ERMƏNİ VANDALİZMİ:
________________________________

Əsirlikdə olan Azərbaycan abidələri

1/1

Xocavənd rayonu-Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın Qarabağ silsiləsinin cənub-şərq hissəsində yerləşir. Sahəsi 1460 km2, əhalisi 42 100 nəfərdir (01.01.2011). İnzibati mərkəzi Xocavənd şəhəridir. Rayonun ərazisi 2 oktyabr 1992-ci il tarixindən erməni silahlı qüvvələrinin işğalı altındadır.
Rayona Xocavənd şəhəri, Hadrut, Qırmızı Bazar qəsəbələri və Əmiranlar, Heşan, Axullu, Dolanlar, Binə, Qaradağlı, Böyük Tağlar, Salakətin, Kuropatkino, Arpadüzü, Muğanlı, Cəmiyyət, Ağkənd, Xanoba, Xocavənd, Kiş, Tağaser, Qırmızıqaya, Edişə, Vəng, Dağdöşü, Qaçbəyli, Şəhər, Şıx Dursun, Mavas, Azıx, Zoğalbulaq, Aragül, Daşbaşı, Mülküdərə, Cilən, Bünyadlı, Gavahın, Ağbulaq, Binədərəsi, Sor, Qarqar, Zavadıx, Xərxan, Bulutan, Xırmancıq, Məlikcanlı, Güneyxırman, Güneyçartar, Quzeyxırman, Quzeycartar, Qağartsi, Qarıtəpə, Dərəkənd, Şahyeri, Qarakənd, Yemişcan, Günəşli, Quşcular, Kəndxurd, Müskapat, Quzumkənd, Qarəzəmi, Tuğ, Susanlıq, Ataqut, Ağdam, Köhnə Tağlar, Ağcakənd, Mirikənd, Avdur, Çaylaqqala, Arpagədik, Petrosaşen, Çıraquz, Məmməddərə, Tsakuri, Yenikənd, Çörəkli, Edilli, Düdükçü, Ağbulaq, Sos, Cütcü, Tağavard, Çağadüz, Zərdanaşen, Xətai kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 20 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar uşaq müəssisəsi, 20 klub, 19 kitabxana, 4 xəstəxana, 7 başqa tibb müəssisəsi fəaliyyət göstərmişdir.
İşğaldan əvvəl rayonda tarixi-arxeoloji və memarlıq abidələri, о cümlədən qədim Azıx mağarası (təqr. 1,2 min. il əvvəl), qalalar (l-VIII əsrlər), alban məbədi (X əsr), türbə (XIII əsr) və s. mövcud olub.

Amaras monastır kompleksi


Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş Amaras şəhərinin xarabalıqları eyniadlı çayın sağ sahilində Cütcü kəndi ərazisində qalmaqdadır. Tarixi məlumatlara görə IV əsrdə Amarasda ilk xristian məbədi tikilmiş və burada Alban yepiskoplarından biri dəfn edildiyindən ziyarətgaha çevrilmişdir. Həmin qəbir indi Amaras kompleksindəki kilsənin altarı altındakı sərdabədə qalmışdır. Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar etmişdir. Amaras monastır kompleksi IX əsrdə tikilmiş və sonrakı yüzillərdə dəfələrlə təmir və əlavələr edilmişdir. Bu kompleks indiki görkəmini XIX əsrdə almışdır.
Amaras monastırı düzbucaq planlı olub küncləri dairəvi bürclərlə möhkəmləndirilmişdir. Onun həyətini dövrələyən qala divarları boyunca hücrələr, yaşayış və təsərrüfat otaqları tikilmişdir. Monastırın təsərrüfat hissəsi əlavə otaq sırası ilə kilsə həyətindən ayrılmışdır. Monastırın qala divarlarına əlavə möhkəmlik verən bu otaq və yerləşgələr qaba daşlardan, arxivoltları isə yaxşı yonulmuş daşlardan tikilmişdir. Monastırın həyətinə giriş qapısı cənub divarın qərb qurtaracağındadır.
Kompleksin baş tikilisi olan kilsə həyətin ortasında ucalır. Kilsənin giriş qapısı qərb tərəfdədir.
Amaras kilsəsinin ikienişli dam örtüyünün qərb ucunda altı sütunlu zəng rotondası qoyulmuşdur.
Kilsənin bütün fasadları yaxşı yonulmuş daş lövhələrlə üzlənmişdir. Sadə və aydın memarlıq obrazı olan Amaras monastır kompleksi Qafqaz Albaniyasının — Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılır.
Hazırda Amaras monastırı kompleksi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1/3

1/5

Azıx mağarası


Azıx - Azərbaycan ərazisində ən böyük karst mənşəli mağaradır. Xocavənd rayonunda 900 m hündürlükdə yerləşir. Burada bir-birilə əlaqəli olan 6 otaq vardır. Paleolit dövrünə aid olan bu nadir obyektin öyrənilməsinə Azərbaycan alimləri 1960-cı ildən başlamışlar. 1968-ci ildə burada ibtidai insanın alt cənə sümüyü aşkar edilmişdir. Həmin tapıntının 350 min il (Aşel dövru) tarixi vardır. Dünyada bu, üçüncü belə tapıntıdır. Qazıntılar zamanı aşkar edilmiş on mədəni qat ibtidai insanın Azıx mağarasında uzun müddət ərzində yaşadığını təsdiqləyir. Burada yaşayan ibtidai insanlar yığıcılıqla, ovçuluqla və balıqçılıqla məşğul olmuşlar. Qazıntılar zamanı tapılmış ocaqlarda böyük miqdarda kül və kömür tapılmışdır. Azıx mağarası əyani şəkildə insanın Azərbaycanda 1 milyon il öncə yaşadığını təsdiqləyir.
Azıx mağarası hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Ermənilərin hazırda “Azox” adlandırdıqları bu mağarada Ermənistan Elmlər Akademiyasında çalışan arxeoloqlar “tədqiqat” aparır, “ən qədim erməninin” burada yaşadığını “sübut etməyə” çalışır.

Tağlar mağara düşərgəsi


Tağlar mağara düşərgəsi Xocavənd rayonu ərazisində Mustye mədəniyyətinə aid ən möhtəşəm mağara-düşərgədir, özünün maddi-mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə mühüm yer tutur. Mağara Quruçayın sol sahilindədir. 1963-cü ildən Tağlar Mustye düşərgəsində Paleolit arxeoloji ekspedisiyası arxeoloji qazıntı işləri aparmışdır. Qazıntı nəticəsində 7000-dən çox daş alət, 2000-dən çox heyvan sümüyü tapılmışdır. Tağlar düşərgəsi çöküntülərində 6 mədəni təbəqə aşkar edilib. Bütün Qafqaz və Yaxın Şərq abidələri içərisində Tağlar yeganə abidədir ki, burada yaşayış daimi olub.

Xocavənd rayonu

Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron layihədə toplanılmış materiallarda dünyaya özlərini mədəni xalq kimi göstərməyə çalışan ermənilərin əsl simaları əyanı şəkildə görünür.

Mənbə : www.armenianvandalism.az

            Copyright  © 2019        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev