top of page

Şuşa rayonu

Şuşa rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın Qarabağ silsiləsi ərazisində yerləşir. Sahəsi 290 km2, əhalisi 29 700 nəfərdir (01.01.2011). Mərkəzi Şuşa şəhəridir. Rayon 8 may 1992-ci il tarixindən erməni işğalı altındadır.


Rayona Şuşa şəhəri, Turşsu qəsəbəsi və Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Armudlu, Dükanlar, Həsənabad, Qarabulaq, Ağbulaq, Zamanpəyəsi, Şuşulu, Mirzələr, Qaybalı, Laçınlar, Şırlan, Çaykənd, Paşalar, Məmişlər, Xanalı, İmamqulular, Cəmillər, Səfixanlar, Xanlıqpəyə, Allahqulular, Həsənqulular, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Göytala, Onverest, Zarıslı, Nəbilər, Sarıbaba, Daşaltı, Nağılar, Xudaverdilər, İmanlar, Turabxan kəndləri daxildir.


Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m).

İşğaladək rayonda İttifaq əhəmiyyətli sanatoriya-kurort kompleksi fəaliyyət göstərmişdir. Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tutmuşdur. İşğaldan əvvəl rayonda Azərbaycan Pedaqoji institutunun, Azərbaycan Neft Kimya institutunun Şuşa filialları, 24 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar tədris müəssisəsi, tibb məktəbi, 8 uşaq musiqi və incəsənət məktəbi, mədəni-maarif texnikumu, musiqi texnikumu, kənd təsərrüfatı texnikumu, texniki peşə məktəbi, meşə sağlamlıq məktəbi, mədəniyyət evi, kinoteatr, 5 muzey, rəsm qalereyası, klub, kitabxana, mərkəzi rayon xəstəxanası, 11 feldşer-mama məntəqəsi, sanitariya və epidemiologiya stansiyası, uşaq sanatoriyası, təcili yardım stansiyası, şəhər poliklinikası, stomatoloji poliklinika fəaliyyət göstərmişdir.


İşğaldan əvvəl rayonda dövlət tərəfindən qorunan 248 tarixi abidə mövcud olub.

shusha-p1-04.jpg

Aşağı Gövhərağa məscidi

Qarabağın sonuncu xanı İbrahim xanın qızı Gövhərağa (əsl adı Gövhərnisə) həm də öz dövrünün məşhur xeyriyyəçilərindən olmuşdur.


Onun vəsaiti hesabına tikilən Aşağı Gövhərağa məscidi Şuşa şəhərində 1874-1875-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmişdir.


Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib. 1992-ci ilin mayında Şuşanın işğalı zamanı Aşağı Gövhərağa məscidinin binası və minarələri zirehli texnikanın atəşlərinə məruz qalaraq ciddi zədələnibdir.


Bülbülün ev-muzeyi

SSRİ Xalq artisti Bülbülün 1992-ci ilə qədər Şuşada yerləşən ev-muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi. Ev-muzey kiçik həyət, iki otaq və eyvandan ibarətdir. 
Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli sənədlər burada nümayiş olunurdu. 
Muzeyin fasadında Bülbülün heykəltəraş Xanlar Əhmədov tərəfindən bürüncdən hazırlanmış, uşaqlıq illərinin portretini əks etdirən memorial lövhə vurulmuşdur. 
Ermənistan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğal etməsi nəticəsində muzeyin 6 mindən artıq eksponatı məhv edilmiş və aparılması mümkün olanlar isə Ermənistana daşınmışdır. Bülbülün erməni vəhşiləri tərəfindən güllələnmiş heykəli hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilib.


 

Hacı Quluların mülkü

Hacı Qulunun Xoca Mərcanlı məhəlləsindəki imarəti 1851-ci ildə tikilmişdir. Milli üslubda tikilmiş üçmərtəbəli sarayda 46 otaq və 2 böyük zal var idi. 1865-ci ildə Şuşada olmuş rus rəssamı V.V.Vereşşaginin əsərində bu zallardan biri təsvir olunub.


1992-ci ildə Şuşa şəhərinin ermənilər tərəfindən işğalı zamanı Hacı Quluların mülkü top atəşinə tutularaq divarları dağıdılmışdır.

2.1.jpg
3.2.jpg


 

Xurşudbanu Natəvanın evi

 

 

Görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvana məxsus ikimərtəbəli ev Şuşa şəhərində yerləşən XVIII-XIX əsrlərə aid tarixi yaşayış binalarından biri hesab olunurdu. Hazırda bu ev yarıuçuq vəziyyətdədir.


 

Mamayı məscidi

XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş eyniadlı məscidin memarı Kərbalayı Səfixan Qarabaği olmuşdur.

 
Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamayı məscidinin dam örtüyündə azançı üçün “güldəstə” quraşdırılmışdır.

 

Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi fəaliyyət göstərmişdir.


Məscid iki mərtəbəlidir.

4.2.jpg
5.1.jpg

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi

Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V. Salamzadə və E.İ Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılmışdır. Kompleksin açılışı 1982-ci ilin yanvar ayında olmuşdur. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdir. Burada M.P. Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.
Kompleksin açılışında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak etmişdilər. 
1992-ci ilin may ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarca eksponat məhv edilmiş, aparılması mümkün olan eksponatlar isə Ermənistana daşınmışdır.

6.1.jpg
13.1.jpg

Yuxarı Gövhərağa məscidi

Yuxarı Gövhər ağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhər ağa məscidindən təxminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib. Planı təqribən kvadrat formada olan (21,30 х 26,20 m) bu məscid ümumən Ağdam Cümə və Aşağı Gövhər ağa məscidlərinin konstruksiya ideyasını saхlayır. Zalın yan divarları boyu quraşdırılmış ikinci mərtəbədəki qadınlar üçün eyvan və mehrabla üzbəüz tərəfdəki şüşəbənd də memarın əsas tikinti meyarlarındandır. Yuхarı Gövhər ağa məscidinin minarə kürsülüyü əvvəlki məscidlərdə olduğu kimi təbii əhəng daşı ilə olsa da, onun gövdəsində işlədilmiş həndəsi ornamentlər heç də Aşağı Gövhər ağa məscidinin minarə bəzəklərinə uyğun deyil. Onlar əsasən Ağdam Cümə məscidinin minarələrindəki həndəsi ornamentlərin bədii ideyasını davam etdirir. Minarələrin çardaq örtüyü ağac materiallarından quraşdırılıb. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir.
1969-cu ildən tarix muzeyi kimi istifadə edilən bu məscid 1992-ci ilin mayında Şuşa şəhərinin işğalından sonra erməni vandalları tərəfindən dağıdılmışdır.

Saatlı məscidi
 

Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən, Pənah Əli xanın 1759-cu ildə Şuşada tikdirdiyi məscid və mədrəsənin yerində tikilib. Tikildiyi məhəllənin adı ilə Saatlı məscidi adlandırılıb. 
Məscidin minarələrinin ümumi quruluşu Yuхarı Gövhərağa və Ağdam cümə məscidinin minarələrinə bənzəyir.

Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və хüsusilə minarəsinin olması ilə seçilən Saatlı məscidi Kərbəlayı Səfiхanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur. 
1992-ci ilin mayında Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı məscidin minarəsi top atəşləri nəticəsində dağıdılmışdır.

shusha-p7-04.jpg
8.1.jpg

Şuşa qalası

Şuşa qalası-Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Qala şəhəri xarici müdaxilələrdən qorumuş, uzun müddət alınmazlıq simvolu olmuşdur. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılsa da onu ələ keçirmək mümkün olmamışdır.
Ərazi strateji baxımdan olduqca əlverişlidir. Belə ki, Şuşa qalası yüksək dağlıq ərazidə yerləşir. Şuşa yaylasının dəniz səviyyəsindən ən hündür yeri 1600, ən alçaq yeri 1300 metrə yaxındır. Bu yüksək dağlıq yaylanın çevrəsi Daşaltı və Xəlfəli çaylarının yataqlarına enən dərin uçurumlarla əhatə edilib. 
Qarabağ xanı Pənahəli xan əvvəllər tikdirdiyi Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb.
Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qatışığından istifadə edilib. Qalanın dörd qapısı olub. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında onu xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki, bu körpü də Qala körpüsü kimi tanınır. Şuşanın xarici aləmlə əlaqəsini təmin edən qapılardan üçünün - Gəncə, Ağoğlan və İrəvan qapılarının adları bizim dövrümüzədək gəlib çatmışdır.
Dördüncü qapının isə nə adını, nə də yerini indiyədək müəyyənləşdirmək mümkün olmamışdır. Ola bilsin ki, qala divarları İbrahimxəlil xan tərəfindən yenidən tikilərkən həmin qapı ləğv edilmişdi.

Şuşa Musiqi məktəbi

10 oktyabr 1932-ci ildə yaradılan Şuşa Musiqi məktəbi görkəmli Azərbaycan şairəsi Xan qızı Natəvanın evində yerləşmişdir. Bu məktəb həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi. Musiqi məktəbinin açılması təşəbbüsü məşhur şuşalı xanəndə Bülbülə məxsus olub.
1992-ci ilin may ayında Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra Şuşa Musiqi məktəbi dağıdılmışdır.

9.1.jpg
10.1.jpg

Şuşa Realnı məktəbi

1881-ci il sentyabrın 20-də Şuşada ilk orta məktəbin- 6 sinifli Realnı məktəbin əsası qoyulmuşdur. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil edilən bu məktəbə ilk dəfə 159 şagird qəbul edilmişdi. 
Şuşa Realnı məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Bu məktəbdə dinin qoyduğu qadağalara baxmayaraq, başqa xalqların dillərini öyrənir, digər xalqların ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilirdi. 
Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olmuşlar.
1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı məktəbini yandıraraq xarabazara çevirmişlər.

Şuşa şəhər tarix muzeyi

Şuşa şəhər tarix muzeyi tarix-diyarşünaslıq profilli idi. Muzeydə Şuşa şəhərinin tarixini əks etdirən nadir fotoşəkillər, XIX-XX əsrin əvvəllərinə aid sənədlər, Şuşada XVIII-XIX əsrlərdə inşa edilmiş, tarixi əhəmiyyət daşıyan yaşayış evlərinin sxemləri, maketləri və fotoşəkilləri nümayiş etdirilirdi. Burada Şuşa şəhərindən olan tanınmış Azərbaycan ziyalıları, maarifçilər xanəndələr, musiqişünaslar və yazıçılar haqqında maraqlı stendlər, eksponatlar var idi.
Dekorativ-tətbiqi sənət bölməsində qiymətli incəsənət əşyaları, dolçalar, qazan dəstləri, dulusçuluq məmulatları, Şuşada və ətraf kəndlərdə toxunmuş xalçalar, gəbələr, bədii toxuculuq nümunələri saxlanılırdı. Muzey 1992-ci ilin may ayına qədər fəaliyyətini davam etdirmiş, Şuşa şəhəri işğalçı Ermənistan ordusu tərəfindən zəbt olunduqdan sonra dağıdılmışdır. Eksponatların xeyli hissəsini xilas etmək mümkün olmamışdır.

11.1.jpg
12.2.jpg

Üzeyir Hacıbəyovun ev-muzeyi

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyi 1959-cu ildə yaradılmışdır. Ev-muzeyi 1992-ci il Şuşanın erməni qəsbkarları tərəfindən işğalına kimi fəaliyyət göstərmişdir. Muzeyin ekspozisiyasında Hacıbəyovlar ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunmuş və muzeyə bağışlanmış kitablar mühüm yer tuturdu.
Ü. Hacıbəyovun anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi surətdə dövlət səviyyəsində qeyd olunmuşdur. 1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubileyi YUNESKO tərəfindən geniş qeyd olunmuş, dünyanın bir çox ölkəsindən gəlmiş qonaqlar Ü. Hacıbəyovun Şuşadakı ev-muzeyini ziyarət etmiş, burada böyük yubiley tədbirləri keçirilmişdir.
1992-ci ilin may ayının 8-də Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğalından sonra muzey fəaliyyətini dayandırmışdır. Muzey rəhbərliyinin səyləri nəticəsində muzeyin eksponatlarının işğal olunmasına, düşmən əlinə keçməsinə yol verilməmişdir. Muzeyin eksponatları hazırda Ü. Hacıbəyovun Bakıdakı ev-muzeyinin fondlarında saxlanılır.

Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron layihədə toplanılmış materiallarda dünyaya özlərini mədəni xalq kimi göstərməyə çalışan ermənilərin əsl simaları əyanı şəkildə görünür.

Mənbəwww.armenianvandalism.az

bottom of page