya da yazılan dastanlarda olduğu qədər zəifləmiş vəziyyətdə deyildir. Ən yeni dastanlara misal olaraq XXI əsrdə yaranan məhəbbət dastanlarını göstərmək olar. Belə ki, tanınmış el şairi Əyyub Cabbarovun şeirləri əsasında yaradılan “Əyyub və Sənəm dastanı” buna misal ola bilər. Nakam eşq üzərində qurulan bu dastan 2015-ci ildə nəşr olunmuşdur və əsasən avtobioqrafik səciyyə daşıyır. Qeyd etmək lazımdır ki, bu dastanın şeirləri, deyişmələri şair Əyyub Cabbarova aiddirsə, dastanın nəsr qismi bəzi aşıqlardan, şairin özündən dinlənilərək toplayıcı-tərtibçi tərəfindən yazılmışdır. Eyni ilə “Fəzli və Məhluqə” dastanı da XXI əsrdə bu şəkildə yaradılmışdır, yəni dastanın nəzm hissəsi el şairi, XX əsrdə yaşamış şair Nəbiyə aiddirsə, nəsr qismi ayrı-ayrı dastan bilicilərinin yaddaşında qalanlar əsasında bir yerə gətirilərək bərpa edilmiş və toplayıcı-tərtibçi tərəfindən dastan formasına salınmışdır. Ancaq dastan yaradıcılığını bununla ömrünü başa vurmuş dövr hesab etmək də doğru deyildir. Belə ki, dastanyaratma prosesi bu gün də davam edir. Paralel olaraq şifahi yolla xalq arasında yayılaraq dastanlaşma prosesi keçirməkdə olan bir sıra müxtəlif sənətkarların adları ilə bağlı əhvalat və rəvayətlər vardır ki, onlardan gələcəkdə “Səməd Vurğunla Dürrə”, “Azaflı Mikayıl”, “Nəriman–Şölə”, “Hüseyn Arif”, “Göyəndikli Əhməd”, “Rəşid Poladoğlu”, “Ayrım Cavad”, “Miskinli Vəli” və s. kimi ən yeni dastanların formalaşacağı ehtimalı böyükdür. Artıq sovet təxribatının davam etmədiyini nəzərə alsaq, ümid etmək olar ki, bundan sonra yaranacaq dastanlarımız üslubi-poetik cəhətdən də qənaətbəxş sayılmağa layiq olacaq. Bütün bunlar internet və kütləvi telekommunikasiya vasitələrinin sürətlə yayıldığı, klassik folklorun virtual folklorla əvəzlənməyə başladığı bir zamanda məhəbbət dastanlarının xarakterinin, mövzu dairəsi və yayılmasının, yaşadılma məsələlərinin hələ də davam etdiyini göstərir. Cəmilə (Çiçək) İsbəndiyarova AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü, prezident təqaüdçüsü


0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev