"GƏLİN HƏQİQƏT NAMİNƏ VƏ ƏDALƏTİN ZƏFƏR QAZANMASI ÜÇÜN BİRGƏ KAMPANİYA APARAQ"
 

LEYLA ƏLİYEVA, KAMPANİYANIN TƏŞƏBBÜSKARI

1/1
Hadisə şahidlərinin dili ilə...
Şamil Ələkbərli (sağ tərəfdə)

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu (həmçinin Şamil Ələkbərli kimi tanınır) ilə 2011-ci il 19 oktyabr tarixində Bakı şəhərində görüşdük.

Hadisəni birinci görənlərdən idim və çoxlu şəkillər çəkdim. Hadisə barədə birinci olaraq “Səhər” qəzetində məlumat yaydım…Həyat yoldaşım əslən Xocalıdandır və şəhərin çətin vaxtlarında könüllü olaraq mən Xocalıya getdim.

23 yaşım olmasına baxmayaraq qəzetimiz ciddi informasiya vasitəsi kimi tanınırdı. 1990-cı ildə onun bir milyon nüsxəsi çap olunmuşdu. Qəzetimiz Sovet ordusunun Bakıya müdaxiləsini işıqlandırmışdı. Bu səbəbdən mənim yazılarım ciddi mənbə kimi qəbul olunurdu.

Şamil bildirir ki, 1990-cı ildə Xocalı şəhər statusu aldı. Şəhərdə tikinti işləri gedirdi; Ermənistandan və qonşu Xankəndi rayonundan qovulan Azərbaycanlılar üçün orada fin üslublu taxta evlər tikilirdi.

Peşəmə uyğun olaraq tikinti sahəsində çalışırdım. Həmçinin jurnalist kimi fəaliyyət göstərirdim. İşimizi Azərbaycan hökuməti maliyyələşdirirdi. Mən təcavüzün yüksəlmə mərhələlərinin şahidi oldum.    

Hələ faciədən öncə ermənilər tikinti işləri gördüyümüz zaman bizi qıcıqlandırırdılar. Onlar “yaxşı, Siz gedin tikin, ancaq bilin ki, buradan gedəcəksiniz” deyirdilər. Tikinti işləri zamanı onlar bizə atəş açırdılar.  

Bəzən avtobus ilə Əsgərandan keçərək Ağdama gedərdik. Ağdamda azərbaycanlılar yaşayardı, Əsgəranda isə ermənilər. Geriyə qayıdan zaman ermənilər daş ataraq pəncərələri sındırırdılar; bəzən avtobusdakı sərnişinlər xəsarət alardı. Onlar bizə hədə-qorxu gələr, bu torpaqların, o cümlədən Xocalının onlarınkı olduğunu iddia edirdilər. Bu hadisələrin 1991-ci ilin noyabr ərəfəsində baş verdiyi xatirimdədir. Hadisə baş verən zaman mən avtobusda idim.

Tədricən ermənilər ətraf məkanları ələ keçirdilər. Onlar Əsgəran qülləsini mühasirəyə aldılar. Əsgərandan Şuşaya yol həmin qüllədən (onun altı tacvari idi) keçirdi. Qüllənin 250 il tarixi var idi. Yavaş-yavaş Xocalı təcrid olunurdu.           

Meşəli, Cəmilli, Kərkicahan və Kosalar Xocalının ətraf kəndləri idi və onlar ermənilər tərəfindən işğal olundu. 1991-ci il 15 dekabr tarixində onlar Cəmillini ələ keçirdi və dörd nəfər azərbaycanlını qətlə yetirdilər. 1991-ci il 23 dekabr tarixində onlar Meşəli, 28 dekabr tarixində isə Kosalar kəndlərini yandırdılar. Nəticədə çoxlu insan həlak oldu. Dəhşətli faktlardan biri Meşəlidə 14 yaşlı məktəbli oğlanın məktəbdə diri-diri yandırılması idi.

Xocalının təcrid vəziyyətini görərək onun yaxınlarda işğal olunacağını düşünürdüm.

1992-ci il 28 yanvar tarixində Ermənistan Ağdamdan Şuşaya gedən helikopteri vurdu. Beləliklə də, Xocalıya hava yolu da kəsildi və şəhər tam olaraq mühasirəyə düşdü. Heç bir təchizatı olmayan şəhərdə tezliklə su, ərzaq və elektrik qıtlığı yarandı.

Tikinti dayandı. Cəmillidə könüllü kimi müəllim işləməyə başladım. Ora işğal olunduqdan sonra isə insanları Ağdama və sonralar Bərdəyə aparırdım.

Hər şey ümidsizliyə doğru gedirdi. Hər cür dəhşətli hadisələr baş verirdi; Sizə saysız belə hadisələr danışa bilərəm.

Qaradağlı adlanan kənd də ermənilər tərəfindən işğal olundu. Bu, o qədər də böyük kənd deyildi, lakin orada 70 nəfər azərbaycanlı öldürüldü. Onlar heyvanlar üçün yem qablarında dəfn olundu.

Alov və Atəş adlı iki qardaş var idi. Onlar adlarına görə öldürülərək yandırıldı.

Melkonyan adlanan erməni bir hamilə qadını öldürərək uşağını çıxardı.

Ağdamda idim və hiss edirdim ki, Xocalı növbəti hədəfdir.

1992-ci il 26 fevral tarixində mən Şellidə idim. Meşədən çıxan bir qrup yaralı şəxslə qarşılaşdım və orada nəyin baş verdiyini öyrəndim. Hətta uzaq məsafədən belə atəş açma hallarını görə və eşidə bilirdik. Yaralıları axtarmaq üçün meşəyə getdik. Orada gənc azərbaycanlı könüllülər yaralılara kömək edirdilər. Silahlarımız yox idi. Ermənilər atəş açmaqda davam edirdilər. Meşədən qışqırıq səsləri eşidirdik.

Biz bir yanacaq doldurma məntəqəsinə çatdıq. Bütöv bir ərazi yaralı insanlarla dolu idi. Əhali əraziyə dağılmışdı, lakin yenə də atəşə məruz qalmışdılar. Biz cəsədləri saxlamaq və yaralıları Ağdama aparmaq qərarına gəldik. Yaralıları daşımaq üçün yerli əhalinin nəqliyyat vasitələrindən istifadə etdik.     

Xocalıda üç qrup əhali yaşayırdı: Xocalının yerli sakinləri, Xankəndindən buraya köçənlər və Ahiska türkləri. Türklər fin evlərində yaşayırdılar. Onların evləri odundan və kövrək olduğuna görə türklər birinci olaraq atəşə məruz qaldılar.

Həmin gün mən özümə gəlmədim. Baş verənlərə inana bilmirdim. Gecə mən jurnalist kimi Bakı ilə əlaqə saxlamalı olduğumu düşündüm. Mən telefon əlaqəsindən istifadə etmək üçün Ağdamda poçt idarəsinə getdim. Bakıya yüzdən çox insanın qətlə yetirildiyini xəbər etdikdə onlar mənə inanmırdılar.

Sonralar eşitdim ki, Azərtac xəbər agentliyində yalnız iki nəfərin öldüyü barədə xəbər yayımlanıb. Mən yüzdən çox insanın qətlə yetirildiyini sübut edə bildim. Bütün digər qəzetlər Azərtacın xəbərini yaydı, lakin mənim qəzetim öz xəbərimi yaydı.

1992-ci il 27 fevral tarixində Tomas Qoltzdan sonra digər jurnalistlər Ağdama gəldi. Onlar üçün xüsusi helikopter icarə olundu və onlar qırğını və Ermənistanın törətdiklərini öz gözləri ilə görə bildilər.

Lakin Bakı hələ də baş verənlərə inanmırdı.

Öz kameram ilə çəkdiklərimdən film hazırladım. Bu peşəkar fotoaparat deyildi, lakin mən yenə də şəkilləri göndərdim. 4 mart tarixində mənim qəzetim həmin şəkillərdən istifadə etməklə “Azərbaycan qırmızı qanda” başlıqlı məqalə nəşr etdi.

Ağdamdakı yerli strukturlar bizə kömək etməkdən qorxurdular və faciənin qarşısını ala bilmədiklərinə görə kədərli idilər. 

 

Şamil hadisələri təsvir etməkdə davam edirdi və öz mülahizələrini bildirdi.

Xocalı əhalisi Azərbaycanda öz əməksevərliyi və kənd təsərrüfatında qabaqcıl imkanları ilə tanınır. Rayonda zəngin Xocalı-Gədəbəy abidələri yerləşir, bu da Xocalının Azərbaycan mədəniyyətinin bir hissəsi olduğunu sübut edir.

Xocalıda müşahidə olunan əsas məqamlardan biri uşaqlara heç bir aman verilməməsidir. Ata səkkiz yaşlı qızının gözləri önündə kəndirlə asılaraq yandırılmışdır. Onun adı Təvəkkül Əmirovdur.

Bakıdan olan tələbə Faiq Əliməmmədov Xocalıya getmiş və orada təcridxanada güllələnərək öldürülmüşdür.

Xocalıda 613 nəfər öldürüldü. Onlardan 63 nəfəri uşaq olmuşdur. 150 nəfər şəxs hələ də itkin düşüb.

Xocalıda təxminən 7000 nəfər əhali yaşayırdı, lakin faciə zamanı orada 3000 nəfər qalmışdı, çoxu oranı tərk etmişdi. Bu o deməkdir ki, hər üç nəfərdən biri fiziki əzab çəkmişdir. Nəzərə almaq lazımdır ki, bir çox insan yaralanmış və müxtəlif xəsarətlər almışdır.

1275 nəfər dərhal girov götürülmüş, onlardan bəziləri geriyə qayıtmışdır. Bəzi qeyri-rəsmi məlumatlara görə girovlar Ermənistana, oradan isə Liviya və Suriyaya aparılaraq onların orqanları satılmışdır. Bəziləri Gürcüstana aparılmışdır.

Səkkiz ailə tamamilə məhv edilmişdir.

150 nəfər itkin düşən insanlar və keçirdiyi sarsıntılar nəticəsində gənc yaşlarında həlak olanlar nəzərə alınsa, ölənlərin sayını göstərən rəqəm 613-dən daha çox olar.  

Ermənistan BMT-nin müvafiq qətnamələrinə məhəl qoymur. BMT-nin Qarabağla bağlı qətnamələri icra olunmayıb. Bu fakt bütün dünyaya çatdırılıb, lakin işğal davam edir. Bu vəziyyətə son qoyulmalıdır.   

Ermənistan öz ölkəsini dənizdən dənizə, Qara dənizdən Xəzər dənizinə çatdırmaq iddiasındadır. Belə görünür ki, Rusiya, Fransa və ABŞ Ermənistana bu arzusunu həyata keçirməyə dəstək olur…  

Bizim istədiyimiz beynəlxalq ictimaiyyətin bizə dəstək olmasıdır. Hələ də müharibə təhlükəsi qalmaqdadır. Biz Xocalı faciəsinin qlobal səviyyədə tanınmasını istəyirik. Biz 26 fevral tarixinin Azərbaycanın anılması günü kimi tanınmasını istəyirik!

Biz Ermənistanın indiki və keçmiş prezidentlərinin məhkəmədə cavab verməsini istəyirik. Serj Sarkisyan (söhbət zamanı Ermənistanın Prezidenti – red.) iki il bundan öncə Fransada Xocalı faciəsində iştirak etdiyini etiraf edib. Seyran Ohanyan (söhbət zamanı Ermənistanın müdafiə naziri – red.) 366-cı alayın 2-ci batalyonunun komandiri olub.

Onlar qırğında birbaşa iştirak etdiyinə və təqsirli olduğuna görə biz onların Avropa Məhkəməsində cavab verməsini istəyirik. Onlar bu faciəni törətdiklərini etiraf ediblər.

Şamilin son sözləri daha təsirlidir:

Mən sərhədsiz, insanların bir-birini başa düşdüyü bir dünya istəyirəm. İnsanlar bir-birinə etinasız münasibət bəslədiyi halda dünyanın sonu gələr. Biz bu laqeydliyə son qoymalıyıq, müharibələrə son qoymalıyıq. 

 

Söhbəti apardı: Fiona Maklaxlan
Mənbə: “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı,
Ithaca Press tərəfindən çap olunub, London 2014

Foto və video faktlar.

1/3

Rusiyalı jurnalist Viktoriya İvleva Xocalının Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra şəhərə daxil olur. O, qadınlar və uşaqlar da daxil olmaqla sakinlərin cəsədləri ilə örtülmüş şəhərin şəkillərini çəkmişdir. Mətbuatda dərc olunmuş məqalələrində, o, Xocalıdan olan Məhsəti türklərinin geniş kütləsini necə gördüyünü və o, əsir götürülmüş bir qadına kömək etdiyi zaman erməni əsgəri tərəfindən necə döyüldüyünü təsvir edir. O həmin mənzərəni belə xatırlayır:

“Türklərin həmin böyük kütləsinin sonunda üç uşaqlı bir qadın hərəkət edirdi. O, qarda ayaqyalın addımlayırdı. O, çətinliklə hərəkət edir və tez-tez yıxılaraq düşürdü. Sonra məlum oldu ki, onun ən kiçik uşağı yalnız iki gündür ki doğulub. İki gün! Mən uşağı əllərimə götürdüm və türklərlə birlikdə addımlamağa başladım. Biz hər ikimiz – mən və o qadın ağlayırdıq. Zülmət, iri kütlə… Geyimim məni türklərdən ayırsa da, mən bir neçə dəfə daha tez yerimək üçün kötək zərbəsi və söyüşə məruz qaldım. Təhlükədə olmadığımı bilsəm də bir anlıq həmin vaxt mən özümü əsir kimi hiss etdim. Heç kəsə bu cür vəziyyətə düşməyi arzulamazdım.”

2011-ci ildə İvleva Azərbaycanda həmin qadını tapır. Onun kiçik uşağı, Günay böyümüşdü, lakin uşaqlıqda aldığı sarsıntıdan danışa bilmirdi. Günayın sağ qalmaq üçün çox mübarizə apardığına baxmayaraq, aldığı həmin güclü zərbə və sarsıntı İvlevanın səfərindən qısa müddət sonra onun həyatına son qoydu.

1/14

Frederik Lengeyn hazırda sənədli filmlər hazırlayır, lakin o, 1992-ci ildə Moskvada “Reuters” agentliyinin nümayəndəsi kimi Sovet İttifaqının süqutunu lentə alırdı. Dağlıq Qarabağda döyüş əməliyyatları başlanan kimi o, Azərbaycana səfər etdi və fevral ayının sonunda Ağdamda idi.

O, 613 nəfər kişi, qadın, uşaq və körpələrin qətlə yetirilməsi və 150 nəfərin hələ də itkin düşməsi ilə nəticələnən müharibənin ən qanlı həmin gecəsindən sonra Xocalı rayonundan cəsədlərin və məcburi köçkünlərin axının şahidi olmuş və onları lentə almışdır.

“The New York Times” qəzeti özünün “Ermənilərin törətdikləri qırğın barədə məlumat verilir” başlıqlı 3 mart 1992-ci il tarixli məqaləsində onun Ağdam yaxınlığında azərbaycanlı cəsədlərlə dolu iki yük avtomobili görməsi ilə bağlı dediklərinə istinad edir. Məqalə daha sonra onun sözlərindən sitat gətirir: 

“İlk avtomobildə 35, güman ki, 2-cidə də elə o qədər cəsəd var idi. Bəzilərinin başı kəsilmiş, əksəriyyəti yanmış idi. Hamısı kişi idi və çox az hissəsi xaki formasında idi.”

Xalid Əsgərov 1961-ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə o, Bakı Slavyan Universitetini, daha sonra Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. O, “Reuters” xəbər agentliyinin fotomüxbiri kimi keçmiş Sovet İttifaqı zonasında münaqişə bölgələrində, o cümlədən  Dağlıq-Qarabağ, Abxaziya, Çeçenistan regionlarında və Tacikistanda işləyib. Müxtəlif fotoalbomlar, jurnal və nəşrlər üçün fotolar çəkib.

O, qətliam yerindən Ağdama gətirilən çoxsaylı cəsədlərin şəkillərini çəkmiş və ailə üzvlərinin öz yaxınlarının meyitlərini taparkən necə çətinlik çəkdiyini təsvir etmişdir.   

1/5

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" bölməsi bu problemin hərtərəfli öyrənilməsinə imkan verən səkkiz əsas yarımbölmədən ibarətdir. Birinci yarımbölmə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının yönəldiyi və onun işğalçı müharibə yolu ilə Azərbaycandan qoparmağa cəhd etdiyi, Qarabağ bölgəsinin tarixinə həsr edilmişdir. Burada "Qarabağ" sözünün etimologiyası müəyyənləşdirildikdən sonra, Qarabağın tarixi, ərazisi və sərhədləri haqqında məlumat verilmiş, Azərbaycanın tarixi inkişafına uyğun olaraq Qarabağın tarixi dövrləşdirilmiş, əsas hadisələr şərh edilmişdir. Qarabağın tarixi inkişafının öyrənilməsi sübut edir ki, bütün tarixi dövrlərdə yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş, Azərbaycanın tarixinə uyğun inkişaf etmişdir. Ermənistanın Qarabağa ərazi iddialarının tarixi kökləri, onun təcavüzkar mahiyyəti, Ermənistanın Azərbaycana qarşı müharibəsinin işğalçı xarakteri faktlarla göstərilmişdir.

İkinci yarımbölmə "Qarabağ problemi və erməni məsələsi"nin əlaqəsi və onun təzahür formalarına həsr edilmişdir. Erməni xislətinin daha dərindən dərk edilməsi üçün bu yarımbölmədə dünyanın qabaqcıl fikir xadimlərinin ermənilər haqqında tənqidi mülahizələri və ermənilərin özləri haqqında baxış prizmaları verilmişdir.

 

Üçüncü yarımbölmədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, müharibənin gedişi, Azərbaycan ərazilərinin işğalı prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq rejiminə aydınlıq gətirilmişdir. Münaqişənin həllinə Azərbaycanın baxışları və bütövlükdə münaqişənin həlli prosesinin gedişi nəzərdən keçirilmişdir.

Dördüncü yarımbölmə Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsinin gedişində törədilmiş Xocalı soyqırımına həsr edilmişdir. Burada Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuş, dünya ictimaiyyətinin ona münasibəti və şahidlərin ifadələrinə geniş yer verilmişdir.

 

Beşinci yarımbölmə Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsinin törətdiyi humanitar fəlakət haqqındadır. Yarımbölmədə Azərbaycanın Qarabağ və digər regionlarında da Ermənistanın işğalçı, təcavüzkar fəaliyyətinin soyqırım aktları ilə müşahidə olunması göstərilmişdir. Qaçqın və məcburi köçkünlərin ağır həyat şəraiti, əsir, girov və itkin düşmüşlər haqqında məlumatlar verilmiş, beynəlxalq hüquq və humanizm prinsiplərinə zidd olaraq ermənilərin azərbaycanlı əsirlərə qarşı qeyri-insani rəftarı, erməni təcavüzünün qurbanı olmuş qadın və uşaqların başına gətirilən müsibətlər faktlarla göstərilmişdir.

Altıncı yarımbölmədə müasir dünya üçün başlıca təhlükə mənbələrindən birinə çevrilmiş beynəlxalq terrorizmin ən təhlükəli tərkib hissəsi olan erməni terrorizmi, erməni terror təşkilatları, Azərbaycanda törədilən terror-təxribat aktları, onların xronologiyası verilmişdir. Burada Ermənistanın beynəlxalq terrorizmi dəstəkləyən dövlət olması da faktlarla təsdiq edilmişdir.

Yeddinci yarımbölmə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələrindən bəhs edir. Bunun üçün əvvəlcə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının təbii ehtiyatlarına dair faktlar verilir. Sonra işğal edilmiş rayonlara vurulan zərər əsas sahələr üzrə klassifikasiya olunur, ekoloji, sosial psixoloji, iqtisadi, maddi-mənəvi zərərlərin miqyası müəyyənləşdirilir, Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi göstərilir.

Qarabağ problemi üzrə əldə olunan nəticələrin qanunauyğunluğunu nümayiş etdirmək üçün əldə olunmuş sənədlərin bir qismi xüsusi, səkkizinci yarımbölmədə verilmişdir. Burada Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında bağlanmış 1805-ci il 14 may Kürəkçay müqaviləsi, Rusiya ilə İran arasında bağlanmış 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri, Erməni "Daşnaksutyun" partiyasının antiazərbaycan fəaliyyətinə dair sənədlər, AXC (1918-1920) və Azərbaycan SSRİ-nin ilk dövründə Qarabağa dair sənəd və materiallar verilmişdir. 1948-53-cü illlərdə Ermənistan SSRİ-dən azərbaycanlıların deportasiyası haqqında sənəd və materiallar da burada xüsusi yer tutur. Tarixi sənədlər beynəlxalq təşkilatların BMT, ATƏT və AŞPA-nın qəbul etdiyi qərar və sənədlərlə yekunlaşdırılır.

Ermənistan Respublikasının Hərbi Təcavüzünün Nəticələri

İşğal tarixi

Cəbhə xəttinin uzunluğu — 246 km
Dağlıq Qarabağ (1989)
Ərazi — 4 388 kv.km
Əhali — 189 085
Ermənilər — 145 450 (76.9 %)
Azərbaycanlılar — 40 688 (21.5 %)
Sair — 2 947 (1.6 %)
Sərhədin uzunluğu — 485 km
O cümlədən: Şuşa rayonu
Ərazi — 312 kv.km
Əhali — 20 579
Azərbaycanlılar — 19 036 (92.5%)
Ermənilər — 1 377 (6.7%)
İşğal olunmuşdur — 1992-ci il, 8 may

DAĞLIQ QARABAĞIN ƏTRAFINDAKI RAYONLAR


                                   İşğal olunmuşdur            Əhalisi 2015  

  


    Laçın rayonu             1992-ci il, 18 may               74 100   

 


    Kəlbəcər rayonu       1993-cü il, 2 aprel                88 300

   


    Ağdam rayonu          1993-cü il, 23 iyul               191 700

   


    Füzuli rayonu            1993-cü il, 23 avqust          125 400

   


    Cəbrayıl rayonu        1993-cü il, 23 avqust            76 600

   


    Qubadlı rayonu         1993-cü il, 31 avqust            38 900

   

    Zəngilan rayonu        1993-cü il, 29 oktyabr           42 700    

TƏCAVÜZÜN QURBANLARI
 

Həlak olmuşdur - 20 000

Əlil olmuşdur - 50 000
İtkin düşmüşdür (2015)- 4 011

Qeyd: Münaqişə müddətində 6000-dən çox Azərbaycan vətəndaşı itgin düşmüş, əsir-girov götürülmüşdür.
 


DAGINTILAR VƏ ZİYANLAR (1988-1993-cü illər)


Yaşayış məntəqələri - 900
Evlər - 150 000
İctimai binalar - 7 000
Məktəblər - 693
Uşaq bağçaları - 855
Tibb müəssisələri - 695
Kitabxanalar - 927
Məbədlər - 44
Məscidlər - 9
Tarixi abidələr, saraylar və muzeylər - 473
Muzey eksponatları - 40 000
Sənaye və kənd təsərrüfatı müəssisələri - 6 000
Avtomobil yolları - 2 670
Körpülər - 160
Su kommunikasiyaları - 2300 km
Qaz kommunikasiyaları - 2000 km
Elektrik xətləri - 15 000 km
Meşələr - 280 000 ha
Kənd təsərrüfatı üçün yararlı torpaqlar - 1 000 000 ha
İrriqasiya sistemləri - 1 200 km

 

QAÇQIN, MƏCBURI KÖÇKÜN VƏ SIĞINACAQ AXTARAN ŞƏXSLƏR (2015)
 

Ermənistandan qaçqınlar - 350 000
Azərbaycanın işğal olunmuş ərazilərdən məcburi köçkünlər - 789 000
Orta Asiyadan qaçqınlar (Axısxa türkləri) - 60 000
Digər ölkələrdən olan qaçqın və sığınacaq axtaran şəxslər - 1500
(2003-cü ilə qədər onların sayı 11 000 nəfər olmuşdur)
Cəmi: 1 200 500


İşğal edilmiş ərazilərdə olan Ermənistan hərbi qüvvələri (2015)

Tank - 350
Artileriya - 425
ACV - 398
Şəxsi heyət - 45 000 nəfər


İşğal edilmiş ərazilərə qanunsuz köçürülən əhali (2015)

Dağlıq Qarabağ - 8 500
Laçın - 13 000
Kəlbəcər - 700
Zəngilan - 520
Cəbrayıl - 280
Cəmi: 23 000 nəfər



 

Qeyd:
 

  1. Qaçqın və məcburi köçkünlər müvəqqəti olaraq 62 şəhər və rayon ərazisində əsasən 1 600-dən çox obyektdə məskunlaşmışdır.

  2. Ermənistanla və işğal olunmuş ərazilərlə həmsərhəd yaşayış məntəqələrindən olan məcburi köçkünlərin sayı (2015)-110 612 nəfərdir.

Statistika

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev