KƏLBƏCƏR

ERMƏNİ VANDALİZMİ:
________________________________

Əsirlikdə olan Azərbaycan abidələri

Kəlbəcər rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın mərkəzi hissəsində yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Sahəsi 1936 km2, əhalisi 83 200 nəfərdir (01.01.2011). Mərkəzi Kəlbəcər şəhəridir. Rayon 2 aprel 1993-cü il tarixindən erməni işğalı altındadır.

Rayona Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və Zivel, Keşdək, Nadirxanlı, Taxtabaşı, Həsənriz, Qozlu, Qozlu Körpü, Narınclar, Çərəktar, Lev, Abdullauşağı, Qaraçanlı, Ağyataq, Fətalılar, Mozkənd, Ağdaban, Çayqovuşan, Ağcakənd, Oruclu, Zağalar, Təzəkənd, Yenikənd, Əli Bayramlı, Vəzirxana, Almalıq, Laçın, Əsrik, Çoban Kərəkməz, Çorman, Aşağı Ayrım, Үuxarı Ayrım, Boyaqlı, Bağlıpəyə, Vəng, Bağırlı, Başlıbel, Xallanlı, Əlirzalar, 
Şahkərəm, Çovdar, Dalqılıclı, Otaqlı, Dərəqışlaq, Barmaqbinə, Otqışlaq, Dəmirçidam, Qanlıkənd, Zar, Vəng, Yellicə, Alolar, Kaha, Həsənlər, Armudlu, Təkdam, Zəylik, Hopurlu, Şeyinli, Zülfuqarlı, Qaragüney, Keçiliqaya, İstibulaq, Göydərə, Ağdaş, Qamışlı, Bağırsaq, Comərd, Qaragüney, Nəcəfalılar, Pirilər, Kilsəli, Quşyuvası, Qılıçlı, Quzeyçirkin, Mərcimək, Ağqaya, Çopurlu, Birinci Milli, İkinci Milli, Ücüncü Milli, Günəşli, Allıkənd, Воуur, Alçalı, Orta Qaraçanlı, Baş Qaraçanlı, Aşağı Qaraçanlı, Tatlar, İmambinəsi, Xolazəy, Alxası, Sarıdaş, Güneypəyə, Seyidlər, Cəmilli, Susuzluq, Qasımbinəsi, Sınıq Kilsə, Başkənd, Tirkeşəvənd, Zərqula, Qazxanlı, Qalaboyun, Qaraxançallı, Çaykənd, Kəndyeri, Kilsə, Aşağı Xaç, Mişni, Cəpli, Elyaslılar, Saplar, Məmməduşağı, Aşağı Şurtan, Yuxarı Şurtan, Soyuqbulaq, Təkəqaya, Babaşlar, Bozlu, Çıraq, Tövlədərə, Məmmədsəfi, Yanşaq, Zallar, Yanşaqbinə, Dovşanlı, Bazarkənd, Hayad, Qızılqaya, Yuxarı Oratağ, Vəngli, Çormanlı, Şahmansurlu, Heyvalı, Dəvədaşı, Yayıcı, İmarət Qərvənd, Çapar, Zərdəxaç, Kolatağ, Damğalı, Çıldıran, Mehmana kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 95 ümumtəhsil məktəbi, texniki peşə məktəbi, 44 klub, incəsənət məktəbi, muzey, mərkəzi xəstəxana, poliklinika, uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 feldşer-mama məntəqəsi, 23 kənd ambulatoriyası fəaliyyət göstərib, bir sıra tarixi və memarlıq abidələri, о cümlədən alban məbədləri və s. qeydiyyata alınıb.
Gəncəsər Monastır Kompleksi
Kəlbəcər rayonunun Vəngli kəndi ərazisində olan Gəncəsər monastırı Qafqaz Albaniyası katolikoslarının iqamətgahı olmaqla yanaşı Alban knyazları Cəlalilərin və katolikosların türbəsi də olub.
Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan Gəncəsər monastır kompleksinin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılmış, bütxana-ziyarətgaha çevrilmişdir. XIII əsrdən XIX əsrəcən Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur.
Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarətdir. Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunmuşdur. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların bir sıralı otaqları birləşir. Kompleksin cənub qapısına yaxın olan kilsənin əsasını 1216—1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoymuşdur. 
Bu dəyərli abidənin inşaatı və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olmuşdur.
Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxani dövlətinin iqtisadi gücündən soraq verir.
Elxanilər dövrü Azərbaycanın orta əsr memarlığının zirvəsi olduğu kimi, Gəncəsər monastırı da bu ölkənin türk-xristian memarlığının şah əsəridir. 1511-ci ildən Gəncəsər monastırı Alban katolikoslarının iqamətgahı olub. 1836-cı ildə ermənilər Rusiya imperatorunun fərmanı ilə Alban katolikosluğunun ləğv edilməsinə və alban kilsələrinin Eçmiədzin katolikosluğuna tabe etdirilməsinə nail oldular. Sonra isə tarixi saxtalaşdıraraq alban dini abidələrini erməni dini abidələri kimi dünyaya təqdim etməyə başladılar.
Hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Gəncəsər monastırını ermənilər “Qanzasar” erməni monastır kompleksi kimi dünyaya təqdim edirlər.
Xudavəng Monastır Kompleksi
Kəlbəcər rayonunun Vəng kəndi ərazisində, Tərtərçayın sol sahilində yerləşən Xudavəng, ya da Dədəvəng kompleksi Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir.
Əfsanəyə görə Qafqazda ilk xristian missioneri olmuş apostol Faddey-Dədə bu kompleksdə dəfn olunmuşdur. Ona görə Xudavəng kompleksinin təməlinin IV əsrdə qoyulduğu ehtimal olunur.
Kompleksdə əsas inşaat işləri XIII əsrdə Alban knyazı Vaxtanqın zamanında aparılmışdır. Monastır kompleksinin tərkibində indi iyirmidən çox tikili və tikili qalıqları vardır. Kompleksin baş kilsəsini 1214-cü ildə knyaz Vaxtanqın arvadı Arzu xatun tikdirmişdir. Uca günbəzi və əzəmətli həcmi ilə bütün kompleksin dominantı olan Arzu xatun məbədi Qafqaz Albaniyasının xristian memarlığının şah əsərlərindəndir. Ehtimal edilir ki, kilsənin interyerindəki freskaları Arzu xatun və onun qızları işləmişlər.
 
Kilsənin qərb və şimal baştağları daş üzərində incə oyma naxışlarla bəzədilib. Kompleksin əsas dini hissəsi plan və kompozisiyası ilə fərqlənən bir-birinə bitişik 7 həcmdən ibarətdir.
Kompleksin əsas binası Böyük Həsən kilsəsidir. Dini binalardan cənubda isə, yamacda mülki tikililər, eləcə də saray, yaşayış və təsərrüfat binaları yerləşir. Kompleksə daxil olan binalar çoxəsrlik inşaat mədəniyyətini, orta əsr Azərbaycan xristian memarlığının müxtəlif tiplərini dolğun nümayiş etdirir. Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qalmışdır. Onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. bu abidəni ucaldanların etnik mənsubiyyətinin — türklüyünün dəqiq göstəricilərindən biri sayılmalıdır. Bu abidənin çoxsaylı oyma daş bəzəklərində Azərbaycanın müsəlman memarlığı ilə birbaşa bağlılıq da aydın hiss olunur.
Hazırda erməni işğalı altında olan alban Xudavəng monastır kompleksini erməni tədqiqatçıları erməni abidəsi kimi təqdim etməyə çalışırlar.
İstisu
Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarında yerləşir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.
İstisuda müalicə-istirahət zonasının yaranması Sovet hakimiyyəti qurulduqdan sonra 1925-ci ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. 
Kəlbəcərdəki İstisuyun kimyəvi analizi ilk dəfə 1927-ci ildə aparılıb. Kurort tikililəri isə 1920-ci illərin sonlarından inşa edilməyə başlanmışdır. 1951-ci ildə Yuxarı İstisuda vannalar və kurort xəstəxanası, mehmanxana tikilmişdir.
Sanatoriya 1993-cü il aprel ayına – Kəlbəcərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinə qədər fəaliyyət göstərmişdir.
 
Kəlbəcər Tarix Diyarşünaslıq Muzeyi
Kəlbəcər tarix-diyarşünaslıq muzeyi 1982-ci ildə yaradılmışdır. Muzeyin həyəti 900 kvadratmetrdən artıq olub. Muzey eksponatları bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan zəngin bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib. Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, Bəbir və Çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü At və Qoç heykəlləri nümayiş etdirilirdii. Mütəxəssislər Kəlbəcər tarix-diyarşünaslıq muzeyini həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırırdılar. O vaxtlar Bolqarıstan, Hindistan, Çin, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və bir çox başqa ölkələrin 150-dən çox alimi Kəlbəcər muzeyinin eksponatları ilə tanış olub, orada araşdırmalar aparmışdılar. 
Kəlbəcər tarix-diyarşünaslıq muzeyi 1993-cü ilin aprel ayına qədər fəaliyyət göstərmiş, həmin vaxt Ermənistan ordusu tərəfindən məhv edilmişdir. Onun eksponatlarının böyük əksəriyyətini xilas etmək mümkün olmamışdır.
Lev Qalası
Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lev qalasıdır. Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə meşəli uca dağ belində salınmışdır.
Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq olur. Qalanın içərisinin uzunluğu 90 metrə yaxın, eni 3,5 -4,0 metr arasındadır. Onun içqalası qala ərazisinin hündür cənub-qərb küncündə yerləşir. Qalanın divarları bir neçə yarımdairəvi bürclə möhkəmləndirilmişdir. Tək qala qapısı isə iki dairəvi bürc arasında yerləşir. Qala divarlarının orta qalınlığı 1,3 metrdir. Qala içərisində tikinti xarabalıqları, qaya içində qazılmış su tutarları, ərzaq yerləşgələri və s. qalmışdır. Lev qalası çevrəsindəki dağlarda mövcud olan gözətçi qüllə və kiçik peyk qalalar sisteminə daxil idi. Bu dağlardan biri onun zirvəsində olan qalanın funksiyasına uyğun adını saxlamışdır — Qaravul dağı. Qaravul dağından isə başqa bir qala- Comərd qalası görünür. Lev qalası XIII—XIV yüzilliklərin abidəsidir.
Hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
Şahmat Məktəbi
SSRİ dönəmində kifayət qədər məşhur olan bu şahmat klubu 1950-ci ildən istifadəyə verilmişdir. Fəaliyyət göstərdiyi dövrlərdə bu məktəbdə çoxsaylı idman yarışları, görüşlər və tədbirlər keçirilmişdi. Kəlbəcər rayonu 1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra şahmat məktəbinin binası tamamilə dağıdılmışdır.

Məlumatlar bir sıra kitab və saytlardan götürülmüşdür.

Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron layihədə toplanılmış materiallarda dünyaya özlərini mədəni xalq kimi göstərməyə çalışan ermənilərin əsl simaları əyanı şəkildə görünür.

Mənbə : www.armenianvandalism.az

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev