Yollar yorğunu Nəsib baba


Tanıdıqlarımızı tanıdaq: Nəsib NƏCƏFOV-80 Yollar yorğunu Nəsib baba


Cığırları, at yolunu döyənək edən, ömrünü sürücülük peşəsində keçirən el ağsaqqalı 80 illiyini bu il də Kəlbəcər həsrətiylə qarşıladı... ...Bilmirəm ki, onun haqqında söz açmaq üçün nədən və haradan başlayım, çünki ömrünün arxada qalan illəri xatirələrlə dolu bir bədii əsərin mövzusudur. Dəfələrlə çalışmışam ki, bir-iki kəlmə qoparım, bacarmamışam. Eləcə, gülümsəyərək deyib: “Nə istəyirsiz bu qoca kişidən, danışsam gərək dastan bağlayasız”... Beləcə, bizi “başından edib” Nəsib əmioğlu. Ətrafındakıların doğmasına çevrilən bu el ağsaqqalının həyat hekayətləri həm də ümumictimai əhəmiyyət daşıyır. Kəndimizin ən sayılıb-seçilən, qapısı daim qonaq-qaralı, süfrəsi bol naz-nemətlə dolu gördüyümüz Nəsib babanın Kəlbəcərsiz illəri onun şuxluğunu əlindən alsa da, can-dildən sevənləri çox olduğuna görə, deyir ki, Kəlbəcərə qayıtmsam, həm də Murovdağ yolu ilə, o dağlardakı sürdüyüm kef-damaq mənə halal olmasın! İnanırıq ki, bacarandır! Bacarıqla təpər, qeyrətlə hünər onun qanında-canındadır. Nəsib Musa oğlu Nəcəfov 1937-ci il oktyabrın 1-də Kəlbəcərin Otaqlı kəndində dünyaya göz açıb. Repressiya illərinin cocuqlarından sayılır. Atası ilə əmisi 1941-1945-ci illər müharibəsinə getdikləri üçün onları xatırlamır. O ağrılı-acılı illərin dərd-sərini kövrək uşaq qəlbinə yığdığını isə yaxşı xatırlayır. Nəsib dayımız kəndimizin ilk sürücüsü kimi də tanınırdı. Sənət yollarında büdrəməyən gənc Nəsib sükan arxasına keçəndən bu günə kimi bircə dəfə də olsun qəza törətməyib, maşallah olsun. Dağların yal-yamacında “QAZ-51”i onun yedəyində “quzuya dönüb”: hara istəyibsə ora sürüb, cığır-mığır tanımayıb, eniş-yoxuş bilməyib, gecə-gündüz saymayıb – lazım olanda hər kəsin işinə yarayıb.Gecəyarısı “təciliyardım”Ş istirahət günlərində camaatın yükünü daşıyıb, darandan-dağa, dağdan-arana... Kəndimizin ilk darvazalı həyəti də onunku olub. Kəndin girəcəyində özünə qurduğu yuva çoxlarının ərklə açdığı qapıya çevrilib. Rayon rəhbərliyindən başlamış, Kalinin adına kolxozun sədri, ferma müdiri, baytar həkiminədək kim bu kəndə gəlibsə, onun qapısına üz tutub. Qəlbi və süfrəsi daim açıq olan Nəsib kişinin yolu bəlkə də elə bu xeyirxahlığına görə daş-kəsəkli olmayıb, büdrəməyib... Nəsib baba ötənləri xatırladıqca el bayatılarına da üz tutur. Amma babal qoyub ki, onun adıyla deməyim. Deyir ki, bayatılar xalqınkıdır, ayrı-ayrı yazarların yox. Balalarını canı qədər sevdiyi üçün onların qayğısını əsil ata kimi çəkib. İki qız, iki oğul böyüdən Nəsib Musaoğlu babalıq tituluna onu yüksəldən balarına gözünün yağını yedirib. Hələ onu demirəm ki, Murov dağının adını daşıyan nəvəsi Murov Bakı Dövlət Universitetinin məzunudur. Atası Abbas, anası Cəmilə xanım onunla qürur duyur (əslində, hər birimiz Murovumuzu çox istəyirik). ...Ömrünün elə çağlarında ömür-gün yoldaşı Çiçək xalanı qəfil itirib ki, gözlərinin nurunu da bu yoxluq əlindən alıb. İlqar, Cəmilə, Tofiq, Validə atasevdalı olduqlarını daim sübut ediblər. Bu evdən, ailədən söz düşəndə hamı “Allah qorusun, nümənədirlər”,-deyib. Onlara oxşamağa çalışanlar səhv etməyiblər. Bu ailədə doğulub boya-başa çatanların tərbiyəsi, əxlaqı, mədəniyyəti nümunəvi olub və bu gün də həmin alicənablıq onların balalarında özünü göstərir. Böyük oğlu İlqar sürücülük məktəbinin müəllimidir. Atasının peşəsinin layiqli davamçısı, həm də ustadıdır. Tofiq müəllim yol mühadisi ixtisasına yiyələnib. Nəsib babanın qulluğunda dayanmaq Tofiq qardaşımızın ailəsinin qayğılarındandır, baxmayaraq ki, baba hər kəsin sevimlisidir. Gəncə Dövlət Universitetinin tələbəsi olan Günay bala Tofiq müəllimin ilki, bacıları Çiçək və Nuraya örnəkdir. Anaları Təranə xanımın bir cüt ciyərparası da əkiz qardaşlar – Elmirlə Samirdir. Bax belə, bu kiçik dövlətin əsas yolgöstərəni, eşidiləni, məsləhətverəni, əlbəttə, Nəsib babadır. Babalıq taxt-tacına qalxmamışdan da öz ətrafı, qardaşları, tay-tuşları arasında sayılıb-seçilib. Həmsöhbət olmaq üçün məqam axtarmağa ehtiyac yoxdur. Dünyanın gəl-gedindən sənə elə söhbət açsın ki, inanmayasan onun adicə sürücü olduğuna. Hər kəlməsindən müdriklik yağan Nəsib baba böyük qardaşı Məhəmmədin (Allah rəhmət eləsin), kiçik qardaşı Zeynalın yolunu daim əziz saxlayıb. Məhəmməd Nəcəfov Kəlbəcər rayon hərbi komissarlığında keçirib. Əsgəri xidmətə gedənlər də, gələnlər də onun xeyir-duasını alıblar. Buna görə də rayon miqyasında qazandığı xatir-hörməti çox idi. Bir qədər dəli-doluluğu ilə seçilən Zeynala qardaşlıqdan çox, atalıq qayğısı göstərib. Qardaşlarının balalarını özününkülərdən seçməyib. ... Nəsib baba illərin və Murovdağın o tayında qalan uşaqlıq, gənclik dövründə keçirdiyi günləri bu gün ipə-sapa düzür. Gəncənin Gülüstan yaşayış massivində məskunlaşan Nəsib baba balalarını, nəvələrini başına toplayıb onlara Kəlbəcərdən danışanda hafizəsinə heyran qalırsan. Yaddaşında qalanlar Kəlbəcərin və beş-para kəndin (Otaqlı, Dalqılınclı, Dərəqışlaq, Barmaqbinə, Əmrallar) yazılmamış tarixidir.


Əlini gözlərinin üstünə qoyub Murovdağa sarı boylananda nələr keçir ürəyindən görəsən? İtirdiyi, indi əl uzada bilmədiyi ötən çağlarımı? Yoxsa Kəlbəcərdən sonra Gəncədə qoruyub saxlaya bilmədiyi, ağrı-acılarına dözmədiyi, dünyadan vaxtsız köçəndə də dağların gülü-çiçəyindən əmanət aldığı ömür-gün dostu Çiçək Bayram qızı ilə keçirdiyi o bəxtəvər günləri yenidən yaşadır yaddaşında? Kim bilir, bəlkə də ürəyində saxladığı, boyat xatirələr dolaşıq kələfə dönüb? Bircə onu bilirik ki, Nəsib baba balalarının və nəvələrinin, onu doğma bilənlərin qibləsidir! Bu misraları ondan ayrılarkən dilindən eşitdim Nəsib babanın. Ürəyinə yatan şeirlər olanda özünü də dərdləndirib dilləndirir. Bu dəfə də dilləndi Nəsib baba - qəlbindən dodaqlarına süzülən kəlmələri Şirinbulaqdan, yoxsa Daşbulaqdan borcmu almışdı bəlkə də, yayda burada pörşülənən sinəsini soyutmaq üçün:

Sinəm bir ümmandı, şeir-sənətlə, Yaman çağladırsan şirin söhbətlə. Çoxmu üzdüm sizi dərdi-möhnətlə? Kəlbəcərdən, Otaqlıdan soraq ver, Dərdimi yazmağa mənə varaq ver! Yaylaqları yoxlamğa gedəkmi? Çəmən-çiçək qoxlamağa gedəkmi?! Düşmən bağrın oxlamağa gedəkmi?! Şahbazlardan, Dilqəmlərdən soraq ver! Düşmən bağrın oxlamağa yaraq ver! Hardan alaq o dağların havasın?! Görərikmi bir də zövqü-səfasın!! Sən bilirsən mən Nəsibin cəfasın,- Gecələrim zülmətdədi, çıraq ver! Zəmim yağı, gəl, biçməyə oraq ver! Bu da ömrünün səksəninci fəslində dağ çəmənlərindən dərdiyi Çiçək həsrətinə tablaşmayılb hərdən kövrələn el ağsaqalı ilə bir görüşün kiçik xatirəsi. Kəlbəcər nisgilli sözlərini dinlədikcə qəlbim qana döndü. Həsrətlə Murovdağa abxıb köks ötürəndə dilim dinc durmadı. Dedim ki:

Qorxmayıb sən qar-sazaqdan, Gedərsənmi mənnən dağa? İçməyə bumbuz bulaqdan, Gedərsənmi mənnən dağa? Gül dərib, çiçək yığmağa, Şeh olub gülə yağmağa, Daş üstə xına yaxmağa, Gedərsənmi mənnən dağa? Murovdan azıb getməyə, Zirvədən süzüb ötməyə, Qayada, daşda bitməyə, Gedərsənmi mənnən dağa? Kəhər yalmanına yatıb, Bütün dərdi-səri atıb, Arzuya, diləyə çatıb, Gedərsənmi mənnən dağa? Yağıya divan tutmağa, Dərdi-sərini atmağa, Yatanları oyatmağa, Gedərsənmi mənnən dağa? Ayaqyalın, başı açıq, Gəzək orda açıq-saçıq. Xəyal durna, yol dolaşıq, Gedərsənmi mənnən dağa? Yurdda alaçıq qurmağa, Köçün yolunu qırmağa, El-obanı qorumağa, Gedərsənmi mənnən dağa? Sən demə, o, mənim “Qala dərdim” kitabından ürəyinə yatan şeirlərdən əzbər də bilirmiş. Cavabımı elə verdi ki: Başıma od yağa-yağa, Biz yol açıb Qarabağa, Ordan ötüb Dəlidağa, Dur gedək. Yaramızı qanatmağa, Sinəmizi soyutmağa, Yatmışları oyatmağa, Dur gedək. Yağıdan qisas almağa, Torpağa sahib olmağa, Bu yolda biz soyulmağa Dur gedək. Qaytaraq ötən hünəri, Yandıraq gəl göyü, yeri! Olaq Vətənin əsgəri, Dur gedək! Qoy oyansın məmur, nazir! Bu dərd məni sıxır, əzir! Olub əmrə biz müntəzir, Dur gedək! Düşmənim həddini aşır, Deyən qudurub, çaşır! Ruhum o dağlara uçur, Dur gedək! Ver əlini gəl əlimə, Qan yağır ayım, ilimə. Yiyəsiz çəmən-çölümə Dur gedək! Yaram qanlı, üzüm danlaq, Darda qalıb oba, oymaq. Azmı gördük tənə, qınaq, Dur gedək! Yolum yaxın, yolum uzaq, Ölək, itək, yolda azaq. Düşmənin qəbrini qazaq, Dur gedək! Yastığımız qoy olsun daş, Daha bəsdir yatdıq, qardaş! Diz qatlayıb qurma bardaş, Dur gedək! Məhəmməd NƏRİMANOĞLU


9 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev